Ələddinqızı N.

 

Tofiq Quliyev-91

 

Zamana sığmayan düşüncələrin həzin musiqisi

 

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti, bəstəkar Tofiq Quliyev 7 noyabr tarixində dünyaya gəlmiş, kövrək, həzin musiqi nömrələri ilə bu aləmdə dəsti-xəttini müəyyənləşdirmişdir. Onun ana laylası kimi həzin, şirin nəğmələri insan qəlbinin coşqun, zərif nöqtələrinə sirayət edərək, insana bu dünyadan bir anlığa ayıraraq, tamamilə başqa bir aləmdə yaşamağa sövq edir. Bu aləmdə yaşanılan duyğular mənəvi hisslərin qidalanmasına təsir göstərir. Yaşından, sənətindən asılı olmayan hər kəs Tofiq Quliyev sənətinin axarında öz arzularına qovuşur. Onun lirik ovqatlı musiqi nömrələrinin hər birində insan qəlbinin ən təmiz, ən coşqun və qaynar nöqtələri öz əksini tapıb. Bu, Tofiq Quliyev şəxsiyyətinin böyüklüyü ilə ölçülən bir dəyərdir. Zamana sığmayan düşüncələrin içərisində yaşamaq və qeyri-adi bir dünya ilə vəhdətdə olmaq üçün Tofiq Quliyev musiqi dünyasının qonağı olmağa kifayət edər.Sənətkarın yaradıcılıq görüşlərinə nəzər salmaq, onun bəstəkarlıq məktəbinə gətirdiyi töhfələri bir daha nəzərdən keçirmək üçün respublikanın tanınmış, istedadlı musiqiçilər nəsli ilə əlaqə yaratdıq.

Bakı Musiqi Akademiyasının professoru, respublikanın xalq artisti, "Şöhrət" ordenli bəstəkar Musa Mirzəyev:

- Tofiq Quliyev Azərbaycan bəstəkarlıq məktəbinin parlaq nümayəndələrindəndir. Təbiət onu olduqca istedadlı, gözəl şəxsiyyət kimi yetirmişdir. Bəstəkar Azərbaycan Dövlət Konservatoriyasında təhsil almaqla kifayətlənməmiş, musiqi sənətini genişləndirmək məqsədilə Moskva Dövlət Konservatoriyasına daxil olmuşdur. İstər gənclik illərində, istərəsə də, yaradıcılığının sonrakı mərhələsində Azərbaycan musiqi sənətinə müvəffəqiyyətlər gətirmişdir. Onun yaradacılığı kütləvi janrlarda inkişaf edərək, milli musiqi sənətimizə zənginlik əlavə etmişdir. Kino musiqisinə bəstələdiyi bir çox mahnılar tez bir zamanda məşhurlaşırdı. Tofiq Quliyev 30-dan artıq filmə musiqi bəstələmişdir. O, "Görüş" "Bəxtiyar", "Onu bağışlamaq olarmı", "Sən həmişə mənimləsən", "Qızmar günəş altında", "Qaynana", "Möcüzələr adası", "Şir evdən getdi" və bir çox kinofilmlərə musiqilər bəstələmiş, filmlərin ahəngini musiqi nömrələri ilə açmağa müvəffəq olmuşdur. T.Quliyev elə sənətkardır ki, onun filmlərdəki qəhrəmanların həyat tərzi, onların psixoloji sarsıntıları və digər məqamları məhz musiqi vasitəsilə təqdim edə bilmişdir. Onun bu musiqi nömrələrində obrazlılıq, səmimiyyət özünü büruzə verir. Həmin filmlərə bəstələdiyi mahnıları müğənnilər repertuarlarına daxil edərək uzun illər həmin musiqi nömrələrini konsert salonlarında professional bir şəkildə ifa etmişlər.

Onu da vurğulayım ki, T.Quliyev istedadlı, professional dirijor olduğundan, bütün kinofilmlərə yazdığı musiqi nömrələrinə özü dirijorluq etmişdir. Bu musiqi təkcə Azərbaycanda deyil, keçmiş SSRİ məkanında geniş bir şəkildə yayılmışdır. Rəşid Behbudov, Şövkət Ələkbərova, Mirzə Babayev kimi böyük sənətkarlar Tofiq Quliyev mahnılarına dəfələrlə müraciət edərək, onun əsərlərinin mahir ifaçısına çevrilmişlər. İfa olunan musiqi nömrələri sonrakı illərdə də yetişən nəslin yaradıcılığına töhfəsini vermişdir. Gözəl melodizmi, dramatikliyi ilə seçilən bu musiqi nömrələri Tofiq Quliyev yaradıcılığının məhz yüksək səviyyədə olduğunu göstərmişdir. Tofiq Quliyev elə bir bəstəkar idi ki, o, qeyri-professional müğənniyə musiqisini ifa etməyə icazə vermirdi. Özü istedadlı olduğundan istedadlı sənətkarlarla da əməkdaşlıq edərdi. Tofiq Quliyevin cəmiyyətdə bəstəkar kimi özünəməxsus yeri var. Musiqi nömrələrindəki rəngarənglik, çalarlılıq Tofiq Quliyev yaradıcılığının klassik olduğunu göstərir. Onun yaratdığı musiqi nömrələri məzmun etibarilə şaxəlidir. Belə ki, bu musiqilərdə müxtəlif təbəqəni təmsil edən insanların əməlinə, surətinə təsadüf edilir. Tofiq Quliyev kənd təsərrüfatı işçilərinə, neftçilərə, eləcə də, dövrün qabaqcıl əməkçi insanlarına mahnılar bəstələməklə yanaşı, ali hissləri tərənnüm edən əsərlər yaratmağa da üstünlük vermişdir. İnsana, torpağa, vətənə olan sevgi hissi Tofiq Quliyevin kinofilmlərində, eləcə də, mahnılarında öz əksini tapır. Onu da vurğulayım ki, Tofiq Quliyev həm də ictimai xadim kimi Azərbaycan musiqisi tarixinə öz imzasını atmışdır. Belə ki, uzun illər Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsində çalışmışdır.

Çoxşaxəli yaradıcılıq yoluna malik olan sənətkar gənc yaşlarından simfonik əsərlər yaratmaq üçün yaradıcılığında yer ayırmışdır. Mən deyərdim ki, Tofiq Quliyevin xeyirxah insan, istedadlı musiqiçi, gözəl bəstəkar kimi Azərbaycan musiqi tarixində əbədi olaraq öz yerini qazanmışdır.

- Respublikanın əməkdar artisti, Opera və Balet Teatrının solisti Gülyaz Məmmədova:

- Tofiq Quliyev mənim üçün əvəzsiz bir bəstəkardır. Hələ səhnəyə ilk addımlarımı atdığım zamandan Tofiq Quliyev yaradacılığı ilə təmasda olmuşam. Təbii ki, o illərdə mən professional səhnədə deyildim. Buna baxmayaraq, harada çıxış edirdimsə, Tofiq Quliyev sənətindən nümunələri repertuarıma daxil etməyə çalışırdım. Onun "Axşam", "Azərbaycan", "Bakı haqqında mahnı", "Zibeydə", "Sənə də qalmaz", "Əziz surət", "Lirik mahnı", "Qafqazın süfrə mahnısı", "Dostlar haqqında mahnı", "Üzüyümün qaşı", "Neftçi haqında mahnı", "Toy mahnısı", "Bəxtəvər oldum". "Mehriban xanım", "Sevməmək olmaz", "Yar gəlir görüşə", "İlk bahar", "Badamlı", "Bakı", "Qalalıyam" kimi mahnıları Azərbaycan musiqisində mahnı janrının ən gözəl nümunələridir.

Onun əsərlərinin əksəriyyətini, demək olar ki, böyük zövqlə, həvəslə ifa etmişəm. Bu mahnıların hər birində Tofiq Quliyev sənətinin böyüklüyü dayanır. Onun sanki qəlbinin, ürəyinin döyüntülərini hiss edir, sənətkarın qeyri-adi həssaslığını görürük. Tofiq Quliyevin kinofilmlərə yazdığı musiqi nömrələri də mənim yaradacılığımda mühüm rol oynayır. Onun "Görüş", "Bəxtiyar", "Onu bağışlamaq olarmı", "Ögey ana" və digər kinofilmlərə yazdığı musiqi nömrələri mənim sənət tərcümeyi-halımda xüsusi yer tutur. Bu mahnılar mənə nailiyyətlər gətirmişdir. İstər Azərbaycanda, istərsə də, onun hüququndan kənarda qastrol səfərlərində olarkən Tofiq Quliyev yaradacılığına müraciət edirəm və bütün dinləyicilər tərəfindən bəstəkarın sənət dünyası alqışlarla qarşılanır.

Tofiq Quliyev Azərbaycan bəstəkarlıq məktəbinin korifeyləri sırasındadır. Onun musiqi nömrələri neçə-neçə sənətkarın sənət qalareyasında yer tutub. Sözsüz ki, hər bir sənətkara bu musiqi nömrələri böyük uğur, şöhrət gətirib. Tofiq Quliyevin sənət aləmindəki cismani yoxluğu hiss olunmur. Çünki o, Azərbaycan musiqi sənəti tarixinə elə incilər bəxş etmişdir ki, hər zaman Azərbaycan musiqisevərləri ilə bahəm yaşayır və onların hisslərini, duyğularını mənən qidalandırır. Bu sənətkar zamanın böyük yaradıcı simalarındandır.

Onu da qeyd edim ki, Tofiq Quliyevin sənətkarlığı mahnı janrında yaratdığı əsərlərlə məhdudlaşmır. Belə ki, akademik səviyyədə yazıb-yaradan Tofiq Quliyev Azərbaycan Dövlət Musiqili Komediya Teatrında da maraqlı sənət nümunələri təqdim edə bilmişdir. Belə ki, o, "Aktrisa", "Ella, sabahın xeyir", "Qızıl axtaranlar", "Sənin bircə sözün" operettalarını tamaşaya qoymuş və həmin əsərlər geniş rəğbət qazanmışdır. Tofiq Quliyev Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, direktoru kimi də fəaliyyət göstərmişdi ki, bu illər ərzində də musiqi sənətinin inkişafına xidməti əvəzsiz olmuşdur. Doğum günündə sənətkarı yad edib, payızın çiskinli vaxtında onun yaradacılıq palitrasının kiçik bir hissəsinə nəzər salıb yad etmək bizlər üçün böyük qürurdur. Mən belə sənətkarlar qarşısında bir müğənni kimi baş əyirəm. Neçə-neçə müğənnilər nəslinin yetişməsində məhz belə sənətkarlar nəslinin əməyi vardır.

Respublikanın xalq artisti Aygün Bayramova:

- Yaradacılığa başladığım ilk günlərdən T.Quliyev yaradacılığına müraciət etmişəm. Onun mahnılarının repertuarımda hər zaman, eləcə də, bu gün xüsusi yeri vardır. Bütün istedadlı müğənnilər T.Quliyev yaradacılığına müraciət edirlər. Mən muğam sənətinin ifaçısı olsam belə, Azərbaycan xalq mahnılarından təsnif, muğamla yanaşı, bəstəkar mahnılarına da yer ayırmışam. Təbii ki, bu bəstəkarlar sırasında T.Quliyev, Cahangir Cahangirov, Səid Rüstəmov kimi bəstəkarların mahnıları yer tutur. T.Quliyevin "Axşam", "Tez gəldi" kimi klassik mahnılarını hər zaman konsert proqramlarımda ifa etməyə çalışıram.

Bu musiqi nömrələri insan duyğularının ən zərif nöqtələrinə belə təsir göstərir, onun sevgi hisslərini yüksək bir səviyyədə tərənnüm edir. Hələ illər əvvəl Həsənağa Qurbanovun rəhbərlik etdiyi "Dan ulduzu" instrumental ansamblında solist kimi T.Quliyevin "Axşam" mahnısını ifa etmişdim. Bu mahnı mənə çox böyük müvəffəqiyyət gətirdi. Musiqişünasların fikrincə, Şövkət Ələkbərovadan sonra bu mahnının gözəl ifaçılarından biri də mən olmuşam.

T.Quliyev yaradacılığında elə bir mahnı yoxdur ki, ona biganə yanaşasan. Hər biri yüksək səviyyədə yazılmış, akademik səviyyədə olan mahnılardır. Bu xüsusiyyət onun klassik musiqimizə olan dərin məhəbbətindən, eləcə də, bu sənətin incəliklərindən irəli gəlir. Bəstəkar zərif qəlbli, incə ruhlu, həssas insan olduğundan, belə əsrarəngiz mahnıların müəllifinə çevrilmişdir. Dünən sənətkarın doğum günü idi. Belə bir zamanda onun yaradacılığına nəzər salıb, sənətkarlıq xüsusiyyətlərini göz önünə gətirmək mənim üçün böyük şərəfdir. T.Quliyev yaşayır və zamanından asılı olmayaraq, musiqi nömrələrinin gözəlliyi, ahəngdarlığı ilə illər, qərinələr boyu yaşayacaqdır.

 

Səs.- 2008.- 8 noyabr.- S. 12.