Səlimqızı C.
“Əcəl aldı, yer
gizlədi...”
1000 yaşlı “Dədə
Qorqud”un 70 yaşı tamam oldu
Ad günlərində
telefon açıb quruca təbrikə də ehtiyat edərdik.
Çünki qəribə xasiyyəti vardı, heç vaxt
doğum tarixlərini sevməzdi. Ad günlərini,
yubileylərini adi günlərdən biri kimi yola salardı.
Soruşanda da deyirdi ki, "əşi, günlər
arasında ayrı-seçkiliyin nə mənası var, onsuz
da bir gün yaranan, bir gün köçünü
çəkib bu dünyadan gedəcək də". Elə
rəhmətə gedənlərin də
ildönümlərini qeyd etməyin əleyhinə idi. Deyirdi
ki, ölən şəxslərin ölüm tarixlərini
xatırlamağın mənası yoxdur.
Bəlkə də siz
haqlıydınız, amma sözlərinizin
özünüzə qətiyyən aidiyyəti yox idi. Özünüz
də gözəl bilirdiniz ki, siz sıradan bir insan deyilsiniz
və Tanrının bəxşişi olan istedadınızla
elə sağlığınızda ikən ölməzlik
zitvəsinə yüksələnlərdən idiniz. Axı
siz həm də təkcə Həsən Məmmədovun
ömrunü yaşamırdınız, bizim üçun
sız həm Qaraş idiniz, həm Murad, Oqtay, Bəxtiyar,
həm də Abbasqulu bəy... Hansı birini sayım, ən
əsası min illərdən bəri əlində qopuz
başımız üstə ağsaqqallıq edən və
özümüz üçün ölməzlik simvolu
saydığımız Dədəm Qorqud idiniz. Nə olsun ki,
əcəl alıb, yer gizlədi, filmlərimizin ki,
həmişəyaşar aktyorusunuz. Bu gün isə
yubileyinizdir, Həsən müəllim, 70 yaşınız
mübarək! Aktyor dostlarınız da sizi təbrik edir.
Həsən
səxavətli oğlan idi...
Sənət dostları da Həsən Məmmədovun yoxluğunu heç cür qəbul edə bilmirlər. İncəsənət İnstitutunda onunla eyni kursda təhsil alan xalq artisti Rafiq Əzimov tələbə yoldaşını xoş xatirələrlə yada salır: "Elə aktyor var istedadlıdır, amma insanlığı yoxdur. Həsəndə isə bu iki məfhum vəhdət təşkil edirdi. Gözəl aktyor idi, buna söz yox; boy-buxun, əzəmətli səs, yeriş-duruş. Üstəgəl də anadangəlmə istedad. İnsanlığına gəlincə, Həsən dostcanlı adam idi. Dostları yolunda canından belə keçərdi. Həm də ailəcanlı idi, övladlarına, ailəsinə hədsiz bağlıydı. Bir də görürdün, hansısa məclisdə oturmuşuq, şirin çörək yediyimiz yerdə ayağa qalxırdı ki, gedim evə telefon edim, görüm uşaqlar neyləyir. Deyirdik əşi, onsuz da axsam evə qedəcəksən də. Kimə deyirsən, uşaqlardan hal-əhval tutmamış boğazından çörək keçməzdi".
Rafiq Əzimov deyir ki, Həsən Məmmədov uzun illər şəhərdə yaşasa da, kəndə, soykökə bağlı insan olub: "Həsənin anası ayda bir-iki dəfə kənddən onu yoluxmağa gələrdi. Həmişə də gələndə özü ilə təndir çörəyi, toyuq qızartması gətirərdi. Kənddən gələn payın üstündə dava salardıq. Amma Həsən səxavətli oğlan idi, elə axıracan da bu xüsusiyyətini qoruyub saxladı. "Yeddi oğul istərəm" filmində bizim qayğımıza necə qalırdısa, həyatda da eləcə mehriban, nəvazişkar idi".
"Dünya kinosunu
şoka salardı..."
Kinorejissor, aktyor
Əbdul Mahmudbəyli Həsən Məmmədovun həm
insani keyfiyyətlərindən, həm də
sənətkarlığından danışdı:
"Azərbaycan kinosunun Ələsgər Ələkbərovu,
Nəcibə Məlikovası, Həsən Turabovu, Rasim Balayevi
var, amma heç kim məndən inciməsin, Vyaçeslav
Tixonov rus kinosu üçün, Marlon Brando isə Amerika kinosu
üçün necə əvəzolunmaz idisə,
Həsən Məmmədov da mənim üçün bir o
qədər əlçatmazdır. Qəfəsləri
sındırıb beynəlxalq arenaya çıxsaydı,
Həsən bütün dünya kinosunu şoka salardı. Çünki
Həsənin antropoloji imkanları, özünəməxsus
sənət sirri çox yüksək idi".
Ə.Mahmudbəyovun dediyinə
görə, Həsən Məmmədov olduqca sakit insan olub. Dağda-daşda
çəkilişdə olarkən kimisi suzuzluqdan, kimisi aclıqdan
şikayətlənib "səsini başına atanda"
onun səsi də çıxmazmış: "Bununla belə
Həsən Məmmədovun yüksək tribunalarda
çıxış etməkdən, jurnalistlərə
müsahibələr verməkdən zəndeyi-zəhləsi
gedirdi. Məcburən belə hallarla
qarşılaşanda isə əzab çəkirdi.
Rəhmətliyin danışmaqla heç arası yox idi. Məclislərdə, tədbirlərdə, görüşlərdə ona söz veriləndə iki cümlə deyib sözünü bitirirdi. Bu xüsusiyyətini zarafatla onun üzünə vuranda cırnayırdı. Mənim onunla bu mövzuda məxsusi zarafatım vardı. Deyirdim Həsən, bəlkə sənə hazır mətn yazım, əzbərləyəsən? O da mənimlə məzələnirdi ki, Şeyx, mətn yazma, amma mən çıxış edəndə böyrümdə dayan rollarımı yadıma sal. Bir dəfə eləmədim tənbəllik, Qubada onunla görüş keçirilərkən durdum yanında. Dümsüklədim ki, filan rolunun da adını çək. Görüş başa çatan kimi qaçdım, o da mənim dalımca. Hirsi soyuyandan sonra barışdıq".
"Hollivud"dan
gələn aktyor
Aktrisa, xalq artisti
Nuriyyə Əhmədova isə "Həm ziyarət, həm
ticarət" filminin çəkilişləri zamanı
Türkiyədə qarşılaşdığı bir
olayı xatırlatdı: "Rəhmətlik həm də
cazibədar kişi idi axı. “Həm ziyarət, həm
ticarət”in Türkiyədə çəkilişləri
olanda bütün xanımların gözü onda idi. Hündürboy,
nurani çöhrə, çallaşmış saçlar...
Hamı elə bilirdi Hollivud aktyorlarındandtr. Bir
dəfə küçədə çəkiliş gedirdi,
çəkilişdən sonra bir dəstə qız-gəlin
üstümüzə axışıb ingilis dilində avtoqraf
istədilər, şəkil çəkdirdilər, “Hollivud aktyoru”nu yaxından
gördüklərinə görə xoşbəxt
olduqlarını söylədilər. Hər gün eyni
vəziyyət təkrarlanırdı, Həsən də
uğunub gedirdi gülməkdən. Zarafatla deyirdik ki, ay
Həsən, sənin
cazibən imkan vermir kimsə bizə də baxsın".
Altı il əvvəlin
söhbəti
Adətən aktyorlardan
soruşanda ki, indiyə qədər çəkildiyiniz
filmlər arasında sizə ən doğma olanı
hansıdır, ənənəvi cavabla qarşılaşırıq;
hamısı. Sizə də bır sualı
ünvanlamışdıq, düzdür, rollarınıza
ayrı-seçkilik qoymadınız, amma ruhunuza daha yaxın
bildiyiniz rolun adını çəkdiniz. Bu,
"Böyük dayaq" filmindəki Qaraş obrazı idi.
Deyirdiniz ki,
nədənsə Qaraşla özüm, gəncliyim
arasında bir oxşarlıq görürəm... "Elə
ki, çəkiliş vaxtı Qaraşın
paltarlarını gətirib mənə geyindirdilər,
güzgüdə özümə baxıb çaşdım.
Neyçünsə mənə elə gəldi ki,
bütün varlığı kənd havası ilə
yoğrulan bu qarabəniz oğlan eynən mənim həyatda
ikinci tayımdır. Talelərimizin
oxşarlığını deyə bilmərəm, hər
halda Qaraşla ruhumuz bir idi. Buna görə də rolu o
qədər sərbəst, təbii oynayırdım ki,
filmə çəkildiyimi belə unudurdum, Qaraşı sanki
həyatda yaşayırdım" - ad gününüzdə,
64 yaşın tamamında "zəif damarınızı"
tutub qəzetimiz üçün aldığımız
müsahibədə belə demişdiz.
Mərkəz.- 2008.- 22 noyabr.- S. 11.