Mürvətqızı S.

 

Kino xadimi Ceyhun Mirzə­ye­vin xatirəsi anılıb

 

Muzey Mərkəzində unudulmaz sənətkar, kino aktyoru və rejissor Ceyhun Mirzəyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Dövlət Film Fondunun təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə C.Mirzəyevin həyat yaradıcılığından bəhs edən fotosərgiyə baxıblar. Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə Ceyhun Mirzəyevin həyat yaradıcılıq yolu barədə iştirakçılara ətraflı məlumat verib: "Ceyhun 1970-ci ildə indiki Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. Hələ tələbəlik illərində o, rejissor köməkçisi, rejissor assistenti işləyib, 1985-ci ildə rejissor Vaqif Mustafayevlə birlikdə "Bəyin oğurlanması" kinokomediyasını çəkib. Onun rejissor kimi ilk müstəqil işi "İşarəni dənizdən gözləyin", son filmi isə "Fəryad" olub. Bu filminə görə ölümündən sonra bir sıra mükafatlara layiq görülüb".

C.Mirzəyev aktyor kimi daha geniş fəaliyyət göstərib. O, 20-dən artıq filmə çəkilib. Lakin aktyora ən çox şöhrət gətirən "Ögey ana" filmində ifa etdiyi balaca İsmayıl obrazı olub.

A.Kazımzadə qeyd edib ki, Azərbaycan kino tarixində özünəməxsus yeri olan C.Mirzəyevin uşaqlıq illəri qeyri-adi keçib: "Kinorejissor Tofiq Tağızadə televiziyada "Sizin üçün, məktəblilər" verilişində onu görəndən sonra "Görüş" filminə dəvət edib. Ceyhun o vaxtdan ömrünün axırınadək həyatını milli kinomuzla bağlayıb".

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Eldar Dadaşovun ifasında kino üçün dəyərli musiqilər yazmış görkəmli bəstəkar Tofiq Quliyevin mahnıları səslənib.

525-ci qəzet.- 2008.- 20 noyabr.- S. 7.