Qloballaşma şəraitində
mədəniyyətlərarası dialoqun inkişafı beynəlxalq siyasətin prioritet
vasitələrindəndir: Dekabrın 2-3 də Bakıda
“Mədəniyyətlərarası dialoq Avropa və onun
qonşu regionlarında davamlı inkişafın və sülhün
əsasıdır” mövzusunda konfrans keçiriləcək
Avropa Şurasına
üzv dövlətlərin mədəniyyət nazirlərinin
iştirakı ilə baş tutacaq Beynəlxalq Konfrans Prezident
İlham Əliyevin dəstəyi ilə həyata keçirilir.
Yüksək səviyyəli
ölkələrarası tədbirin
səmərəli və
uğurlu fəaliyyətini
tam təmin etmək məqsədilə
ölkə başçısı
4 noyabr 2008-ci il tarixdə xüsusi sərəncam imzalamışdır.
Sərəncamda deyilir
ki, Azərbaycan Respublikası beynəlxalq
birliyin bərabərhüquqlu
subyekti kimi dünyaya inteqrasiya siyasəti çərçivəsində
Avropa Şurası ilə uğurlu əməkdaşlıq edir.
Bu əməkdaşlığın
dərinləşdirilməsi Azərbaycanın nüfuzunun
artmasına və təşkilata üzv dövlətlərlə münasibətlərin
hərtərəfli inkişafına
təkan vermişdir.
Məhz buna görə
Azərbaycanda ardıcıl olaraq
mədəniyyətlərarası dialoqun inkişafını
təmin edən beynəlxalq səviyyəli silsilə
tədbirlər keçirilir.
Eyni zamanda bu
sərəncama əsasən konfransın
hazırlanmasını və keçirilməsini təmin
etmək məqsədilə təşkilat komitəsi
yaradılmış, tədbirlər planı
hazırlanmışdır.
Mədəniyyət
Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov tədbirin
keçirilməsi zəruriyyəti və əhəmiyyəti
barədə fikirlərini açıqlayır:
- Konfransda beynəlxalq
mədəni əməkdaşlığın ən
müxtəlif aspektlərinə nəzər salınacaq,
Avropa və onun qonşu regionlarında davamlı
inkişafın və sülhün təmin edilməsində
mədəniyyətlərarası münasibətlərin
imkanları araşdırılacaqdır.
Eyni zamanda konfrans
çərçivəsində 2008-ci il dekabr ayının
4-də Bakıda Avropa Şurasının Mədəniyyət
üzrə Rəhbər Komitəsi Bürosunun və Avropa
Şurasının Kiyev Təşəbbüsü Regional
Proqramı Milli Koordinatorlarının növbəti
görüşləri, 4-5 dekabrda isə "Avropa Mədəniyyət
Siyasəti və Təmayülləri Kompendiumu
layihəsi"nin 10 illik yubileyinə həsr olunan Avropa
Şurasına üzv dövlətlərin milli
müəlliflərinin iclası da nəzərdə tutulur.
"Mədəniyyətlərarası
dialoq Avropa və onun qonşu regionlarında davamlı
inkişafın və sülhün əsasıdır"
mövzusunda Bakı konfransı Avropa və onun qonşu
regionları üçün yeni əməkdaşlıq
mərhələsinin - "Bakı Prosesi"nin
başlanğıcıdır və bu nüfuzlu beynəlxalq
mədəniyyət təşəbbüsünün
ölkəmizdə gerçəkləşməsi heç də
təsadüfi deyil. Mədəni irsin zənginləşdirilməsi,
qorunması və yayılması Azərbaycan
dövlətinin humanitar
sahədə apardığı
siyasətin başlıca
istiqamətlərindən biridir.
Dövlətimizin və vətəndaş
cəmiyyətinin müstəqillik
və demokratik inkişaf dönəmində
ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi, iqtisadi, sosial və mədəni inkişaf strategiyasına uyğun aparılan mədəniyyət
siyasəti sahəsində
əhəmiyyətli nəticələr,
uğurlu yekunlar əldə olunmuşdur.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
ölkəmizin elm, təhsil, səhiyyə,
mədəniyyət, sosial quruculuq sahələrində dinamik
inkişafını təmin etmək məqsədilə
atdığı addımlar, verdiyi qərarlar məhz bu
sahəyə dövlət tərəfindən
göstərilən ardıcıl diqqət və qayğı
Azərbaycan Respublikasında tamamilə yeni
mədəniyyət mühiti yaratmışdır.
Bütövlükdə vətəndaş cəmiyyətinin hərtərəfli
inkişafını təmin
edən konstruktiv yanaşma milli estetik düşüncənin
yüksəlişinə, həm
tarixən, həm də çağdaş dövrdə yaradılan mədəni sərvətlərin
bütün dünyanın,
o sıradan Avropanın mənəvi dəyərinə çevrilməsinə
yol açmışdır.
Milli mədəniyyət qlobal mədəni sferaya inteqrasiya etməklə yanaşı çağdaş
dünyada yaradılan
ədəbiyyat və
incəsənət örnəkləri
də Azərbaycanda tanınır, milli mədəni prosesin inkişafına müsbət
təsir göstərir.
Konfrans
ərəfəsində xüsusilə qeyd etmək
zəruridir ki, ölkəmizdə mədəniyyət
sahəsinə göstərilən dövlət
qayğısı bir sıra cəmiyyətlərin,
qeyri-hökumət təşkilatlarının
təşəbbüskarlığını
artırmış, mədəni sərvətlərin
qorunmasını, artırılmasını və
bütün dünyada tanıdılmasını təmin
edən dəyərli mədəniyyət abidələri
gerçəkləşdirilmişdir. Bu sahədə
YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri,
Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
Qobustan Dövlət Tarixi Bədii Qoruğunun Dünya İrs Siyahısına daxil edilməsi, zəngin muğam sənətinin inkişafına
şərait yaradılması və beynəlxalq miqyasda tanıdılması faktları
xüsusi qeyd edilməlidir.
Şübhəsiz ki,
bir sıra beynəlxalq, o sıradan xalqlararası
mədəni əməkdaşlıq faktları Avropa və
qonşu regionların mədəniyyət nazirlərinin
Bakı toplantısına xüsusi məzmun verir.
Müasir dünya
siyasətində cərəyan edən hadisələr
göstərir ki, beynəlxalq münasibətlərdə
dövlətlərin və beynəlxalq təşkilatların
fəaliyyəti təkcə siyasəti və iqtisadiyyatı
deyil, eyni zamanda mədəniyyət sahəsini də
əhatə edir. Elə buna görə də qloballaşma şəraitində mədəniyyət
təhlükəsizliyinin formalaşması,
mədəniyyətlərarası və dinlərarası dialoqun inkişaf etdirilməsi beynəlxalq siyasətdə prioritet vəzifələrdən hesab
olunur.
Müasir dövrün
beynəlxalq münasibətlər sistemində
mədəniyyət faktoru dövlətlər və xalqlar
arasında əməkdaşlığın inkişaf
etdirilməsi, dövlətlərin beynəlxalq imicinin
möhkəmlənməsi və dünya dövlətləri
sırasında layiqli yer tutması üçün xüsusi
rola malikdir. Mədəniyyətlərarası
dialoqun uğurla inkişafı üçün
dövlətlərarası münasibətlərdə mədəniyyət
diplomatiyasından geniş
istifadə olunur. Mədəniyyət diplomatiyası geniş
mənada mədəniyyət
sahəsində çoxvektorlu
xarici fəaliyyəti
ehtiva edərək ölkənin beynəlxalq
səviyyədə mədəni
təhlükəsizliyinin təmin
olunmasına və güclü mədəniyyət
lobbisinin formalaşmasına
yardımçı olur.
Beynəlxalq miqyasda
Azərbaycan mədəniyyətinin təbliği və
ölkəmizin müsbət imicinin təşviq olunması,
saxta iddialara qarşı intellektual mədəni mübarizənin
lazımi səviyyədə həyata keçirilməsi
və dünya ictimaiyyətinin
məlumatlandırılması, həmçinin cəmiyyətimizdə
intellektual mədəniyyətin inkişaf etdirilməsi, elm
adamlarının, mütəxəssislərin bu prosesə
fəal cəlb olunması Azərbaycan Respublikasının
mədəniyyət diplomatiyasının aktual
istiqamətləridir.
Avropa ilə Asiyanın
qovşağında yerləşən Azərbaycanın geopolitik
mövqeyi ilə yanaşı üstün kulturoloji,
mədəni-mənəvi mövqeyinin mövcudluğu da
nüfuzlu beynəlxalq konfransa ev sahibliyi etmək
üçün əsaslar yaratmışdır. Bu mənada Azərbaycanın
mədəni sərvətlərinin
qədimliyi, zənginliyi,
dinamik inkişaf meyli, çağdaş mədəni prosesin aktivliyi, sivil dəyərlərə maraq,
İslam və Avropa dəyərlərini
birləşdirmək sahəsində
tarixi və müasir təcrübənin
mövcudluğu, tolerantlıq
xüsusi qeyd edilməlidir. Azərbaycan həm Avropa Şurasına, həm də İSESKO-ya üzv olan yeganə dövlətdir. Beynəlxalq
əməkdaşlıq üçün
bu faktor şübhəsiz ki, geniş imkanlar açmaqla yanaşı respublikamızı sivilizasiyalararası
dialoqların əlverişli
mərkəzlərindən birinə çevirir.
Avropa
Şurasının konfransında əsası qoyulacaq
"Bakı Prosesi"nin davamı olaraq 2009-cu ildə Bakıda
keçiriləcək İslam Konfransı
Təşkilatına üzv dövlətlərin
mədəniyyət nazirlərinin VI Konfransına Azərbaycan
üçün xüsusi əhəmiyyət kəsb edən
Avropa Şurasına bir sıra üzv dövlətlərin
dəvəti planlaşdırılır. Bu
mənada mədəniyyətlərarası
dialoqa xidmət edən "Bakı Prosesi" sivilizasiyalar arasında əməkdaşlığın
davamlı inkişafına
əhəmiyyətli töhfə
olacaqdır. Xatırladaq ki, Azərbaycanın
İslam Konfransı Təşkilatı və
İSESKO çərçivəsində
fəallığı və
Azərbaycan xalqının
islam mədəniyyətinə
verdiyi töhfələr
nəzərə alınaraq,
Bakı şəhəri
2009-cu il üçün
islam mədəniyyətinin
paytaxtı elan olunmuşdur.
Konfransın Bakıda
keçirilməsi təşəbbüsü ilk dəfə
2007-ci ildə Tripolidə İslam Konfransı
Təşkilatının mədəniyyət nazirlərinin
5-ci iclası zamanı AŞ katibliyi rəsmiləri ilə
keçirilən görüşdə Azərbaycan
tərəfindən irəli sürülmüşdür. Bu təklif 2008-ci ilin 5-6 may tarixlərdə
Strasburqda AŞ-nın
mədəniyyət üzrə
rəhbər komitəsinin
plenar iclasında üzv dövlətlər
tərəfindən yekdilliklə
dəstəklənmişdir.
Təklif AŞ-nın
mədəniyyət, mədəni və təbii irs
üzrə direktorluğu tərəfindən Avropa
mədəni proseslərində yeni bir istiqamətin -
"Bakı Prosesi"nin əsasının qoyulması kimi
dəyərləndirilmişdir. Bildirilmişdir
ki, Avropa və islam dünyası
arasında dialoqun inkişaf etdirilməsində
Azərbaycanın vasitəçi
kimi fəaliyyəti sivilizasiyalar arasında əməkdaşlığın möhkəmlənməsinə böyük töhfə verəcəkdir.
Konfransa Avropa
Şurasına üzv dövlətlərin, islam dünyası
regionlarının, YUNESKO, Avropa Komissiyası, ATƏT,
İSESKO, ALESKO, GUAM, TÜRKSOY, İRSİKA kimi beynəlxalq
təşkilatların, AŞ-da müşahidəçi
statusuna malik ABŞ, Kanada, Yaponiya, Meksika və s.
dövlətlərin, həmçinin Avropa
Mədəniyyət Fondu, İncəsənət və İrs
üzrə Avropa İrs Təşkilatı kimi beynəlxalq
qeyri-hökumət qurumlarının
nümayəndələri dəvət olunmuşlar.
Bakı
görüşündə Serbiya, Moldova, Polşa,
İslandiya, Xorvatiya, Gürcüstan, Ukrayna, Türkiyə,
Rusiya, Tacikistan, İordaniya, Səudiyyə
Ərəbistanı, Qətər, Misir, İspaniya,
Rumıniya, Belçika, Bolqarıstan, Makedoniya, Slovakiya,
Estoniya, Kipr, Çexiya, Almaniya dövlətləri nazir və
ya nazir müavinləri, digər dövlətlər isə
idarə rəhbərləri səviyyəsində,
həmçinin Avropa Şurası Baş katib, TÜRKSOY,
İSESKO, ALESKO və İRSİKA təşkilatları
baş direktorları səviyyəsində təmsil olunacaqlar.
Azərbaycan.- 2008.- 22 noyabr.- S. 5.