Ağaoğlu T.
İllər, aylar keçsə də, milli musiqi sənətinin
görkəmli nümayəndələri
yaddan çıxmır,
adları ehtiramla çəkilir, xidmətləri,
ifaları hörmətlə
xatırlanır. Ustadların
ənənəsini layiqincə
yaşadanlardan, davam etdirənlərdən biri
də məşhur müğənni, xalq artisti İslam Rzayevdir. Onun iki müsbət
cəhətini örnək
hesab etmək olar: bəstəkar mahnılarını, xalq havalarını məharətlə
səsləndirməsi və
səhnə-ekran mədəniyyəti. Ömrü
boyu könül açdığı, şöhrət
qazandığı, ucaldığı
sənətin qədir-qiymətini bildi, saflığı uğrunda
çalışdı.
Həmişə şux,
nikbin görünərdi.
Hələ
uşaqlıqdan onun varlığında oxumaq həvəsi
vardı. Vurduğu zəngulələr
dalğa-dalğa ətrafa
yayılar, onu eşidənlər isə
avazından, səsinin
şirinliyindən zövq
alardılar. Qardaşı
oğlunun istedadını
görən bibisi onu mahir muğam
ifaçısı Seyid
Şuşinskinin yanına
apardı. Həmin günü müğənni
tez-tez xatırlayardı:
"Kəndin girəcəyində
təmtəraqsız evin
qarğı-qamışdan,
qaratikan kolundan çəkilmiş çəpərin
darvazasını açıb
içəri keçdik.
Bizim həyət-baca min dəfə
oradan yaxşı idi. Qapını üzümüzə arıq,
solğun sifətli kişi açdı. Həmin şəxs Seyid Şuşinski idi. Bibim məqsədini
ona danışdı.
O da məni başdan-ayağa süzüb:
"Bir oxu görüm, a bala", - dedi.
Müraciət o
qədər soyuq, könülsüz idi ki, boğazım
qurudu. Ustad yenidən
mənə baxıb:
"Niyə səslənmirsən,
ay oğul?" Cavabı da özü verdi: "Tanrı mənə qismət verib, onu danmaram" - misrası ilə başlayan qəzəli
"Çahargah" muğamı
üstə oxudu. Qırışığım açıldı.
Yaman başladım. Tar-kamansız pəsdən-zildən elə oxudum ki, Seyid əmi
kövrəldi. Handan-hana
başını qaldırıb
bibimə: "Bu uşağı Bakıya
- musiqi məktəbinə
aparın", - dedi.
1951-ci ilin isti yay
günlərinin birində onu Bakı şəhərinə -
Seyid əminin məsləhət gördüyü ünvana
apardılar. O, həmin günü ömrü boyu unutmadı. Sonradan xatirələrində
belə yazıb:
"Keçdim içəri.
Oxudum. Tanımadığım,
üzlərini ilk dəfə gördüyüm
insanlar maraqla, heyrətlə məni dinlədilər. Eləsi də oldu ki,
təbrik edib uğurlar arzuladı. Burada təhsil aldım".
Məktəbi
bitirəndə təyinatını Dövlət
Flarmoniyasına verdilər.
İslam Rzayev ilk iş yerində Niyazi, Fikrət Əmirov, Cahangir Cahangirov, Tofiq Quliyev, Səid Rüstəmov, Hacı Xanməmmədov və başqa sənət korifeyləri ilə birgə əmək fəaliyyətinə başladı.
O dövrdə filarmoniyaya
sənətsevərlər həvəslə
gedərdilər. Orada Şövkət
Ələkbərova, Əbülfət
Əliyev, Sara Qədimova, Xan Şuşinski, Zülfü
Adıgözəlov, Ağabala
Abdullayev, Fatma Mehrəliyeva və başqa mahir ifaçıların konsertləri
keçirilərdi. İfa
qabiliyyətlərinə görə
sevilənlərin arasında
İslam da olar, tamaşaçıların
sürəkli alqışlarından ona da pay düşərdi.
Oxuduğu "Aşıq
Alı", "Bağrıma
basmışam Azərbaycanı",
"Nəsimi" kantatası,
təsniflər, mahnılar
dinləyicilərin zövqünü
oxşayardı.
Onun səsində
şirinlik, həm də nisgil vardı. İfa etdiyi
mahnılar ana laylası kimi duyğulara, düşüncələrə
sərinlik, rahatlıq
gətirərdi, təsnifləri
tarım çəkilən
əsəblərə sığal
çəkərdi. Oxuduğu
"Çahargah" müğamı
musiqi sənətimizin
nadir incilərindən
biri kimi tarixdə qalıb. O, heç vaxt ucuz şöhrət ardınca getməyib. Səsinin məlahətli olduğunu dərk edəndən çalışardı
ki, adı hörmətlə çəkilsin.
Dəvət olunduğu
tədbirlərə tərəddüdsüz
gedərdi. Dünyanın
əksər ölkələrində
qastrol səfərində
olmuşdu. Respublikanın
xalq artisti fəxri adına layiq görülmüş,
uzun müddət təlim-tədrislə məşğul olmuş,
professor elmi dərəcəsi almışdı.
Qürur hissi duyardı ki, yüzlərlə yetirməsi
var.
Bir zamanlar
məlahətli, könül açan səsi, səhnə
mədəniyyəti, pedaqoji fəaliyyəti, yüksək
insani keyfiyyətləri ilə tanınan İslam Rzayev
vəfatından sonra da unudulmur. Hər dəfə
ifa etdiyi neçə-neçə
mahnı, təsnif, muğam efirdən, ekrandan səslənəndə
onun ruhuna dualar oxunur. İstedadlı ifaçının
xidmətlərindən biri
də 20 illik yubileyini qeyd etməyə hazırlaşdığımız
Muğam Teatrını
yaratması olub.
Nə qədər milli musiqimiz yaşayacaq, onun da adı hörmətlə
çəkiləcəkdir.
Azərbaycan.- 2008.- 2 noyabr.- S. 4.