Əsilbəyli X.

 

Dahilər reklama ehtiyac duymaz

 

Skripkaçı Səlim: "Adımı çəkməyə paxıllıq edirlər"

 

Müsahibimiz musiqi məktəbinin kamança sinfini bitirsə də, skripkaya üstünlük verən, bir çox müsabiqələrdə, festivallarda iştirak edərək 1-ci yerlərə layiq görülən, Asəf Zeynallı adına musiqi məktəbini bitirən, sonradan konservatoriyaya daxil olan və hazırda Milli Konservatoriyada müəllim kimi çalışan gənc istedadlı skripkaçı Səlimdir.

O, canlı korifeyimiz Zeynəb Xanlarovanın ansamblında müşayiət edir.

Bir azca uşaqlığından...

Ailədə 3 qardaş, 1 bacıdırlar. Qardaşları bacısı da musiqiçidir. 3 - 4 yaşından musiqiyə böyük həvəsi olan Səlim atası ilə el şənliklərində iştirak edib. Tütək, ionika, nəlbəkidə ifa edən skripkaçı uşaqlıqda o qədər dəcəl olmayıb. Ailənin böyük övladıdır. Güləş, karate, boksa meyl göstərib. "Futbol xəstəsiyəm" deyir. Hazırda idmanın üzgüçülük, futbol növü ilə məşğul olur. Səlim söhbətinə Zeynəb Xanlarova kimi sənətkarla işbirliyi qurmasından başladı:

- Günlərin birində Avtandil müəllimin ansamblından bir nəfər mənə zəng edib toya dəvət etdi. El şənliyindəki ifalarım Avtandil müəllimi valeh etdi. O mənə "sən kiminləsə çalışırsan" deyə soruşdu. O vaxtlar tələbə olduğumdan "təhsil alıram" dedim. Məni bir neçə toya dəvət etdi. Moskvada, Türkiyədə çıxışlarımız oldu. Bir dəfə Ukraynada böyük restoranlardan birində konsert proqramı ilə çıxış edirdik.

Restoranın divarlarını ən tanınmış sənət adamlarının şəkilləri bəzəyirdi. Öz şəklimi onların arasında görəndə çox sevindim. Bir gün xalq artisti Sadıq Zərbəliyev mənə zəng edərək dedi sənə sürprizim var. Getdim. Biz Heydər Əliyev adına Saraya daxil olanda başa düşdüm ki, Sadıq müəllim mənə doğrudan da sürpriz hazırlayıb. Bir az keçmiş Zeynəb xanım gəldi. mənə baxaraq "Sadıq, dediyim oğlan budur" deyə soruşdu. Sən demə, Zeynəb xanım məni efirdə görüb ifamı çox bəyəndiyindən Sadıq müəllimə tapşırıb ki, məni tapsın. Elə ilk ifamdan sonra sənətə həddən ziyadə tələbkar məsuliyyətli yanaşan, sənətə böyük dəyər verən dünyaşöhrətli Zeynəb xanım ifamı çox bəyəndi. Artıq 2 ildir Zeynəb xanımın ansamblında çalışıram çox məmnunam. Zeynəb xanım işində çox ciddi tələbkardır. Onunla çalışmaq böyük məsuliyyət tələb edir. İllərin təcrübəsindən bəhrələnən dünyaşöhrətli Zeynəb xanımla işləmək həm böyük fəxrdir.

- Reklama ehtiyacın varmı?

- Zeynəb xanım, Rəşid Behbudov kimi dahi sənətkarların reklama ehtiyacı yoxdur. İndiki bütün müğənnilərin reklama ehtiyacı var. Kiminsə xətrinə dəymək istəməzdim. Bu gün heç bir müğənni deyə bilməz ki, bir müddət efirə çıxmasa, unudulmaz. Unudulmayanlar dahi sənətkarlarımızdır. Məni sevindirən bir gözəl xatirəni yada salmaq istərdim. Bir dəfə İstanbulda konsert verərkən Zeynəb xanım səhnəni 15 dəqiqə tək mənə həvalə etdi. Təsəvvür edin bu mənim üçün demək idi. Alqışlar bir daha sübut etdi ki, türk tamaşaçısı tərəfindən çox bəyənildim.

- Yəqin, bundan sonra Zeynəb xanımın ən sevimlisinə çevrilmisən...  Bəli, elə oldu. Ümumiyyətlə, Zeynəb xanım ansamblın üzvlərinə böyük dəyər verir hər konsertdə onları tamaşaçısına xüsusi olaraq təqdim edir.

- Türkiyədə çıxışlarından sonra təkliflər gəldi?

- Çox təkliflər almışam. Sadəcə, vətənimdən ayrı yaşaya bilmərəm. Mən eyni zamanda "Natiq-ritm" qrupu ilə çalışıram. Kiçik qardaşım Xəyal da bu qrupda çalışır. Adıçəkilən qrupla bir neçə maraqlı layihələrimiz var. Eyni zamanda tarzən Ramiz Quliyevlə çox ifalarımız olub. Mədəniyyət Turizm Nazirliyinin demək olar bütün tədbirlərində fəal iştirak edirəm.

- Şöhrətinlə qürrələnirsən?

- Avtomobilim olsa da, tanınmağıma baxmayaraq, bəzən metro ilə getmişəm. Burda ayıb bir şey görmürəm. Əksinə, sənət adamı insanlar arasında daha çox görünməlidir. Bizi dəyərləndirən, yüksəklərə qaldıran xalqdır. İnsanlar sənət adamlarının sadəliyinə qiymət verirlər. Sadəlik özü bir gözəllikdir. Ağac bar verdikcə başını aşağı əyər. Azərbaycanı hər zaman onun hüdudlarından kənarda da fəxrlə, layiqincə təmsil etmişəm. Moldova prezidenti Azərbaycana təşrif buyurarkən etdiyim çıxışdan həm o, həm ölkə başçımız məmnun qalmışdı. Yəni bütün xoş sözlər başımı gicəlləndirməyib, əksinə, bir qədər ruhlandırıb.

- Mümkünsə, planların barədə oxucularımıza məlumat verərdin.

- Yeni albom üzərində çalışıram. Albomun hazır olmasına 3 - 4 mahnı qalıb. Əminəm ki, bəzi xalqların repertuarından, Azərbaycanın sevimli mahnılarından ibarət albom hər bir təbəqədən olan dinləyicilərin zövqünü oxşayacaq. Qeyri-adi, fərqli bir klip çəkdirmək istərdim.

Xaricdə maraqlı bir ekran əsəri yaratmaq pis olmazdı. Mən çox ölkələrdə səfərlərdə oluram. Elə oradakı çıxışlarımın lent yazılarından ibarət belə bir fikri həyata keçirmək mümkündür.

- Səncə, sənət adamının qalmaqalla reklam olunmağı düzgündürmü?

- Sənət adamı sənəti ilə reklam olunmalıdır. Sənətdə olub bir-birinə paxıllıq edərək arxasınca danışanlara qətiyyən pis baxıram. Düşünürəm ki, sənət olmayan yerdə qalmaqallı reklam var. Mən tanıdığım sənət adamlarının adını hər zaman efirdə sadalayıram. Amma görürəm bəziləri mənim adımı çəkməyə belə paxıllıq edirlər. Qeyd edim ki, bir çox tanınmış müğənniləri müşayiət etmişəm. Heç zaman pul arxasınca qaçmamışam, məqsədim sənətdə yeniliklər etmək olub.

 

Həftə içi.- 2008.- 4 noyabr.- S. 8.