Xəlilzadə F.


El sənətkarı

 

Ötən illərdə Misirdə keçirilən folklor festivalında Azərbaycanı təmsil edən "Cəngi" yallı ansamblı yarışmanın qalibi oldu. Bu, faktdır ki, ərəb dünyasını, xüsusilə musiqisevərlərini rəqslə heyrətə gətirmək çox çətindir, bəzən heç mümkün olmur. Çünki ritmik ərəb musiqisi o qədər oynaq, şux, valehedici olur ki, ən coşqun musiqilər, rəqslər belə bu qanı cuşa gətirəcək cazibənin qarşısında sönük görünürlər. Amma Şərurdan gəlmiş qrupun yallısı bütün salonu məftun etmişdi. Xüsusilə qara zurnanın sədaları Qahirənin möhtəşəm konsert salonunda fəqan edirdi.

Ömrünü, gününü nəfəsli alətlərə bağlayaraq pərəstişkarlarının rəğbətini qazanmış Kamal Babayev tütək, balaban, qara zurna, ney klarnetdə milli rəqslərimizi, diringələrimizi, el havalarını, yallıları xüsusi məhəbbət məharətlə ifa edir. Sovet dövründən başlayaraq müxtəlif xarici ölkələrdə (Macarıstan, Polşa, Rusiya, Türkiyə, Misir) keçirilən festivallarda iştirak edərək laureat olub. Sinəsini bu yarışmalardan qazandığı müxtəlif qızıl medallar bəzəyir. Söhbət zamanı söylədi ki, əslində yallının yüz növü var. Naxçıvanda onun 30 növündən istifadə edilir. 1937-ci ildə deputat kimi seçiciləri ilə görüş zamanı Şərurda olan dahi bəstəkar Üzeyir Hacıbəyov el şənliklərində iştirak edib. Şərur yallıları ilə maraqlanarkən qətiyyətlə söyləyib: "Yallının vətəni Şərurdur, yallı Şərurda doğulub". Bu müdrik fikirdən gələn mənanın açıqlamasını təsdiqləmək elə çətin deyil. Naxçıvan bəlkə yeganə bölgədir ki, elə bir toy-düyünü, el şənliyi, mərasimi yallısız keçməz. Ta qədimdən belədir. Yallı bir növ Nəqşicahanın musiqi rəmzinə çevrilib. Xüsusilə gəlin aparanda toy karvanı geniş bir düzənlikdə, yaxud çəmənlikdə mütləq dayanaraq həm qız, həm oğlan tərəfi əl-ələ tutaraq yallı gedir. Yallı birlik rəmzidir.

Kamal Babayev söyləyir ki, müxtəlif yallılar mövcuddur. Hətta hər fəslin mərasimin öz yallısı var: "Bahari", "İrfani", "Köçəri", "El yallısı", "Təkzərə", "Qalada qalandı", "Tirmə şal" (yeganə yallıdır ki, burada oxumaq da var) başqaları. Yallıda əl-ələ tutub coşqunluqla ünsiyyətdə olan insanlar ətrafa olduqca xoş emosiyalar yayırlar. Şərurda yeni yallılar da yaranır bu nümunələrə uyğun sözlər qoşulur.

Ümummilli lider Heydər Əliyev yallını çox sevirdi. Həmişə Kamil Babayevin qara zurnasına qulaq asmaqdan xüsusi zövq alardı. Bu səbəbdən ulu öndərin xatirəsinə yaradılmış yeni yallıda məhəbbət ehtiramla bu sözlər oxunur:

Əzizim Heydər baba,

Sevir səni el-oba.

Millətinin qəlbində,

Əbədi Heydər baba.

Qədim musiqi alətimizin mahir ifaçısı Kamil Babayev deyir: "Dünyanın bütün ölkələrini gəzmişəm. Həmişə bizim yallılara böyük maraq duymuşam. Heç elə bir səfərim olmayıb ki, hansısa festivaldan, yarışmadan əliboş qayıdaq".

Şərurda 3 yallı ansamblı fəaliyyət göstərir. Maraqlıdır ki, bu ansamblların üzvləri yaş fərqinə görə seçilib: "Fidan" uşaq yallısı, gənclərdən ibarət yallı, "Nurani" yallısı.

Azərbaycan milli musiqi mədəniyyətinin, folklorun inkişafında göstərdiyi xidmətlərə görə Kamil Babayev 2005-ci ildə dövlət başçısı İlham Əliyev tərəfindən "Əməkdar incəsənət işçisi" fəxri adına layiq görülüb. O bu təltifdən böyük fəxarət duyduğunu, qürur keçirdiyini bildirərək deyir: "Müxtəlif ölkələrdən Naxçıvana mükafat olaraq "Qızıl açar", "Qızıl balta", qızıl nişanlar, medallar, diplomlar gətirmişəm. Gizlətmirəm, onların hər biri mənə əzizdir. Amma öz dövlətimizin mükafatı mənə hamısından üstündür".

...Yadımdadır, 1997-ci ildə Naxçıvanda, Araz çayının üzərində "Ümid" körpüsündə türkiyəli xanımlarla Azərbaycan qadınlarının dostluq görüşü oldu. Kamil Babayevin qara zurnasının dağlara əks-səda salan musiqisinin sədaları altında hər iki ölkənin xanımları əl-ələ tutaraq yallı gedirdilər. Həqiqətən yallı adi rəqs havası deyildir. O, birliyin, dostluğun, qardaşlığın, ünsiyyətin musiqi şux hərəkətlə ifadə olunmuş əksidir.

Azərbaycan.- 2008.- 23 noyabr.- S. 6.