Samirə

Rasim Ocaqov-75

 

Bu gün kino sənətimizin iki böyük simasının - Rasim Ocaqovla Həsən Məmmədovun doğum günüdür. Bir neçə gün öncə Dövlət Film Fondu Həsən Məmmədovun 70 illiyini təntənəli şəkildə qeyd etdi. Bu gün isə "ÜNS" Yaradıcılıq Səhnəsində ustad rejissor Rasim Ocaqovun 75 illik yubileyi qeyd olunacaq. Yubileydə nəinki Azərbaycanın tanınmış kino xadimləri, eləcə Rusiya Teatr Xadimləri İttifaqının sədri Aleksandr Kalyagin, Ş.Rustaveli adına Tbilisi Milli Dram Teatrının aktyoru David Uplisaşvili iştirak edəcəklər.

Ocaqov Rasim Mirqasım oğlu 1933-cü ildə Şəki şəhərində dünyaya gəlib. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsini, daha sonra isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Azərbaycan SSR-in xalq artisti, Çeçen-İnquş Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı olan Rasim Ocaqov kino tarixinə "Onun böyük ürəyi", "Mən rəqs edəcəyəm", "Təhminə", "Otel otağı", s. mükəmməl ekran əsərlərini bəxş edib. 1974-cü ilə qədər C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ən bacarıqlı operatorlardan biri kimi çalışan R.Ocaqov quruluşçu-rejissor kimi özünü ən qəti şəkildə elə ilk filmi olan "Qatır Məmməd" təsdiq etmişdi. Onun Rüstəm İbrahimbəyovun ssenariləri əsasında yaratdığı "Ad günü", "İstintaq", Bağlı qapı arxasında", "Park", "Özgə ömür", "Həm ziyarət, həm ticarət", "Ölsəm... bağışla", "Qətldən yeddi gün sonra" filmləri bitkin ekran əsərləri olmaqdan savayı, müasir cəmiyyətin diqqətli müşahidəsindən doğduğu üçün gələcəyə ismarış missiyası daşıyan ssenarilərin peşəkarcasına ekran həlli deməli, çox uğurlu yaradıcılıq tandemi kimi çoxdan kino tariximizin "qızıl" səhifəsinə çevrilib. İstər Rasim Ocaqovun sənət dostları, istərsə tamaşaçılar üçün bu gün onun 75 illiyini özünün iştirakı olmadan qeyd etmək çox ağırdır. R.Ocaqov 2006- il iyulun 11- dünyasını dəyişib.


Həftə içi.- 2008.- 22-24 noyabr.- S. 8.