Təranə

 

Rejissorluq üçün psixi hazırlıq lazımdır

 

Alina Abdullayeva 1981-ci ildə Ukraynanın Dnepropetrovsk şəhərində doğulub. Orta məktəbi bitirdikdən sonra 1998-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb və Mədəniyyət və İncəsənət Universitetinin "Ədəbi yaradıcılıq və ekran dramaturgiyası" fakültəsinə daxil olub. 1999-2002-ci illərdə onun hekayələri müxtəlif qəzet və jurnallarda dərc olunub. Alina paralel olaraq fotoqraf kimi çalışıb.

Magistraturaya daxil olandan sonra A.Abdullayeva rejissuraya həvəs göstərib. Hazırda o, ssenarist, prodüser və rejissor kimi fəaliyyət göstərir.

Bu il İtaliyada keçirilən "Salento Finibus Terrae-2008" beynəlaxlq qısametrajlı filmlər festivalında ölkəmizi Alina Abdullayevanın rejissoru və ssenari müəllifi olduğu "Çalış, nəfəs alma" filmi təmsil edib:

- Dünyanın müxtəlif ölkələrinin kinematoqrafçıları festivalda iştirak edirdi. Mən festivalın "Ən yaxşı qısametrajlı film" nominasiyası üzrə "Ən yaxşı rejissor" mükafatına layiq görüldüm. Bu, "Qran-pri"dən sonra əsas mükafatlardan biri sayılır. Festivalda həmçinin "Ən yaxşı film", "Ən yaxşı rejissor işi" və "Ən yaxşı aktyor" mükafatları da sahiblərini tapdı. Səhhətimlə əlaqədar olaraq özüm festivalda iştirak etmədim. Ancaq onlar mənə festivalın statuetkasını göndəriblər.

- Bu, filminizin qazandığı ilk beynəlxalq mükafat idi?

- 2004-cü ildə İsveçrənin İnkişaf Agentliyi - SDC tərəfindən maliyyələşdirilən AVANTI regional proqramında iştirak edərək rejissor kimi qısametrajlı layihə üçün qrant uddum. Proqramın əsas şərtlərindən biri o idi ki, vəsaitin yarısını öz ölkəndə tapa biləcəyin halda onlar da müəyyən məbləği ödəyəcəkdilər. Ssenarinin üzərində bir il işlədik.

Mədəniyyət və Turizm Nazirliyi ssenarini bəyəndi və vəsaitin 50 faizini verdi. Biz filmi vaxtında çəkdik. SDC üç ölkənin - Azərbaycan, Ermənistan və Gürcüstanın çəkdiyi filmləri DVD variantında hazırlayıb festivallara göndərir. Ancaq bu filmlər kommersiya məqsədilə nümayiş olunmur. Əsas məqsəd filmləri tanıtmaqdır. Ümumiyyətlə, qısametrajlı film daha çox festivallarda iştirak etmək üçün çəkilir. Bu filmlərdən kommersiya gəliri gözlənilmir. Biz də filmi əlimiz çatan festivallara göndərmişik. 2004-cü ildə filmin ssenarisi Berlin kino festivalının "Berline talent Camrus" proqramında iştirak etdi. 2006-cı ildə film Kinematoqrafçılar İttifaqının "Ən yaxşı debüt" nominasiyasında "Qızıl çıraq", həmçinin Azərbaycan Kinorejissorlar Gildiyasının təşkil etdiyi Beynəlxalq Audiovizual Festivalda "Ən yaxşı prodüser işi"nə görə mükafatlarını qazanıb.

- Siz həmçinin Qafqaz Kinematoqrafçılar Assosiasiyasının təsisçilərindən birisiniz. Bu qurum Qafqazda kinonun inkişafı üçün hansı işləri görür?

- Bu assosiasiya AVANTI proqramı başa çatandan sonra yarandı. Əsas məqsəd o idi ki, biz pərən-pərən düşməyib bu işi davam etdirək. Assosiasiya yeni proqramlar həyata keçirməyə çalışırdı. Bir neçə seminar keçirmişdilər. Eekspertlər tərəfindən prodüser, rejissor və ssenaristlərə öyrənmək üçün şans verilmişdi. Bu, çox böyük təcrübə idi. Etiraf edirəm ki, bu təcrübə mənə çox şey verdi. Avropada kinonun necə təqdim olunması, prezentasiyasının keçirilməsi, sinopsisin yazılması və s. bilirəm. Bu, sovet kino məktəbindən çox fərqli şeylərdir. Maliyyələşmə artıq qurtarıb və biz özümüz müstəqil assosiasiya kimi fəaliyyət göstəririk. Hazırda fəaliyyətimizi davam etdirmək üçün bizi maliyyələşdirəcək fondlar axtarırıq.

- Alman rejissoru Fayt Helmerlə film çəkmək ideyanız necə yarandı?

- Mən Faytla iki il bundan əvvəl Gürcüstanda keçirilən "Promotey" kinofestivalında tanış olmuşdum. O, Azərbaycanla, onun kino vəziyyəti ilə tanış olmaq istəyini, həmçinin layihəsini gerçəkləşdirmək üçün bir kənd axtardığını bildirdi. Fayt Azərbaycanda olarkən Şəkini və Lahıcı çox bəyəndi və bu haqda çəkdiyi sənədli filmdə "Nəhayət, istədiyim yeri tapdım" - deyə sevincini gizlətmədi. Ancaq Fayt dərhal gəlib filmi çəkmədi, ərazini müşahidədən keçirdi. Biz ilk olaraq "Xəzər gəlini" adlı qısametrajlı film çəkdik. Mən filmdə baş koordinator kimi iştirak edirdim. Kino məktəbindən, institutdan tələbələri yığmışdım. Film 3 gün ərzində çəkildi. Filmin rejissoru Fayt və Azərbaycanın tələbələri idi. Çünki hər işi özümüz gördük. Praktiki cəhətdən bu layihə maraqlı idi. Biz sübut etdik ki, yaxşı film çəkmək mümkündür. Film Almaniyada Fridrix Murnau festivalında birinci yerə layiq görüldü. 3 il bundan əvvəl Bakıda Audiovizual festivalın açılışı bu filmin nümayişi ilə başladı. Fayt başa düşdü ki, burada işləmək üçün mühit və peşəkarlar var.

Məhz bu filmin uğurundan sonra "Absurdistan"ın çəkilişlərinə hazırlaşdıq. Mən bir il bu filmin üzərində işlədim. Əsasən təşkilati məsələlərə baxırdım. Almaniyaya gedib Faytla çəkiliş qrafikini işləyib hazırladıq. Bütün bunlar mənim üçün əhəmiyyətli təcrübə oldu. Biz alman dəqiqliyi ilə işlədik. Çəkiliş qrupu və aktyor heyəti beynəlmiləl idi. Filmdə 12 ölkədən adamlar çalışırdı. Mən hər dildə danışmağa məcbur idim. "Absurdistan" artıq bir çox festivallarda iştirak edib və Almaniyanın "Oskar"ını qazanıb. Film kommersiya uğuru qazanıb. Belə ki, bir çox ölkələr filmi alıb.

- Yeri gəlmişkən, film birmənalı qarşılanmadı.

- Bu film Azərbaycan haqqında deyil, neytral filmdir. Daha doğrusu, absurd bir ölkə haqqındadır. Sadəcə, bizim ölkədə çəkilib. Filmi çəkməyə başlayanda da biz nazirliyə məlumat vermişdik ki, ssenarinin Azərbaycana heç bir aidiyyəti yoxdur. Ancaq filmin təqdimatınadan sonra qəzetlərdə müxtəlif məqalələr dərc olundu.

- Bizim aktyorlar xarici aktyorlarla müqayisədə necə oynadılar?

 - Çox gözəl... Mən bütün teatrlarda böyük bir kastinq keçirmişdim. Ən çox aktyorlar bizim ölkədən idi. Balaca baş qəhrəmanın uşaqlığı da bizim ölkədən seçilmişdi. Çəkilişlər çox gərgin idi.

Müqaviləyə görə, biz 14 saat işləyirdik. Əgər rejissora lazım olsaydı, 2 saat da əlavə işləməli idik. Aktyorlar əsasən "Azdrama", Bələdiyyə Teatrı və Rus Dram Teatrından seçilmişdi. Onlar Fayt Helmerlə işləməyi çox bəyəndilər.

- "Motor" şəxsi kampaniyanız necə ərsəyə gəldi?

- 2007-ci ilin noyabrında bu kompaniyanı yaratmışam. Bu kompaniyanı yaratmaqda məqsədim beynəlxalq və yerli təşkilatların qrantları ilə humanitar, gender və audiovizual layihələri gerçəkləşdirmək, istedadlı gəncləri üzə çıxarmaq, ən əsası, Azərbaycan kinosunu beynəlxalq səviyyədə tanıtmaqdır. Hazırda kompaniya iki sənədli film layihəsi üzərində işləyir. "Toy edirik, ya kino çəkirik" adlı layihəni dəyişdirib "Xoşbəxt olun" adlandırmaq istəyirik. Bu, Azərbaycan adət-ənənəsinə uyğun toy barədədir. Hazırda film çəkilib və montaj prosesindədir. Filmin rejissoru Yusif Quliyev, prodüseri isə mənəm. Bu humanitar, gender filmi festivallarda Azərbaycanın adət-ənənəsini tanıtmaq üçün nəzərdə tutulub. İkinci film isə "Demokratiyanın 10 dəqiqəsi" adlı regional layihədir. Bu, gürcü kompaniyası tərəfindən üç ölkə - Azərbaycan, Ermənistan və Gürcüstan üçün nəzərdə tutulub.

- Bu il sizin ssenariniz Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi üçüncü "Bu meydan, bu ekran" müsabiqəsində qalib gəlib. Filmin istehsalı nə vaxt başa çatacaq?

- Mədəniyyət və Turizm Nazirliyi bu layihə ilə gənc rejissor və ssenaristlər üçün böyük şans yaradıb. Heyif ki, bundan əvvəlki iki müsabiqədə iştirak edə bilməmişəm. Mənim "Kor və korluq" adlı ssenarim Qarabağ mövzusunda iki ən yaxşı ssenaridən biri kimi münsiflər heyəti tərəfindən qiymətləndirilib. Film hazırlıq mərhələsindədir və yeni ilə qədər çəkilib nazirliyə təqdim olunacaq.

- Özünüzü tammetrajlı film çəkməyə hazır hiss edirsinizmi?

- Hələ çox tezdir. Mənə elə gəlir ki, bir film çəkmişəm və bu, çox azdır. Ən əsası, hələ səbrim çatmır. Rejissorluq üçün səbr, dözüm və psixi hazırlıq lazımdır. Bəlkə bir neçə film çəkib özümü hazır biləndən sonra çəkərəm. Ancaq bu, yaxın zamanlarda olmayacaq. Mən institutu ssenarist kursu üzrə bitirmişəm və hazırda Rüstəm İbrahimbəyovun kino kurslarında oxuyuram. Ətrafımda nə qədər təcrübə qazanmaq üçün şans olacaqsa, hamısından istifadə etməyə çalışacağam.

Bu, pillələrdir. Hər bir rejissor qısametrajlı film çəkəndən sonra tammetrajlı film çəkməyə gedir. Bəzisi də olur ki, yalnız qısametrajlı filmlər çəkmək istəyir.

- Belə demək olarmı, rejissorların işi sizi qane etmədiyindən rejissorluğa həvəs göstərirsiniz?

- Mən çox aktiv insanam. Məni maraqlandıran hər bir şeyi öyrənməyə can atıram. Mən həm də prodüser kimi çalışıram. Deməzdim ki, rejissorların işi məni qane eləmir, sadəcə, iş özü mənə maraqlıdır. Ssenarini yazıb gözləyə bilmərəm ki, nə vaxtsa bunu çəkəcəklər. Bunu gözləmək üçün mənim vaxtım yoxdur. İstəyirəm ki, iş irəli getsin. Ümumiyyətlə, mən hər işlə maraqlanıram. Ona görə rejissorluq da, prodüserlik də, ssenaristlik də edirəm.

- Prodüser kimi fəaliyyətinizdən necə, razısınızmı?

- Bu, böyük problemdir, çünki bizdə məktəb yoxdur. Artıq sovet sistemi ilə işləmirik. Prodüser məktəbinin yaranmasına ehtiyac var. İstedadlı adamlar çoxdur, sadəcə, onlara yol açmaq, şərait yaratmaq lazımdır.

 

Mövqe.- 2008.- 1-3 noyabr.- S. 13.