Dimitrios Mitropulos adına Dirijorların XII beynəlxalq müsabiqəsinin qalibi

Eyyub Quliyev: "Mən "Colours" Simfonik Orkestri üzvlərinin gizli səsverməsi nəticəsində "Orchestra Preference Award" mükafatına layiq görüldüm"

 

Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, gənc dirijor Eyyub Quliyev Yunanıstanın paytaxtı Afinada keçirilən Dimitrios Mitropulos adına Dirijorların XII beynəlxalq müsabiqəsinin xüsusi mükafatına layiq görülüb. Müsabiqə Yunanıstanın Mədəniyyət Nazirliyi və "Colours" Simfonik Orkestrinin təşkilatçılığı ilə keçirilib. Səfərdən Azərbaycana dönən dirijor təəssüratlarını səmimi şəkildə bizimlə bölüşdü:

- Yunanıstanda təşkil olunan Dirijorların XII beynəlxalq müsabiqəsi dünyada ən nüfuzlu hesab olunan dirijorluq müsabiqəsidir. Bu, XX əsrin ən böyük dirijorlarından biri olan yunan əsilli Dmitros Mitroposun adını daşıyan müsabiqə idi. Müsabiqə beynəlxalq səviyyədə 12-ci dəfədir ki, təşkil olunur. Müsabiqə ənənəvi olaraq iki ixtisas - bəstəkarlıq və simfonik dirijorluq sahələri üzrə keçirilir. Bunun simvolik bir mənası da vardır. Dmitros Mitroposun böyük bir bəstəkar olduğuna görə müsabiqənin istiqamətləri məhz qeyd olunan ixtisaslar üzrə götürülmüşdür. Bu müsabiqə ötən il bəstəkarlıq üzrə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilmişdir. Müsabiqəyə hər il tanınmış musiqiçilər dəvət olunur və münsiflər heyətinin təşkilatçılığı ilə həyata keçirilir. Ötən müsabiqədə münsiflər heyətinin sədri, dünya şöhrətli musiqiçi Şedrin idi. Builki müsabiqədə isə münsiflər heyətinin sədri İspaniyadan dəvət olunmuş Arturo Tamayo idi. Münsiflər heyətinin tərkibinə isə dünyanın məşhur akademiyalarını təmsil edən musiqiçilər daxil idi. Bu müsabiqə Yunanıstanın mədəni həyatında böyük bir hadisə kimi qiymətləndirilir. Belə ki, yerli mətbuat orqanlarının, televiziya kanallarının müsabiqə iştirakçılarına müraciəti və maraqla yanaşması qeyd olunan fikirləri təsdiqləyir. Onu da qeyd edim ki, bu müsabiqə Yunanıstan prezidentinin şəxsi himayəsi altında keçirilir. Müsabiqənin təşkilatçıları Yunanıstanın Mədəniyyət Nazirliyi, Yunanıstanın ən böyük konsert salonlarından biri olan Niqaron konsert salonunun rəhbərliyi və Yunanıstanın simfonik orkestrlərindən biri olan Kalosdur. Müsabiqə çərçivəsində Kalos orkestri müsabiqəçilərlə birgə çıxış etdi. Onu da vurğulayım ki, bu müsabiqə çox böyük mübarizə ilə davam etdirildi. 44 ölkəni təmsil edən 171 dirijor müsabiqədə gərginliklə öz məharətini göstərməyə çalışırdı. Münsiflər heyətinin rəyi ilə birinci tura 171 nəfərdən 15 nəfər dirijor seçildi. İkinci turda 8 nəfər, üçüncü tura - finala isə yalnız 4 gənc dirijor qəbul olundu. Onlar Amerikanı, İspaniyanı, Braziliyanı, İtaliyanı, Latviyanı, Almaniyanı, Koreyanı, Sinqapuru, Böyük Britaniyanı və Azərbaycanı təmsil edən dirijorlar idi. Keçmiş SSRİ məkanında bu müsabiqədən yalnız Azərbaycan təmsil olunurdu. Qeyd etdiyim 4 dirijor Böyük Britaniya, Almaniya, Sinqapur və Azərbaycanı təmsil edən musiqiçilərdir. Müsabiqə müəyyən çətinlikləri ilə əlamətdar idi. Belə ki, birinci turda biz 20 dəqiqə ərzində həm dirijor, həm də Kalos orkestri ilə birlikdə intellektual səviyyəmizi aşkarlamalı idik. Vaxt baxımından 20 dəqiqə ərzində 3 əsəri ifa etmək o qədər də asan deyil. Birinci turda təkcə simfonik orkestr ilə deyil, xüsusi instrumental ansamblla birlikdə birgə fəaliyyətdə olmalıydıq. İkinci turda isə müsabiqə iştirakçılarına 30 dəqiqə vaxt ayrılmışdır. Burada əsərlərin səviyyəsi daha mürəkkəb bir şəkildə ortaya qoyulurdu. Belə ki, daha qəliz, böyük və əhatəli janrda olan əsərlərin səslənməsi tələb edilirdi. Bu sırada Bethovenin, Çaykovskinin, Debüsinin, Motsartın əsərləri ifa olundu. Həm də bizə tapşırıq verilmişdir ki, bu müsabiqə üçün xüsusi olaraq yazılmış yunan bəstəkarı Teador Antonin müasir əsərini necə qavrayıb, tamamilə yeni bir üslubda, necə orketrə çatdırmağımızı göstərək. Bunun üçün cəmi 10 dəqiqə vaxt ayrılmışdı. Mən bir çox müsabiqələrdə iştirak etmişəm, lakin bu müsabiqə çox əhatəli və məzmunlu bir müsabiqə kimi yaddaşımda qaldı. Üçüncü turda isə Afina şəhərində keçirilən müsabiqənin bağlanış mərasimi Neqaronda keçirildi və burada qeyd etdiyim kimi, 4 dirijor iştirak edirdi. Müsabiqənin şərtlərinə görə, orkestrin xüsusi bir mükafatı var idi. Kalos orkestrinin üzvləri bütün müsabiqə boyu dirijorları müşahidə edirdilər və yalnız onlardan birini gizli səsvermə yolu ilə öz aralarında qalib seçməli idilər. Həmin gün təşkil olunan Qala konsertdən sonra orkestrin bədii rəhbəri və baş dirijoru səhnəyə çıxaraq səsvermənin nəticəsini elan edərək səs çoxluğunu Azərbaycandan gələn bir dirijora verildiyini bildirdilər. Beləliklə, "Colours" Simfonik Orkestri üzvlərinin gizli səsverməsi nəticəsində "Orchestra Preference Award" mükafatına layiq görüldüm. Bu, çox böyük bir hadisə idi. Bütün informasiya vasitələri, qruplar bunu maraqla qarşıladılar. Müsabiqədə finala çıxmaq, xüsusilə, orkestrin rəğbətini qazanmaq mənim üçün çox böyük uğurdur. Bu, Azərbaycan dirijorluq sənətinin ən böyük nailiyyətidir. Bu müsabiqədən sonra Yunanıstanın mədəniyyət naziri, münsiflər heyətinin üzvləri, eləcə də, dünyada tanınmış dirijorlarla konsertdə iştirak edən Yunanıstanın həmin musiqiçilərlə görüşmək imkanı qazandım və görüş çərçivəsində Azərbaycanla bağlı bir çox mədəniyyət nümunələrini onlara təqdim edə bildim. Azərbaycandan gedəndə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Muğam antalogiyası"nı, bir çox ifaçıların disk və musiqi albomlarını, eləcə də, kitab və ensiklopediyaları özümlə aparmışdım. Təkcə ifaçılıqla deyil, Azərbaycan milli mədəniyyətini təbliğ etməyi qarşıma məqsəd qoymuşdum. Həmin nümunələri onlara hədiyyə etdim.

Onu da deyim ki, Azərbaycan ilk dəfə idi ki, bu mötəbər müsabiqəyə dəvət alırdı. Fəxr edirəm ki, belə bir müsabiqədə Azərbaycanı təmsil etmək mənə həvalə olunmuşdu. Təbii ki, belə bir mötəbər müsabiqədə çıxış etmək və mənsub olduğun dövləti təmsil etmək olduqca məsuliyyətli bir işdir. Artıq Azərbaycanın adı bu müsabiqədə geniş bir şəkildə hallanırdı. Onu da qeyd edim ki, son illərdə Azərbaycanın dünya miqyasında adı müxtəlif sahələrdə yüksək bir səviyyədə hallanır və onun mədəniyyətində, sosial-iqtisadi həyatında baş verən dəyişikliklər beynəlxalq bir səviyyədə işıqlandırılır və təbliğ olunur. Azərbaycana olan münasibətin hansı formada olmasının bir daha şahidinə çevrildim. İfaçılıq mədəniyyətini bütün dünyada təsdiq edən ölkələrlə Azərbaycanın adının birgə hallanması və finalda qaliblər sırasında adının çəkilməsi qürur yaradan haldır. Müsabiqə sona yetdikdən sonra mənə təklif olundu ki, gələn il Yunanıstanın Kalos və Neqaron orkestrləri, Diana Kamera Filarmoniyasının kollektivi ilə birgə Azərbaycan musiqisindən ibarət geniş bir konsert proqramı ilə çıxış edim. Burada əsas məqsəd Azərbaycan musiqisini geniş bir şəkildə Yunanıstanda təmsil olunmasıdır. Noyabr ayının sonu, dekabr ayının əvvəllərində Polşanın məşhur kollektivlərindən olan dövlət kamera orkestri ilə konsertin təşkili nəzərdə tutulub. Konsert Polşanın filarmoniyasında keçiriləcək. Bu təklifi orkestrin bədii rəhbəri Frank-Furt konservatoriyasının professoru V.Raykidən almışam. O, təkcə Polşada deyil, Avropada məşhur olan musiqiçilərdəndir. Biz belə qərara gəldik ki, həmin konserti sırf Azərbaycan musiqisinə həsr edək. O, mənim bu təklifimi çox böyük məmnuniyyətlə qəbul etdi. Polşa Dövlət Kamera Orkestrinin ifasında Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin kamera orkestri üçün yazdıqları musiqi nömrələri ifa olunacaq. Digər konsertim isə Belorusun paytaxtı Minsk şəhərində Azərbaycanın Belorusdakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək. Bu konsert proqramı Belorusun dövlət simfonik orkestri ilə birgə həyata keçiriləcək. Qeyd edim ki, bu orkestrlə birgə ötən il konsertim olub. Həmin konsert Azərbaycanın Müstəqillik Gününə həsr olunmuşdu. Bu dəfə isə konsert Azərbaycan və Belorus mədəniyyət ələqalərinin 15 illiyinə həsr olunacaq. Həmin konsertdə Azərbaycandan mənimlə yanaşı, xalq artisti, professor, tarizan Ramiz Quliyev də çıxış edəcək. Eyni zamanda, Belorusun musiqiçilərindən biri, mənimlə birgə fortepiano orkestri üçün irihəcmli əsəri ifa edəcək. Bunun da bir simvolik mənası var ki, azərbaycanlı dirijor, azərbaycanlı və beloruslu solist birgə layihə ilə çıxış edəcək. Belə bir fikrimiz də var ki, Belorusu təmsil edən bir dirijor da bu konsert proqramına daxil edilsin. Ümid edirəm ki, bu ideya gerçəkləşdikdən sonra böyük bir əks-səda doğuracaq. İki dövlətin mədəni əlaqələri hər zaman diqqət mərkəzində olub və bu ənənə davam etdiriləcək.

 

Səs.- 2008.- 19 noyabr.- S. 12.