Mürvətqızı S.

 

Ayan Mirqasımova: “Mən hələ öz rolumu oynamamışam”

 

Tanınmış aktrisa, respublikanın əməkdar artisti Ayan Mirqasımla görüşməkdə məqsədimiz ondan qəzetimizin "Gənc tanınmışlar özləri haqqında" rubrikası üçün müsahibə almaq idi. Lakin Ayan xanımın "Yaş kriteriyasından yanaşanda gənc deyiləm, bu rubrikaya müsahibə versəm, məni yaşımı qəsdən azaltmaqda qınayarlar. Şəxsi suallar istisna olmaqla, rubrikadankənar müsahibəyə hazıram" arqumenti ilə razılaşmaya bilmədik.

- Söhbətimizə elə kinoya gəlişinizdən başlayaq. Bu sənəti seçməyinizdə öz həvəsinizin, yoxsa atanızın rolu daha çox oldu?

- Bu suala cavab vermək çox çətindir. Beş yaşım olanda atam məni Şamaxıya çəkiliş meydançasına aparıb. Həmin vaxt "Min birinci qastrol" filmi çəkilirdi. Atam bizi baxmağa aparmışdı. Dahi Rəşid Behbudov da filmin baş qəhrəmanı idi. Qəfildən laləlikdə balaca bir uşağın gülə-gülə əl etməsi kadrı lazım oldu. Mənə milli geyim geyindirib başa saldılar ki, sevincək, şən halda obyektivə əl eləməliyəm. Ancaq çəkiliş qrupu məndən uzaqlaşan kimi ağlamağa başladım. Qorxumdan yanaqlarımdan sel kimi yaş axırdı. Kadr çəkilməyə başlayanda məni gözlərim ağlamaqdan qızarmış və şişmiş halda lentə aldılar. Bu mənim obyektivə ilk baxışım idi. Deyə bilmərəm ki, səhnəyə gəlişim atamın, özümün, yoxsa taleyin seçimi olub. Bəlkə də bu, taleyin işidir. Mənə elə gəlir ki, hər kəsin peşəsi birbaşa onun taleyi ilə bağlıdır. Uşaq olanda evimizə atamın dostu Azər Paşa Nemət gəlirdi. Onda mən "ev teatrı" hazırladım. Şeir oxudum, oynadım. Azər Paşa müəllim atama dedi ki, onu səhnəyə çıxarmaq lazımdır. Sonra mən xoreoqrafiya məktəbində təhsil almağa başladım. Bir dəfə məktəbə gəlib "Təkcə adanı özünlə apara bilməzsən" filminə çəkmək üçün qızlar seçirdilər. Bu mənim kinoda ilk böyük rolum idi. O zaman cəmi on yaşım vardı. Həmin vaxt mən mərhum rejissor Gülbəniz Əzimzadə ilə tanış oldum, o mənim üçün qiymətli şəxs idi. Sınaqda üç qız iştirak edirdi. Mən də onlardan biri idim. Mən sınaqdan keçdim və rola təsdiqləndim. Üç ay tək, valideynlərsiz, Xəzərdəki adalarda çəkilişlərdə oldum.

Tale elə gətirdi ki, illər sonra həmin filmdə kinooperator olan Hüseyn Mehdiyevlə yollarımız yenə birləşdi. Sonra Hüseyn müəllim rejissor oldu və məni "Özgə vaxt " filminə baş rola dəvət etdi. Bəlkə də bu peşə özü məni seçib. 10 yaşında uşaq necə fikirləşərdi ki, gələcəkdə aktrisa olacaq. Aktrisalıq çox çətin peşədir, indi bunun fərqinə varıram, onda isə bundan xəbərsiz idim. Atam mənə aktrisa olmaq üçün nəinki mane olurdu, hətta istəyirdi ki, mən bu sənətin ardınca gedim. Sonra Gülbəniz xanım məni yenidən çəkdiyi filmlərə dəvət etdi. "Avqust gələndə", "Ötən ilin son gecəsi" filmlərində rol aldım. Sonralar da baş rollara dəvət aldım. Məktəbi qurtaranda peşə seçmək vaxtı gələndə mən istər-istəməz aktrisalığın üzərində dayandım. Bu, bəlkə də taleyin ironiyası idi. Orta məktəbi və xoreoqrafiya kursunu bitirdiyim il peşə seçimi qarşısında qaldığım vaxt tanınmış rus aktyoru Aleksey Batalov Ümumittifaq Kinematoqrafiya İnstitutuna aktyor kursu keçmək üçün gənclər toplamaq məqsədilə Bakıya gəldi. 15 nəfər gənc seçib Moskvaya aparmaq istəyirdi. Belə bir kurs son dəfə Matveyevin rəhbərliyi ilə yığılmışdı. Matveyevin kursunu bir çox aktyorlarımız, o cümlədən də Həmidə Ömərova bitirmişdi. Sonra qəbul imtahanında mən münsiflər heyətində əyləşən Həmidə Ömərovanın, Batalovun gülümsər sifətlərini gördüm və qətiyyən sıxılmadım. Şeir oxudum, rəqs etdim. Batalov dedi ki, hə, bizim adamsan. Mən ilk turdan keçdim, sonrakı mərhələni keçməsəydim də, adım qəbul olunanların siyahısına daxil edildi. Beləcə, Moskvaya oxumağa getdim. Filmlərə çəkiləndən sonra "Pioner" jurnalında mənim şəklim, rolum haqqında yazılar yazıldı. Keçmiş Sovet İttifaqının müxtəlif yerlərindən mənə uşaqlar məktub yazır, mənimlə dost olmaq istədiklərini bildirirdilər. Əlbəttə, o vaxt bunlar hamısı mənə xoş gəlirdi və onda aktrisalığın bu qədər çətin peşə olduğunu təsəvvür etmirdim. Bəlkə də Batalov onda gəlməsəydi, mənim taleyim başqa cür müəyyənləşərdi...

- Bəs buna qədər ürəyinizdən hansısa digər peşənin sahibi olmaq keçmişdimi? Axı siz məşhur həkim nəslinin nümayəndəsisiniz...

 - Düzünü desəm, ürəyimin dərinliyində həkim olmaq arzusu vardı. Həmin vaxt Tibb Universitetində "Çinar" adlı rəqs qrupu fəaliyyət göstərirdi. Qrupun rəhbəri Əminə Dilbazi də mənə həkim olmağı, sonra da təhsil ala-ala rəqs qrupunda çıxış etməyi təklif etmişdi. Həkim olmaq arzumun əsas səbəbi də yəqin ki, babalarımın, nənəmin həkim olması idi. Mən ətrafımda çoxlu tanınmış həkimlərin olmasından həvəslənmişdim. Lakin aktrisa oldum. Yəqin ki, qismətimə bu yazılıbmış.

- Baş rolları oynamaq üçün aktrisaya ilk növbədə nə lazımdır?

- İlk növbədə, yaxşı kino məktəbi keçməlisən. Peşə təcrübəsi ilə yanaşı mütləq həyat təcrübəsi də olmalıdır. Çəkildiyim filmlərdə əvvəllər sadəlövh, lirik rollar oynamışam. Yəni psixoloji rollar oynayana qədər kifayət qədər təcrübə toplamışdım. Bütün bunlar bir yana, yəqin ki, həm də bəxtim gətirdi: məhz professionallığımın, dünyagörüşümün püxtələşdiyi vaxtda, hər cəhətdən hazır olduğum dönəmdə mənə baş rol həvalə etdilər. Mən peşəkarlıq yolunda qazandıqlarımı filmlərdə baş rola çəkilməklə müəyyən qədər realizə edə bilmişəm. Bunu xüsusilə yaxın vaxtlarda ekrana çıxan "Günaydın, mələyim" filminə aid edirəm. Bəlkə də filmin uğurlu alınmasının başlıca səbəbi mənim həyatımın lazımi məqamına təsadüf etməsi oldu.

- Yaşadığınız rollardan hansı ruhunuza, xasiyyətinizə daha yaxındır?

- Deyə bilmərəm ki, oynadığım baş rolların hansısa biri mən olmuşam. Onların heç biri mən deyiləm. Hardasa bəzi rollarda ola bilər ki, müəyyən ştrixlər xarakterimlə uyğunluq təşkil edib, amma bütünlükdə mən olmamışam. Aktrisa materialı işləməyə başlayanda rejissorun cızdığı obrazı oynamalıdır. Hər rejissorun filmə, obraza öz baxışı olur. Fikirləşirəm ki, atam ssenarilərini - həm "Ovsunçu"nu, həm də "Günaydın, mələyim"i yazanda sanki yaratdığı obrazlarda özünü görüb. Mən adını çəkdiyim hər iki filmdəki obrazları oynamaq üçün mütləq atamın artıq müəyyənləşdirmiş olduğu portreti yaratmışam. Həmin obrazlar mənə oxşar olmasa da, elə təsəvvür etmişəm ki, bunlar mənəm. Bu mənim peşəmin xüsusiyyətidir. Əlbəttə, oynadığım rol mənim də mətbəximdən keçir. Hardasa xarakterimdən nəyisə ona hopdururam. "Günaydın, mələyim"də Mədinənin məmurun, teatrın direktorunun kabinetinə daxil olduğu, mübarizə apardığı, təslim olmadığı, haqq, ədalət axtarışına çıxdığı kadrlarda rolu olduğu kimi verə bilmək böyük məsuliyyət idi. Çünki mən həyatda bu rol kimi mübariz, inadkar deyiləm. Qapalı insanam, heç vaxt öz yerim, haqqım üçün mübarizə aparmıram. Elə insanlar var ki, onlar öz talelərini müəyyən qədər idarə etməyə nail olurlar. Mənim kimilər isə axınla üzürlər. Mən qəzavü-qədərə, alın yazısına inanıram. Fikirləşirəm ki, nə olmalıdırsa, olacaq, bunun qarşısını almaq mümkün deyil. Nəyisə dəyişdirməyə cəhd eləmirəm. Mən sadəcə idealistəm, nəzəriyyəçiyəm, romantikəm, bu günlə yaşayan adamam, sabah nə olacağını fikirləşmirəm. Zənnimcə, Tanrı insana nə göndərirsə, nə bəxş edirsə, ona qane olmalıdır. Oqtay Mirqasımın qəhrəmanları isə həmişə həqiqət axtarışındadırlar. Bu baxımdan mən Mədinə ola bilmərəm. O, daha çox xaraktercə ssenarinin müəllifinə bənzəyir. Atam həmişə ədalət axtarışında olan, onun uğrunda mübarizə aparan şəxsdir. Qeyd edim ki, ssenari, ideya çox güclü idi.

- Belə anlaşılır ki, məhz Ayan Mirqasımın xarakterini əks etdirən rolunuz olmayıb?

- Yox, olmayıb. Ancaq çox istərdim ki, belə bir rolum olsun.

- Xarici filmlərə dəvət almısınızmı?

- Bir rus-belorus layihəsi vardı, orada rol almışdım. NTV kanalında bir teleserialda uşağını müharibədə itirən çeçen anası rolunu oynamağı təklif etmişdilər. Çox yaxşı rol idi. Serialda çəkilmək üçün razılaşdım, çünki ssenari ilə tanış olanda orada islam dininə olan hörməti, müsbət münasibəti hiss etdim, buna görə də cavabım müsbət oldu. Mən orada rus əsgərinə Qurani-Kərim verən, ona namazı öyrədən alicənab bir qadının obrazını yaratdım.

- Bir aktrisa olaraq necə filmlər zöqünüzə uyğun gəlir?

- 60-70-ci illərin Avropa kinosunu çox sevirəm, ruhuma çox yaxındır. Həmin vaxtlar Fransa kinosunda yeni cərəyan meydana gəlib. İndinin özündə də "400 zərbə" filmi məni heyrətləndirir. Bu film dəyərli ideyası ilə məni son dərəcə sarsıdan bir ekran əsəridir. Əksər aktyorlardan fərqli olaraq Hollivud kinosunun pərəstişkarı deyiləm.

- Sizə teatr səhnəsi daha doğmadır, yoxsa çəkiliş meydançası?

- Hərəsinin həyatımda öz yeri var. Rus Dram Teatrı yenicə təmirdən çıxıb, burada aktyorların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Təmirdən sonra teatr simasını dəyişib, buranın indi həm repertuarında, həm də zahiri görünüşündə bir kübarlıq sezilir. Teatr daha dramatik, daha sanballı və təmtəraqlı olub. Biz də teatrımızın obrazını qorumaq üçün məsuliyyət daşımalıyıq. Yüngül şouları yığışdırıb daha ciddi, klassik dram əsərlərinə üstünlük verməliyik. Bu teatr estrada, şou üçün deyil, düşündürmək üçündür. Repertuarımızda ciddi dramlar var. Məhz onlar tamaşaçı tərəfindən razılıqla qəbul olunur, baxılır. Ona görə bu teatrda özümü çox rahat hiss edirəm. İndi teatrda ən sevimli rolum olan Şekspirin "On ikinci gecə"sində qrafinya Aliviya rolunu hazırlayıram. Eyni zamanda çəkiliş meydançası da mənə doğmadır. Zənnimcə, gəncliyində kinoya çəkilmək çox yaxşıdır. Bu sahədə bəlkə də məni bəxti gətirən aktrisa hesab etmək olar. Teatrda oynamaq üçünsə yaş və peşə təcrübəsi vacib şərtdir.

- Özünüzü kinoda tam realizə etmisiniz?

- Mən hələ tam mənada öz rolumu oynamamışam. Hansı yaradıcı şəxs deyirsə ki, özünü tam realizə edib, deməli, durğunluq mərhələsindədir, tükənmək üzrədir. Hər rola hazırlaşanda elə təsəvvür edirəm ki, sənətə yeni başlayıram. Özümdə dərin məsuliyyət hiss edirəm.

- Kliplərə də çəkilirsiniz, lakin bununla belə özünüzü şou-biznesin "cazibəsindən" qoruya bilmisiniz..

- Mən bir neçə klipdə çəkilmişəm. Onların içərisində xalq artisti Faiq Ağayevin mahnısına çəkilən "Ömür bumu" xüsusilə xoşuma gəlir. Klipin rejissoru Ülviyyə Könül süjeti danışanda ssenarini bəyəndim. Bu klipdə, demək olar ki, mini kino yarandı. Kliplərə çəkilmək o demək deyil ki, şou-biznesə qatılmalıyam. Bu zaman da mən yalnız aktrisa kimi öz işimi görürəm. Mərhum Barat Şəkinskayanı çox sevirdim, onunla Rus Dram Teatrında dəfələrlə görüşürdüm, telefonla danışırdım.

Söhbətlərimizin birində Barat xanım söylədi ki, Mehdi Məmmədov bir dəfə deyib, aktyoru bazarda görməməlidirlər. Tamaşaçı ilə aktyor arasında pərdə olmalıdır. Aktyor tamaşaçı üçün sirli olmalıdır. Tamaşaçı yalnız bu zaman teatra gəlib tamaşaya baxacaq. Bu söhbətdən sonra sanki Barat xanımdan dərs götürdüm. Ona görə də şou-biznesdən uzaq durmağa çalışıram. Məni hərdən hansısa verilişə çağırırlar ki, necə yemək bişirirsən, necə makiyaj edirsən, bunu efirdə göstər, razılaşmıram. Şou-biznesin nümayəndələri üçün tez-tez görünmək, göz qabağında olmaq lazımdır. Çünki onlar bütün ömrü boyu bir obrazı yaradırlar. Amma aktrisa bir neçə obrazı yaradır. Ona görə də hər dəqiqə imici dəyişmək olmaz. Rejissor aktyoru kağız kimi görməlidir ki, ona istədiyi rolun şəklini çəkə bilsin.

- Bəlkə sonda belə gənc qalmağınızın sirrini oxucularımızla bölüşəsiniz?

- (Gülür). Ola bilsin, bu, genetika ilə bağlıdır. Bəlkə də anama bənzəmək istəyimdən irəli gəlir. Anam çox işıqlı insandır, heç kimə kin bəsləmir, hamını bağışlayır, ürəyitəmizdir, insanları sevir, heç nədən narazı deyil. Yəqin ki, gənc qalmaq həm də insanın daxili aləmi ilə bağlıdır. İnsanın daxili dünyası saf, mənəviyyatı işıqlı olanda, yəqin ki, gec qocalar.

 

525-ci qəzet.- 2008.- 15 noyabr.- S. 22.