Əsilbəyli X.
Zümrüd
Məmmədova: "Dostlarım
və bacılarım
mənə səhnəyə
qayıtmağı məsləhət
gördülər"
Müsahibimiz xalq artisti, Mədəniyyət və İncəsənət Universitetində muğam kafedrasının müəllimi, eyni zamanda İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyətlə məşğul olan Zümrüd Məmmədovadır.
Müğənni xanım son zamanlar efirlərdə çox az-az görünsə də, dediyinə görə, yaradıcılığında heç bir durğunluq yoxdur. Qastrollara da gedir, həmçinin özünə və sənətinə hörmət edən telekanalların dəvətini yerə salmır. Bəs Zümrüd xanım bugünkü ifaçıların hansı xüsusiyyətlərini bəyənmir?
- Bu gün onları tənqid edənlər çoxdur. Sadəcə, bir nəticə əldə olunmur. Yaxşı ifaçılar, ümidverici müğənnilər yox deyil. Mən onları dəstəkləyirəm. Bununla yanaşı, pis ifaçılar da var. Onlara məsləhətim odur ki, nə qədər cavandırlar özlərini başqa bir sənətə yönəltsinlər. Bu sənətlə qocalıqda da yaşamaq lazımdır ki, ailəni dolandırasan. İndi səsi və sənəti olmayanlar cavanlıq və gözəllik hesabına bir neçə il oxuya bilərlər. Ancaq onlar düşünməlidirlər ki, sənət və istedad olmadan gələcəkdə maddi rifahlarını necə quracaqlar. Nizami Gəncəvi deyir: "Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan". Ona görə sənətində kamil olmalısan ki, ahıl yaşda belə sənətinin bəhrəsi ilə dolana biləsən. Bir də populyarlıq heç də hər zaman telekanallarda gündəmdə olmaq demək deyil. Onlar 1-2 ay efirdə olub, sonra küncə çəkilir. Zaman ötdükcə onları kimsə xatırlamır. Özünü güclə qəbul etdirib populyarlaşmaq olmaz. Ötən əsrin 70-ci illərindən oxuyuram. Yadıma gəlir ki, anam rəhmətə gedəndə mənəvi cəhətdən sarsılmışdım və 2 il efirə çıxmadım. Həvəsdən düşmüşdüm, çünki insana ən əziz olan bir kəsi - anamı itirmişdim. Dostlarım və bacılarım mənə səhnəyə qayıtmağı məsləhət gördülər. O zaman küçəyə çıxanda hamı mənə yaxınlaşıb səhnədə görmək istədiyini deyirdi. 2 ildən sonra televiziyaya çıxanda mənə çoxlu zənglər gəldi. Hamı hansı səbəbdən efirdə olmadığımı soruşurdu. Bax populyarlıq budur - sevənlərin səni axtarması. Bizim dövrün müğənnilərinə həmişə tələbat var. Çünki xalq ifaçıları heç zaman unudulmur.
- Qızınız İlahə bəstəkarlığa həvəslidir. Buna sizin münasibətiniz necədir?
- İlahə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano, muğam və bəstəkarlıq fakültələrində təhsil alır. Düşünürəm gələcəkdə bəstəkar kimi sənətdə özünü göstərəcək. Çünki gözəl bəstələri var. Əvvəllər onun bəstələrini oxumurdum ki, deyəcəklər anası övladını sənətdə irəli çəkir. Hazırda 3 mahnısını ifa etmişəm. Mahnılarını bir neçə sənətçi çox bəyənib. Vahid Əziz, Zəminə Xınalı, Bəxtiyar Vahabzadə, Məmməd Arazın sözlərinə bəstələri var. "Ey ana vətən" mahnısını oxumuşam. Ardından da vətənpərvərlik mövzuları. Onu da bildirim repertuarım hələ ki vətənpərvərlik mövzusundadır. İnşallah, torpaqlarımız alınandan sonra digər mövzulara keçə bilərəm. Mən 1990-cı ildən etibarən Müdafiə Nazirliyinin nəzdində olan orkestrin solistiyəm. Tez-tez cəbhə bölgələrində konsertlər veririk. Mənim də silahım nəğmələrimdir. Mən də əsgərlərimizlə birgə vətən üçün bu cür xidmət edirəm. Bu, doğrudan da, mənim işimdir. Hərbi vətənpərvərlik mövzularında repertuarımda 50-yə yaxın mahnı var.
- Siz müəyyən dövrdə Əlibaba Məmmədovla birgə çalışmısınız..
- Muğam özülüm Nəriman Əliyevin çəkdiyi zəhmətin sayəsində qoyulub. Əlibaba Məmmədov isə ansamblda rəhbərim olub. O, ansamblın incəliklərini, səhnə mədəniyyətini, sadə dildə desək, bicliklərini mənə öyrədib. Bunun üçün ona çox minnətdaram. Allah ona cansağlığı versin.
- Bu gün muğama, xalq musiqisinə olan diqqət sizi məmnun edirmi?
- Sağ olsun Mehriban xanım, bizim muğama belə qayğı göstərir. Qayğı əsasdır. Həyatda hamıya qayğı lazımdır. Əvvəlki illərdə muğam unudulmağa doğru gedirdi. Bizim muğam ustadları, korifeyləri bu yolda mübarizə aparsalar da, müsbət dəyişiklik olmurdu. Hər dəfə telekanallarda estradaya geniş yer verilməsi muğamın təbliğatını üstələyirdi. Amma indi telekanallar muğamın təbliğinə yer ayırıb və bu sahədə böyük işlər görülüb. Bu da Mehriban xanımın xalq musiqisinə göstərdiyi ehtiram, maddi və mənəvi dəstək sayəsində baş verib. Xanəndələrin sayı artmaqdadır. Bu gün ruhdan düşən muğam ifaçıları da həvəslənib və gənclərə qoşulub.
- Əvvəlki ifanızla indiki ifanızı müqayisə edən anlarınız olurmu?
- Deyir, "nəslini danan haramzadadır". Mən
ifamda musiqimizin ana kökündən kənara çıxmamışam.
Muğamdan pöhrələnən
ana laylalarımızla
bəhrələnmişəm. Muğam məktəbi gördüyüm üçün
o laylaları, muğamlarımızı, milli
iradlarımızı unutmaram.
Çünki həmin
o musiqi mənim daxilimdən gəlir, damarlarımdan axır. Bəzən musiqidə müasirlikdən
danışılır. Ola
bilsin ansamblda hər hansı bir alət artırılır
və ya ifada yeni boğazlar
da müasirləşmə
ilə bağlı ola bilər. Ancaq mən heç vaxt milli ladlardan,
musiqi kökümüzdən
kənara çıxmamışam.
Əgər çıxsaydım,
sənət yoldaşlarım,
müəllimim olan sənətkarlar məni qınayardılar. İlk növbədə elə əməkdar artist Vamiq Məmmədəliyev
məni qınayardı
ki, nə üçün sənət yolumdan kənara çıxmışam.
Mən hər zaman Vamiq müəllimin
sənətlə bağlı
fikirlərinə, tövsiyələrinə
əməl etmişəm,
iradlarını eşitmişəm.
Həftə ici.- 2008.- 27 noyabr.- S. 6.