“Türkmənistan və dünya kino prosesi” kinofestivalı sona yetib

 

Festivalda "Azərbaycan motivləri" filmi xüsusi mükafatına layiq görülüb

 

Məlumat verdiyimiz kimi, Aşqabadda "Türkmənistan və dünya kino prosesi" beynəlxaq kinofestivalı keçirilirdi. Festivala Azərbaycan kinosunu təmsil edən "Azərbaycan motivləri" filmi təqdim edilmişdi.

Kinofestivalın xüsusi mükafatına layiq görülmüş 5 sənədli filmdən kinematoqrafçılar tərəfindən təqdim edilmiş "Azərbaycan motivləri" filmi olmuşdur. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Abbas Əliyevin "Səs"ə verdiyi məlumata əsasən, filmin ssenari müəlifi Rəhman Bədəlov, rejissor Ziya Şıxlinski və operator Adil Abbasovdur. Bu ekran əsərini yaradıcı heyət doğma Vətənimizə, onun qədim və rəngarəng mədəniyyətinə sevgi hissi ilə lentə almışdır. Tamaşaçılar ekranda Bakının, Naxçıvanın, Gəncənin, Şəkinin və Qazaxın gözəl memarlıq elementləri ilə zəngin binalarını, Azərbaycan xalqının böyük övladlarının, o cümlədən, ədəbiyyat və incəsənət xadimlərinin şərəfinə ucaldılmış abidələri, onların yaradıcılığından ən yaxşı fraqmentlərini seyr edə bilmişlər. Çoxdan bəri geniş miqyasda tanınmış Azərbaycan musiqisi isə bütün bu kadrlar üçün ümumi fon almışdır. Kadr arxasında Vaqif Mustafazadənin "Düşüncə" melodiyası müəllifin ifasında səslənir. Ekranda isə pianoçu Murad Hüseynov "Sarı gəlin" Azərbaycan xalq mahnısını ifa edir.

Festivala müxtəlif ölkələrdən təqdim edilmiş 30 sənədli film arasında mükafata layiq yerlərdən birini tutmuş "Azərbaycan motivləri" dekabrın əvvəlində Bakıda keçirilməsi nəzərdə tutulan tədbirə - Şərq və Qərb ölkələrinin mədəniyyət nazirlərinin konfransına həsr edilmişdir.

 

Səs.- 2008.- 13 noyabr.- S. 12.