Noyabrın 22-də
“ÜNS” yaradıcılıq səhnəsində xalq artisti,
rejissor, operator Rasim Ocaqovun 75 illiyinə həsr edilmiş
yubiley gecəsi keçirilmişdir.
Xalq artisti Rasim Balayev
Rasim Ocaqovla birgə işlədiyi günləri
xatırlayır, onun söhbətini fortepianoda
səslənən melodiyalar müşayiət edirdi. “Mən onunla ötən əsrin 70-ci illərinin əvvəlindən
işləyirdim. O vaxt
operator olan Rasim Ocaqov ”Sənin
ilk saatın" adlı film çəkirdi", - deyən
aktyorun sözlərinə
görə, operator və rejissor Rasim Ocaqovun öz mövzuları vardı və əgər ssenari xoşuna gəlməsə,
ondan imtina edirdi. Rüstəm İbrahimbəyovun və Anarın dramaturgiyasına
müraciət etməsi
onun yaradıcılıq
yolunun məntiqi davamı olmuşdur.
Səhnədə
qoyulmuş ekranda çəkilişlərin müəyyən
məqamlarını əks etdirən kadrlar
görünürdü. Bu kadrlarda rejissor özü də
görünür, onun səsi eşidilirdi.
Xalq artisti, SSRİ
və Azərbaycan Dövlət mükafatları laureatı
Şəfiqə Məmmədova söylədi ki, Rasim Ocaqov
ona sözün hərfi mənasında ikinci həyat bəxş
etmişdir. Aktrisa dedi:
“Mənim ən yaxşı rollarım onun adı ilə,
onun filmləri ilə bağlıdır.
Bu filmlər sayəsində mən sərbəstlik və özümə inam qazanmışam. Biz dost idik. Mən
onu bir rejissor
kimi, insan kimi çox yüksək qiymətləndirirdim.
Demək olar ki, hər gün
onunla söhbət edirdim. Axırıncı dəfə onun ölümündən üç
gün əvvəl söhbət etmişdik. Mən indi başa
düşürəm ki,
o bizimlə vidalaşırmış”.
Xalq
yazıçısı, dramaturq Rüstəm
İbrahimbəyov öz xatirələrini
bölüşərək qeyd etdi ki, həmin illərdə
və elə sonralar da R.Ocaqov neorealizmin güclü
təsirinə düşmüşdü. Bu, onun filmlərində
də özünü
göstərir, onlar qızğın mübahisələrə
səbəb olurdu. Ocaqovun filmləri barəsində nə qədər tərifli sözlər deyilsə də, əsas məqam bir idi: onun kino
lentləri Azərbaycan
kinosunda təzə söz, ekranda real həyatı göstərmək cəhdi
idi.
Gürcüstanın
xalq artisti, “Ad günü” filminin baş qəhrəmanı
David Uplisaşvili, Rusiyanın xalq artisti, Teatr Xadimləri
İttifaqının sədri, Ocaqovun “İstintaq”, “Bağlı
qapı arxasında” və “Özgə həyatı”
filmlərində çəkilmiş Aleksandr Kalyagin, xalq
yazıçısı Anar və başqaları Ocaqovla
birgə yaradıcılıqları barədə
xatirələrini söylədilər.
Xatirə gecəsinin
iştirakçılarına rejissorun həyat və
yaradıcılığına həsr edilmiş nəfis
tərtibatlı albomlar təqdim edildi. Bu
nəşrə yubilyarın
ailə arxivindən nadir fotoşəkillər,
çəkilişlərdən kadrlar və başqa materiallar daxil edilmişdir.
Yubiley gecəsində
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev,
Moskva Dövlət Universitetinin Bakı filialının rektoru,
professor Nərgiz Paşayeva, yaradıcı ziyalılar
iştirak etmişlər.
Xalq qəzeti.- 2008.- 23 noyabr.- S.
3.