Qaliboğlu E.
Cabbar
Qaryağdıoğlu sənəti
Abşeron
toyları onsuz keçməzdi...
Xalqımızın çoxəsrlik, qədim və zəngin mədəniyyəti var. Çox zaman incəsənətimizin, ümumiyyətlə isə Azərbaycan-türk mədəniyyətinin soraqlarına istənilən səviyyədə sahib ola bilmirik. Azərbaycan muğamlarında milliliyimizin bütün çalarları ifadəsini tapıb. Bu ifaları yaddaşında sabaha ötürənləri daha yaxından tanımalıyıq. Belə sənətkarlardan biri də məşhur xanəndə Cabbar Qaryağdıoğludur.
Azərbaycan musiqi mədəniyyəti tarixində Cabbar Qaryağdıoğlunun özünəməxsus mövqeyi var. O, təkcə xanəndə olmayıb, həm də istedadlı bəstəkar və şair kimi tanınıb.
Cabbar Qaryağdıoğlu haqqında mərhum Firidun Şuşinskinin maraqlı araşdırması var. Cabbar Qaryağoğlu 1861-ci il martın 31-də Şuşa şəhərinin "Seyidli" məhəlləsində boyaqçı ailəsində anadan olub. Şuşada bu nəsil "Qarayağdılar"adı ilə məşhurdur. F.Şuşinski araşdırmasında qeyd edir ki, nəsilə belə ad verilməsi haqqında müəyyən mülahizələr var: "Ümumiyyətlə, o zamanlar Qarabağda və xüsusilə Şuşada şəhər əhli arasında adamlara ikinci bir ad qoymaq bir dəb olmuşdu. Əgər bir şəxsə ikinci ad və ya ləqəb verilsə, şəhər əhli onu həmin adla da çağırarmış. Deyilənə görə, Cabbarın atası Məşədi İsmayıl kişi çox dinməz və qaraqabaq adam imiş. Tay-tuşları bu xasiyyəti üstündə onunla tez-tez zarafat edərmişlər. "Ay İsmayıl, yenə nə olub, dünyanın xərc-xəcalətin səndən alırlar. Qar-zad yağmayıb ki, nə qaşqabağını sallamısan?" Sonralar isə ona sadəcə, olaraq "Qaryağdı" deyirmişlər. Cabbar isə lap uşaqlıqdan özünə "Qaryağdıoğlu" ləqəbini götürmüşdü".
Bu yerdə yadıma C.Qaryağdıoğlunun qardaşı oğlu, məşhur heykəltəraş Cəlal Qaryağdı ilə söhbətim yadıma düşür. Söz vaxtına çəkər, 11 il əvvəl elə payız fəsliydi, Cəlal müəllimlə onun emalatxanasında söhbət zamanı dedi ki, soyumuzun "Qaryağdı" adlanmasının səbəbi babamızın uşaq vaxtı qarlı havada bayırda çox oynaması olub. Əsil adı İsmayıl olan uşağı qorxutmaq üçün "Ay İsmayıl, qar yağdı, keç içəri" deyirmişlər. Sonradan uşağın adı elə "Qaryağdı" qalıb...
F.Şuşinski yazır ki, Şuşa ticarət şəhəri olduğundan, o zaman az-çox varlı ailələr öz uşaqlarını həm məktəbə göndərər, həm də asudə vaxtlarında emalatxanada, dükanda, öz yanlarında işlədərmişlər: "Məşədi İsmayıl kişi də oğlu Cabbara boyaqçılıq sənətini öyrətmək niyyətində idi. Cabbar lap uşaq ikən başqa sənətə - xanəndəliyə meyl etdi. Cabbarın böyük qardaşları Məşədi Məhəmmədin və Qafarın gözəl səsi olduğu üçün gənc vaxtlarından məhərrəmlik təziyəsində şəbihgərdanlıq edirdilər. Cabbarin böyük qardaşı Məşədi Məhəmmədin xüsusilə məlahətli səsi olub. Məşədi Məhəmmədin yanıqlı oxumaları balaca Cabbara lap uşaqlıqdan təsir etmişdi. Hələ məktəbə getməyən Cabbar öz böyük qardaşı kimi oxumaq arzusu ilə yaşayırdı. Bu həvəs onu musiqi aləminə çəkib apardı. Cabbar da qardaşı Məşədi Məhəmmədlə bu məktəbdə oxumuş, Səkinə və Qasım rollarında çıxış etmişdi. Cabbargilin evi şəhərin ən səfalı yeri olan "Cıdır düzünə"nə yaxın olduğundan balaca xanəndə öz kiçik qardaşları və məhəllə uşaqları ilə "Qaya başı"nda, "Qırx pilləkən"də və "Ağzı yastı kaha" ətrafında quzu otarar, oynayardı".
Cabbar uşaqlıqdan Hacı Hüsünün qüvvəli və cəzbesdici səsini dinləyərmiş: "Hacı Hüsünün məlahətli oxuması balaca Cabbarı saatlarla düşündürərmiş. Çox çəkmir ki, kiçik Cabbarın səsinə məftun dinləyiciləri tapılır. Uşaqlar qoyun-quzunu aparanda gənc xanəndəni oxudar, onu çılğınlıqla alqışlayarmışlar".
Cabbarın musiqi təhsili almasında qardaşı Məşədi Məhəmmədin böyük rolu olub: "Təbiidir ki, Məşədi Məhəmməd Cabbarda musiqiyə, sənətə uşaqlıqdan ciddi münasibət tərbiyə etmiş, xalqın klassik və şifahi yaradıcılığına, xalq musiqisinin incəliklərinə həssaslıqla yanaşmağı ona öyrətmişdi. Məşədi Məhəmməd xanəndə, həm də şair kimi məşhur olduğundan onu Şuşada toy və ziyafətlərə dəvət edərmişlər. Məşədi Məhəmməd həmin məclislərə kiçik qardaşı Cabbarı da apararmış. Bu musiqi məclislərinin gələcəyin böyük xalq xanəndəsi Cabbar Qaryağdıoğlunun mahir bir sənətkar kimi yetişməsinə müsbət təsiri olub. O, bu məclislərdə öz qardaşından başqa Şuşanın görkəmli xanəndələrini də tez-tez eşidər, sənətin sirrlərini əxz edərmiş".
Cabbar 10 yaşında ikən şəhərdəki məktəbə daxil olur. Onun ilk müəllimi Şuşada "Saqəri" təxəllüsü ilə tanınan Mirzəli Zeynalabdın oğlu olur: "Bir gün şəhərin "Qurdlar" məhəlləsində böyük bir toy olur. Toyda o dövrün məşhur xanəndələri Hacı Hüsü, Məşədi İsi, istedadlı tarzən Sadıqcan, Cavadbəy Əlibəy oğlu və kamançaçı Mirzə iştirak edirmişlər. 16 yaşı yenicə tamam olmuş Cabbar da öz müəllimi Mirzəli ilə həmin toya qonaq gəlibmiş. Məclis qızışır: Hacı Hüsü "Şüştər", Məşədi İsi "Mahir" oxuduqdan sonra Mirzəli toyun "padşahı" şair Növrəs Ələsgərdən gənc Cabbarın oxumasına icazə verməyi xahiş edir. O, tarzən Cavadbəyin müşayəti ilə "Kürd-şahnaz" oxuyur. Cabbarın zil və təravətli səsi nəinki dinləyiciləri, hətta musiqiçiləri məftun edir. Onun bu müvəffəqiyyəti hamıdan çox qoca xanəndə Hacı Hüsünü heyrətdə qoyur. Hacı Hüsü onun alnından öpüb, məclis əhlinə müraciətlə deyir: "Gələcəkdə bizim yerimizi bu cavan xanəndə tutacaq".
Bu hadisədən sonra Cabbarın şöhrəti hər yana yayılır: "Onu şəhərdəki toylara dəvət edirlər. Cabbarın toylara dəvət olunmasını eşidən atası Məşədi İsmayıl kişi çox narahat olur, çünki Məşədi İsmayıl oğlunun ancaq dini mərasimlərdə oxumasına icazə vermişdi. O, oğlunun toylara getməsini qəti qadağan edir. Deyilənə görə, o, bunu mollaların təhrikilə etmişdi. Məşədi İsmayıl Cabbarı özü ilə məscidə gətirər, orada mərsiyə oxudarmış.
Cabbarın xanəndəlik sənətini qorumasının maraqlı bir tarixçəsi olur: "O dövrdə Cabbargilin qonşuluğunda Smirnov familyalı bir həkim yaşayırdı. Həmin həkim Cabbarın xətrini çox istəyirdi. Cabbar yenidən xanəndəlik etmək üçün kömək göstərməyi həkimdən xahiş edir. Həkim ona kömək edəcəyinə söz verir. Bu söhbətdən sonra Cabbar həkimin tapşırığı ilə özünü xəstəliyə vurur. Onun bir balaca naxoşluğu var imiş. Yemir, içmir, gündən-günə sınıxır, geri gedir. Atası Cabbarı həmin həkimin yanına aparır. Smirnov Cabbarı bir qədər müalicə etdikdən sonra Məşədi İsmayıla deyir: "Sənin oğlun vərəm xəstəliyinə tutulub. Bu, qorxulu bir şeydir. Əgər sən onu oxumağa qoymasan, xəstəlik şiddətlənər və oğlunu tez məhv edər". Həkimin bu sözünü eşidən Məşədi İsmayıl çox qorxur, həmin gündən oğlunun oxumasına icazə verir".
Cabbar
Qaryağdıoğlu 20 yaşına kimi Sadıqcanla
peşəkar xanəndə kimi ancaq Qarabağın məclis
və toy şənliklərində iştirak edir: "Ancaq
çox çəkmir ki, onun şöhrəti Gəncə,
Şamaxı, Bakı şəhərlərinə və daha
uzaqlara yayılır. Onu Ağdaşa toylarda oxumağa
dəvət edirlər. Ağdaşda olması
barədə qəribə bir əhvalat söyləyirlər:
bir dəfə gecədən xeyli keçmiş Qarabəyin
karvansarasında qurulan bir məclisdə Sadıqcan tarı
sinəsinə basıb "Qarabağ şikəstəsi"
çalırmış, Cabbar da oxumağa
başlayıbmış. Çox keçmədən
şəhər əhli yuxudan oyanıb evlərin
damlarına çıxır, bu qeyri-adi səsə qulaq
asmağa başlayırlar. Sonra tələsik geyinib
Qarabəyin karvansarasına sarı axışmağa
başlayırlar. Bu, polisi təşvişə salır. Polis
rəisi atlı kazaklarla karvansaraya gəlir. Ancaq nə
qədər çalışırlarsa, camaatı
dağıda bilmirlər. Nəhayət, Cabbar şikəstəni
bitirir, adamlar onun bir daha oxumayacağını yəqın
etdikdən sonra gedirlər".
Cabbar Ağdaşdan Şamaxıya, oradan da Sadıqcanla
birlikdə 1878-ci ildə Bakıya qəssab Hənifənin
toyuna dəvət olunur. Bakılılar
Qaryağdıoğlunun və Sadıqcanın ad-sanına
bələd olduqlarından onları böyük
hörmətlə qarşılayır, 8 ay qonaq saxlayırlar.
Çox keçmədən Cabbarı Abşeronda
gündə bir neçə yerə dəvət edirlər.
Cabbar Qaryağdıoğlunun Gəncə, Qarabağ,
Şirvan və Bakı toylarındakı
çıxışı, onu tez bir zamanda Azərbaycanda,
həm də Gürcüstanda, Orta Asiya və hətta
İranda tanınan sənətkar edir. C.Qaryağdıoğlu
ikinci dəfə Bakıya təxminən 40 yaşlarında
gəlir. Bütün xanəndələr və
musiqişünaslar onun ətrafında toplaşırlar.
Çox keçmədən Qaryağdıoğlu
bakılı tarzən Mirzə Fərəc Rza oğlu və
kamançaçalan Dəmirçi Quludan ibarət
Şərq musiqisi üçlüyü yaradaraq xalq
şənliklərində oxumağa başlayır. O
dövrdə bütün Abşeronda nə bir məclis,
nə bir toy, nə ziyafət Cabbarsız keçinməzdi...
Xalq cəbhəsi.- 2008.- 14 noyabr.- S. 14.