Şərəfli ömür yolu
Oqtay Quliyev-70
Sənət və
musiqi-pedaqoji ictimaiyyətimiz Əməkdar incəsənət
xadimi, Azərbaycan Milli Konservatoriyasının prorektoru,
sənətşünaslıq namizədi, professor Oqtay Quliyevin
70 illik yubileyini qeyd edir.
Respublikamızda və onun hüdudlarından
kənarda istedadlı ifaçı, təcrübəli və
görkəmli musiqi pedaqoqu və tədqiqatçı kimi
tanınan sənətşünaslıq namizədi, professor
Oqtay Quliyev milli ifaçılıq sənətinin
inkişafında, ifaçı kadrların
yetişməsində və milli alətlərin tədris
metodikasının təkmilləşməsində dəyərli
fəaliyyət göstərmişdir.
Azərbaycan tarının
ifaçılığında, tədrisində və
təbliğində onun özünəməxsus rolu və
xidmətləri vardır. Bu
şərəfli yolda həmkarlarına və gənc
nəslə həmişə örnək olan Oqtay Quliyev
öz geniş həyat-yaradıcılıq fəaliyyəti
ilə layiqli sənətkar və müəllim ömrü
yaşamışdır. O, Səid
Rüstəmov, Əhməd Bakıxanov, Bəhram Mansurov,
Süleyman Ələsgərov, Adil Gəray, Hacı
Məmmədov, Əhsən Dadaşov, Kamil Əhmədov kimi
ustad sələflərinin yolunu layiqincə davam etdirərək,
öz ifaçılıq-pedaqoji məktəbini
yaratmış və milli musiqi sənətinə dəyərli
mütəxəssislər - ifaçılar,
müəllimlər bəxş etmişdir. Milli
Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş
Kərimi yazır: "Oqtay Quliyev həyatını olduqca
nəcib, humanist v xalqımız üçün çox
gərəkli bir işə həsr etmişdir: musiqi
ifaçılığı, müəllimlik, təhsil, elm...
Qırx ildən artıq dövrü əhatə edən bu
geniş və çoxşaxəli fəaliyyəti ilə
professor O. Quliyev istər Azərbaycan ifaçılıq
sənətinin, istər tar tədrisinin və ümumilikdə
musiqi təhsilinin inkişafına, istərsə də
ifaçılıq tarixinin elmi tədqiqinə layiqli
töhfələr vermişdir."
O. Quliyev 1938-ci ildə Ağdamda anadan olmuş,
sənətdə ilk addımını rayon musiqi
məktəbində atmış, sonra təhsilini A.
Zeynallı adına Bakı orta ixtisas musiqi
məktəbində davam etdirmişdir. Burada məşhur sənət
xadimlərindən xalq artisti, professor Səid Rüstəmov
və xalq artisti, muğam sərrafı Əhməd
Bakıxanovdan ixtisas dərsləri almışdır.
Tələbəsinin istedadını yüksək
qiymətləndirən Səid Rüstəmov ona böyük
etimad göstərərək, bədii rəhbəri və
baş diricoru olduğu əməkdar kollektivə - Xalq
çalğı alətləri orkestrinə solist
işləməyə dəvət edir. İşlədiyi peşəkar kollektiv bu
gənc tələbə üçün əsl sənət
məktəbinə çevrilir. On il bu
görkəmli kollektivdə çalışması, Səid
Rüstəmov, Əhsən Dadaşov, Adil Gəray, Baba
Salahov, Bəhruz Zeynalov və bir çox təcrübəli
sənətçilərlə birlikdə işləməsi
onun peşəkar musiqiçi kimi
püxtələməsinə, ciddi sənət meyarlarına
yiyələnməsinə, ifaçı kimi
yetişməsinə müsbət təsir göstərir.
İştirak etdiyi ilk müsabiqə 1956-cı
ildə Bakıda keçirilən Birinci Musiqi Festivalı olur.
Öz məharətli ifası
ilə festivalın qızıl medalına və laureatı
adına layiq görülür. 1957-ci ildə Moskvada Sovet
Gənclərinin Birinci Ümumittifaq Festivalında iştirak
edən O. Quliyev bu çətin sınaqdan da uğurla
çıxır: festivalın qılız medalına, birinci
dərəcəli diplomuna layiq görülərək, laureat
adını qazanır. S. Rüstəmov mətbuatda
yazırdı: "Gənc tarzən Oqtay Quliyevin maraqlı
proqramla çıxış etməsi özünün
yüksək istedad sahibi olduğunu göstərməklə
yanaşı, həm də xalqımızın qədim musiqi
aləti olan tarın kütləviləşdiyini bir daha
sübut etdi. O, münsiflər heyəti qarşısında
"Orta Mahur" muğamını, Hacı
Xanməmmədovun "Konsert"ini, Ü. Hacıbəyovun
"Koroğlu" operasından rəqsi çaldıqdan
sonra M. Qlinkanın "İvan Susanin" operasından
valsı ifa etdi. Elə münsiflər heyətini də valeh
edən bu klassik əsərin xalq musiqi alətində
gözəl səslənməsi idi."
Həmin festivalın qızıl medalını
alması və laureat adını qazanması O. Quliyevə
daha çətin və nüfuzlu müsabiqədə
iştirak etmək hüququ verir. Belə
ki, 1957-ci ildə Dünya Gənclərinin 6-cı
Ümumdünya Festivalında Azərbaycan tarını
məharətlə səsləndirərək, bu dəfə
beynəlxalq müsabiqə laureatı adına layiq
görülür. Azərbaycan musiqisini uğurla təmsil etdiyi
üçün 19 yaşlı gənc ifaçı
Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə
təltif olunur.
Tanınmış moskvalı
yazıçı-publisist V. Ardamatski festivalın
qaliblərinə həsr etdiyi "Beş
ləçək" kitabında Azərbaycandan olan gənc
tar ifaçısının istedadını xüsusi qiymətləndirir:
"O. Quliyev qədim musiqi aləti olan tarın nəyə
qadir olduğunu nümayiş etdirdi. Münsiflər
heyətinin xarici ölkələrdən olan
nümayəndələri gənc sovet musiqiçisinin
sinəsində dil açan tara, onu dilləndirən bu
bəstəboy oğlanın məharətinə heyran qalmışdılar.
Oqtay "Orta mahur", "cahargah" muğamları ilə
yanaşı, M. Qlinkanın "İvan
Susanin" operasından ayrı-ayrı parçaları tarda
məharətlə dilləndirəndə dinləyicilərin,
eləcə də tələbkar münsiflərin
üzvlərinin heyrəti bir az da artdı. Tarzən bunu
duyurmuş kimi daha da coşur, bəlkə də
indiyədək professionalların imkansız musiqi aləti
hesab etdiyi tarda istənilən mürəkkəb
əsəri bütün incəliklərinə qədər
çalmağın mümkün olduğunu əyani
şəkildə sübuta yetirirdi."
Bütün bu qələbələri ilə O. Quliyev
Azərbaycan milli musiqi ifaçılığında yeni
səhifələr açır, respublikamızın musiqi
mədəniyyətinin nailiyyətləri siyahısına
öz adını da daxil edir. O. Quliyevin bu uğurları belə bir faktı
diqqətə çatdırmağa əsas verir ki, o, SSRİ
və Ümumdünya miqyaslı musiqi festivallarında
iştirak edən və yüksək qələbə
qazanaraq, qızıl medala, beynəlxalq festival laureatı
adına layiq görülən ilk tar
ifaçısıdır. Bundan başqa, O. Quliyev rus
və Avropa klassik musiqisini milli alətdə
məharətlə ifa edən, tarın geniş texniki və
bədii ifa imkanlarını aşkara çıxaran, solo tar
ifaçılığını müasir
səviyyəyə qaldıran ilk peşəkar
tarzənlərimizdəndir.
1958-ci ildə Dövlət Konsevratoriyasına daxil
olur. Səid Rüstəmov və
Süleyman Ələsgərov kimi görkəmli
sənətkar və pedaqoqlardan ixtisas təhsili alır.
İfaçılıq yolunda addımlarını daha yeni
uğurlarla davam etdirir. Hələ
tələbə ikən 1960-cı ildə Hindistan
Gənclər Federasiyasının dəvəti ilə
Lütfiyar İmanovla birlikdə bu ölkəyə
dəvət alır. 36 gün ərzində Hindistanın on
beş ştatında solo konsertlər verir, Hindistan
ictimaiyyətini Azərbaycan tarı ilə,
muğamlarımızla və bəstəkarımızın
əsərləri ilə tanış edir. Beləliklə, bu
səfəri ilə O. Quliyevin adı Azərbaycan tarı
ilə xaricə qastrola gedən ilk tar ifaçısı kimi
tarixə düşür.
1963-cü ildə konservatoriyanı
müvəffəqiyyətlə bitirən O. Quliyev
ömrünü pedaqoji fəaliyyətə həsr edir. 1969-cu ildən konservatriyada
işləməyə dəvət alır. Xalq
çalğı alətləri kafedrasında
təcrübəli pedaqoqlarla bir yerdə
işləyərək, tarı tədris edir, ifaçı və
müəllim kadrların yetişdirilməsi işində
uğurla çalışır. Hal-hazırda o,
respublikamızda ən bacarıqlı və qabaqcıl musiqi
pedaqoqlarından, metodist-müəllimlərdən biri kimi
tanınır. Tar tədrisi üzrə yazdığı
metodik tövsiyələr, proqramlar, tərbit etdiyi not məcmuələri
qiymətli vəsait kimi istifadə olunurlar. O,
tədris repertuarının təkmilləşməsi və
zənginləşməsi qayğısına qalaraq,
Azərbaycan, rus və Avropa musiqi ədəbiyyatlarından
çoxlu sayda nümunələri tar ilə fortepiano
üçün işləmiş, tədris üçün
pyeslər məcmuələri nəşr etdirmişdir.
Daha bir xidməti də S. Rüstəmovun tar və
kamança üçün "Melodik etüdlər"inin,
bəstəkarlarımızın tar üçün konsert
və pyeslərinin, müəllimlərin metodik
vəsaitlərinin nəşrində ixtisas redaktoru kimi
yaxından iştirak etməsidir. Xüsusilə, S.
Hacıyevlə birlikdə yazdığı "Tar
üçün pyeslər məcmuəsi" uşaq musiqi
məktəblərində repertuar boşluğunu aradan
qaldıraraq, öz aktuallığını bu gün də
saxlamışdır.
Məlum olduğu kimi, 1970-ci illərdə Moskvada
ümumittifaq "Melodiya" səsyazma firması
tərəfindən "Muğam məktəbi"
seriyasından iki val buraxılmışdır. Vallara Əhməd Bakıxanovla yanaşı,
onun istedadlı tələbəsi Oqtay Quliyevin ifasında
"Şur", "Segah", "Çahargah",
"Şahnaz", "Bayatı-kürd",
"Heyratı" muğamları yazılmışdır.
Bu ifalar uşaq, orta ixtisas musiqi məktəblərində,
musiqi texnikumlarında muğamların əvəzsiz tədris
vəsaiti kimi, öyrədici nümunələr kimi uzun
illər istifadə olunmaqdadır.
O.Quliyevin tələbələri konservatoriyada
verdikləri konsertləri, ifaları, sənətə ciddi
münasibətləri və peşəkar səviyyələri
ilə həmişə seçilmişlər. Bir faktı da qeyd edək ki, 1986-cı ildə
Bakıda ilk dəfə xalq çalğı alətləri
ifaçılarının Ü. Hacıbəyov adına
SSRİ miqyaslı müsabiqəsi keçirilir. Oqtay
müəllimin altı tələbəsi - İlqar
İmamverdiyev, Malik Mansurov, Zeynalabdın Babayev, İlham
Bədəlov, Vahid Məmmədov, Fətəli Bağırov
tarixə düşmüş bu müsabiqədə birinci,
ikinci mükafatları qazanırlar. Tələbələri
də Oqtay müəllimin yolunu layiqincə davam
etdirərək, pedaqoji, ifaçılıq, tədqiqat
yönümündə uğurla çalışırlar.
Əməkdar incəsənət xadimi, professor Vamiq
Məmmədəliyevi, bu yaxınlarda
sənətşünaslıq doktoru elmi dərəcəsini
uğurla müdaifə edən istedadlı
ifaçı və tədqiqatçı İlqar
İmamverdiyevi, tanınmış tarzən-pedaqoq,
əməkdar artist Malik Mənsurovu, Suriya dövlət
konservatoriyasında çalışan
sənətşünaslıq doktoru, professor Əsgər
Ələkbərovu, əməkdar artist Elçin
Haşımovu və b. nümunə göstərmək olar.
Beləliklə, O.Quliyev tar
ifaçılığı və pedaqogikası
sahəsində peşəkar kadrların və
mütəxəssislərin yetişdirilməsində uzun
illər çalışaraq, bu yolda musiqi
mədəniyyətimiz üçün layiqli xidmətlər
göstərmiş, özünün
pedaqoji-ifaçılıq məktəbini
yaratmışdır. Dövlət
Konservatoriyasının xalq çalğı alətləri
kafedrasında müəllim işləyən O. Quliyev bu
kafedranın professoru vəzifəsinə qədər
yüksəlmiş, vaxtilə müəllimləri S.
Rüstəmovun, S.Ələsgərovun rəhbərlik etdiyi
kafedranın rəhbərliyinə etimad
göstərilmişdir.
Maraqlıdır ki, O. Quliyevin 1989-cu ildə profesor elmi
adını alması üçün çox nüfuzlu
mütəxəssislər tərəfindən SSRİ ali
təhsil nazirliyi və SSRİ Ali Attestasiya Komitəsinə
müsbət təqdimat və rəylər
yazılmışdır. Özbəkistanın əməkdar
incəsənət xadimi, sənətşünaslıq doktoru,
professor F. Kərəmətov, dünya şöhrətli
etnomusiqişünas-alim, sənətşünaslıq doktoru,
hazırda Amerikada yaşayan İ. Zemsovski, Qnesinlər
adına Rusiya Dövlət Musiqi Pedaqoji İnstitutun xalq
çalğı alətləri kafedrasının müdiri,
Rusiyanın əməkdar incəsənət xadimi, professor V.
Belyakov, Leninqrad (Sankt-Peterburq) Dövlət
Konservatoriyasının professoru, əməkdar
incəsənət xadimi P. Qovoruşko, Kiyev Dövlət
Konservatoriyasının xalq çalğı alətləri
kafedrasının müdiri, professor N. Davıdov,
Daşkənd Dövlət Konservatoriyasının professoru, əməkdar
incəsənət xadimi A. Adılov Oqtay Quliyevin uzun illik
və səmərəli elmi-pedaqoji, müəllimlik, metodist
fəaliyyətini, bu sahədə qazandığı
nailiyətləri yüksək qiymətləndirərək,
musiqi təhsilindəki və ifaçı kadrların
yetişdirilməsindəki xidmətlərinə böyük
önəm verərək, professor elmi adı
daşımasına layiq olduğunu
təsdiqləmişlər.
Musiqi ictimaiyyəti onu həm də bacarıqlı
musiqi publisisti və tədqiqatçısı kimi
tanıyır. Onun tar
ifaçıları, tarın ifaçılıq
xüsusiyyətləri və müasir ifaçılıq
problemləri, tədrisin metodikası haqqında aktual və
maraqlı məqalələri oxucularımıza yaxşı
tanışdır. O. Quliyev ilk dəfə olaraq
Azərbaycan xalq çalğı alətləri orkestrinin
yaranma tarixi, peşəkar kollektiv kimi keçdiyi
yaradıcılıq yolu və geniş konsert fəaliyyəti
haqqında maraqlı dissertasiya yazmış və bu
tədqiqat monoqrafiya şəklində nəşr olunaraq bu
gün də öz aktuallığını saxlamışdır.
Qeyd edək ki, respublikada professional tar ifaçıları
və müəllimlərindən ilk dissertasiya müdafiə
edən məhz O. Quliyev olmuşdur.
Fərəhli haldır ki, o, yaxşı
mütəxəssis kimi Türkiyəyə dəvət
olunmuş, 1994-2003-cü illərdə Trabzonun məşhur
Qara Dəniz Texniki Universitetində professor
vəzifəsində çalışmışdır. Burada musiqi fakultəsində ilk dəfə tar
sinfi açmış, peşəkar tar ifaçıları
yetişdirmiş, Azərbaycan tarının bu
ölkədə geniş tədrisinə nail olmuşdur.
Türkiyə mətubatında haqqında yazılan rəy
və məqalələrdə onun fəaliyyəti
yüksək qiymətləndirilmiş, rektorluq
tərəfindən dəfələrlə
mükafatlandırılmışdır.
Sənət dostları, müəllim həmkarları
və bütün tələbələri Oqtay müəllimi
yubileyi münasibəti ilə ürəkdən təbrik edir,
ona can sağlığı, uzun ömür və
dəyərli əməyində bundan sonra da
nailiyyətlər arzulayırlar.
Ədalət.-
2008.- 15 noyabr.- S. 16.