Quliyeva A.

 

“Fokus” kinojurnalının daha bir sayı işıq üzü görüb

 

Azərbaycan kino tarixində ilk və hələlik yeganə analitik kino jurnalı sayılan "Fokus" yenidən oxucularla görüşə gəlib. Jurnalın bu sayında Oqtay Mirqasımov Şamil Nəcəfzadənin müsahibələri, kinorejissor Şamil Əliyevin "Arxaik motivlər" kinossenarisi çap olunub. "Azərbaycan - Vətən yoxsa, ərazi? Xalq, yoxsa kütlə?" başlığı altında polemikanın iştirakçıları Zərdüşt Əlizadə, Rauf Mirqədirov, Şahbaz Xuduoğlu, Şeyx Əbdül Mahmudbəyov, Seymur Baycan müasir Azərbaycan cəmiyyətinin aktual problemlərini müzakirə ediblər. Azərbaycan dilində kino dərsliklərinin praktiki olaraq yoxluğunu nəzərə alsaq, jurnalın kino fakültəsinin tələbələri üçün əhəmiyyəti bir daha aydınlaşar.

Jurnalın təsisçisi Gənc Film İstehsalçıları Assosiasiyasının sədri Əli İsa Cabbarovun söylədiyinə görə, Azərbaycan kinosunda "informasiya məkanının" yaranması çox vacib amillərdəndir. Odur ki, jurnal həm bu funksiyanı yerinə yetirməyə çalışır". Qeyd edək ki, "Fokus"un ilk nömrəsi kino peşəkarları tərəfindən maraqla qarşılanıb. Kinorejissor Ayaz Salayev jurnalın MDB məkanında yayılması üçün onun həm rusca nəşrini vacib sayıb.

Jurnalda Sevda Sultanova, Aygün Aslanlı, Vəfa Cəfərova, Vüsal Məmmədov, Günel Əliyeva və başqa müəlliflərin də yazıları yer alıb. "Fokus"un təsisçilərindən olan kinorejissor Asif Rüstəmov jurnalın kinoşünaslığın kino nəzəriyyəsinin inkişafı baxımından da əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Bu nəzərdən Teymur Daiminin "Bəs kino olubmu?" məqaləsi Azərbaycan kino tarixinə yeni rakursdan baxmağa kömək edə bilər.

Jurnalı Bakı Metropoliteninin və "Qasid" mətbuat yayımı şirkətinin köşklərindən əldə etmək olar.

525-ci qəzet.- 2008.- 1 noyabr.- S. 23.