Xaçınçaylı Q

 

Milli musiqimizin keşikçiləri

 

Aydın Mehrəliyev: "Yetirmələrim mənim fəxri adımdır"

 

Tarzən Aydın Mehrəliyev xalq artisti Qədir Rüstəmovu müşayiət edərkən. Tarzən Məşədi Nərimanın 75 illik yubileyindən. 30 may 1991-ci il. Ağdam.

Ustad tarzən, mahir ifaçı Aydın Mehrəliyev respublikamızda tanınan sənətkarlardandır. 1946-cı ildə Ağdamda doğulub. Babası Məşədi Bahadur Qarabağın ən məşhur xanəndələrindən sayılıb.

Xan Əmi, Əbülfət Əliyev, Yaqub Məmmədov, Mütəllim Mütəllimov, Arif Babayev, Şahmalı Kürdoğlu, Qədir Rüstəmov və Aydın Məmmədov kimi böyük sənətkarların ustadı olub. Çox xanəndələr ondan bəhrələnib. Atası Məşhədi Nəriman isə məşhur tarzən idi. O, heç vaxt eyni muğamı eyni tərzdə ifa etməzdi. Məşhədi Nəriman həmçinin gözəl dəf vurardı. Onun ritmləri bu gün də nərimansevərlərin qulaqlarında səslənir. Böyük sənətkarlarımız dəf çalmağı Nərimandan öyrəniblər. Aydın Mehrəliyev sənəti barədə bunları söylədi: "Mən musiqiçi ailəsində doğulmuşam. Babamın və atamın Seyid Şuşinski, Musa Şuşinski, Əhsən Dadaşov, Məmmədağa Muradov kimi musiqişünaslar qonağı olardı. Onlar saatlarla diskussiyalar aparardılar. Muğam sahəsində babamla mübahisələri düşərdi. Axı babam muğam bilicisi idi. Onun qədər heç kəs muğamı bilməzdi. Babam klassikləri çox gözəl bildiyindən qəzəllərin sirlərini onlara açıqlayardı. Ölməz sənətkarlarımız Əhsən Dadaşov, Hacı Məmmədov tarda müşayiət etdikcə tar sənətinə məndə həvəs artırdı. Çalınan və oxunan muğamlar damla-damla mənim qanıma, ruhuma hopurdu. "Mən də böyüyəndə onlar kimi tarzən olacağam" - deyə öz-özümə düşünür və bu amalla yaşayırdım. Tara böyük həvəsimi görən atam öz sənətini mənə öyrədərdi. Mən musiqini tez qavrayırdım. 1962-ci ildə atam məni Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə gətirdi. 1966-cı ildə oranı fərqlənmə ilə bitirib Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilimi davam etdirdim.

Êespublikanın xalq artistləri - professor Süleyman Ələsgərov, Adil Gəraybəyli, əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri namizədi Oqtay Quliyev, əməkdar incəsənət xadimi, professor Ramiz Zöhrabov və bəstəkar Ramiz Mirişlidən dərs almışam. 1973-cü ildə oranı bitirib ordu sıralarına getmişəm. Hərbi xidmətdən qayıdandan sonra musiqi texnikumunda tar müəllimi vəzifəsində çalışdım.

1977/1978-ci tədris ilində isə Qurban Pirimov adına Ağdam 2 saylı Uşaq Musiqi Məktəbinə direktor təyin edildim. Hazırda həmin məktəbə rəhbərlik edirəm".

A.Mehrəliyev bu illər ərzində olan müvəffəqiyyətlərindən də danışdı: "Məktəbimiz Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəfələrlə fəxri fərmanlar və diplomlarla təltiflənib. Əməkdar müəllim, Bakı şəhər 35 saylı musiqi məktəbinin direktoru Yusif Vəliyev, Şuşa Musiqi Texnikumunun əksər müəllimləri, Tahir Haqverdiyev, Zahid Vəliyev, Təyyar Xəlilov və onlarca yetirmələrim olub. İşlədiyim müddətdə Ağdamın "Şur" xalq çalğı alətləri ansamblında çalışdım və İldırım Həsənov, Şahmalı Kürdoğlu, Qədir Rüstəmov, Aydın Məmmədov, Aydın Niftalıoğlu, Hafiz Sədrzadə, Barat Fərhadoğlu kimi böyük xanəndələri tarımla müşayiət etmişəm. Pedaqoji fəaliyyətlə yanaşı, yaradıcılıqla da məşğulam. 32 saydan ibarət "Azərbaycan muğam rəngləri" məcmuəsini yazmışam, bir çox mahnılar və rəqslər bəstələmişəm. Həmin məcmuə 1996-cı ildə çapdan çıxmış və əlavə tədris vəsaiti kimi musiqi ocaqlarında tədris edilir. Məcmuəni bəstəkarlar Ramiz Mirişli, Ramiz Zöhrabov bəyənərək öz rəylərini vermişlər. Bu kitabda o cümlədən Mədəniyyət və Turizm Nazirliyinin də dəyərli rəyləri var. Hazırda 2-ci məcmuə üzərində işləyirəm. Mən uzun illərdir respublikanın xalq artisti Qədir Rüstəmovu konsertlərdə, dövlət televiziya və radio verilişlərində, hətta onun haqqında çəkilən televiziya filmində də tarda müşayiət etmişəm. Ağdam rayonunda Yeni Azərbaycan Partiyasının qurucularından biri olmuşam".

Həyatını milli musiqilərə bağlamış və onun qorunub-saxlanılmasında, inkişafında əvəzsiz xidmətləri olan Aydın Mehrəliyev ömrünün 62-ci baharını arxada qoysa da, nədənsə ad, şan-şöhrət barədə düşünməyib. Bu haqda sualımıza ustad tarzən belə cavab verdi: "Biz sənətə ad üçün gəlməmişik. Gəlmişik ki, bu sənəti qoruyub-saxlayaq, onu gələcək nəsillərə öyrədək. Mənim yetirmələrim fəxri adımdır. Gərək sənətkarları xalq sevsin, xalq sevən sənətkar heç vaxt ölmür. Mənə fəxri adın verilməsi üçün artıq sənədlərim Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub". İnanırıq ki, A.Mehrəliyev kimi əbədiyaşar sənətkarımız öz xidmətləri qarşısında layiqli adını alacaq.
 

Həftə içi.- 2008.- 8-10 noyabr.- S. 6.