Murad S.

 

Bizim dirijor-bəstəkar

 

Yaşar İmanov istedadının yetirmələri əvəzsiz yaradıcılıq nümunələridir

 

Bu il dirijor, bəstəkar, Azərbaycanın xalq artisti, professor, Azərbaycan və Gürcüstan Bəstəkarlar İttifaqının üzvü, pedaqoq Yaşar İmanovun 75 yaşı tamam oldu.

Əlamətdar bir hadisədir ki, eyni zamanda maestronun dirijorluq fəaliyyətinin də 50 ili tamam olur.

Qısa olaraq dirijorun həyat və yaradıcılığına nəzər salaq. Yaşar Əbdül Xaliq oğlu İmanov 1933-cü il martın 21- Bakıda anadan olub. 1944-cü ildə Suvorov adına hərbi-musiqiçi yeniyetmələr hazırlayan məktəbə daxil olub. 1947-ci ildə oranı bitirib təhsilindəki uğurlarına görə məktəbdə təlimatçı-müəllim vəzifəsində saxlanılıb. Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirdikdən sonra isə təhsilini artırmaq üçün Moskvaya yollanıb.

1958-ci ildə Y.İmanov P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının hərbi dirijorlar fakültəsini bitirərək Suxumi şəhərinə təyinat alır. O, konservatoriyada oxuduğu illərdə D.D.Şostakoviçin sinfində fakultativ bəstəkarlıq kursu keçib. Hərbi dirijorluğu ilə yanaşı, 1967-ci ildə Y.İmanov Suxumi Opera Balet Teatrında P.İ.Çaykovskinin "Yevgeni Onegin" S.Raxmaninovun "Aleko" operalarını, daha sonra - 1969-da Z.Paliaşvilinin "Daisi" operasını tamaşaya qoyur.

Elə həmin ildə həmyerlimiz yenicə yaradılmış Abxaziya Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru təyin olunur.
   
1972-ci ildə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlər təşkil etmiş, 1974-cü ildə isə maestro Niyazi tərəfindən Bakıya qastrola dəvət olunmuşdur. Abxaziyada işlədiyi illər boyu Y.İmanov abxaz folklorundan faydalanaraq "Hilal gecəsi" operasını yazmış, simfoniya, simfonik poema, instrumental konsertlər (fortepiano, skripka, avaz), eləcə müxtəlif kamera janrlarında qələmini sınayıb. O, həm geniş pedaqoji fəaliyyətlə məşğul olub.

1992-ci ildə Abxaziyada baş qaldıran vətəndaş müharibəsi ilə əlaqədar olaraq Y.İmanov ailəsi ilə birlikdə Bakıya gəlir. Bakıda yaradıcı fəaliyyətə başlayan dirijor konservatoriyada müəllimliklə yanaşı, Niyazi adına Dövlət Televiziya Radio Verilişləri Şirkətinin Simfonik Orkestrinə dirijorluq edir.

1994 - 98-ci illərdə Y.İmanov Qara Qrayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışır. Nəhayət, 1998-ci ildən başlayaraq Dövlət Televiziya Radio Verilişləri Şirkətinin Niyazi adına simfonik orkestrinə başçılıq edir. Bu vəzifədə Azərbaycan bəstəkarlarının bir sıra yeni əsərlərinin ilk ifaçısı kimi tanınır.

Bakıya gəldiyi ilk günlərdən o, Müdafiə Nazirliyinin Nümunəvi Nəfəs Alətləri Orkestrinin məsləhətçisi vəzifəsində çalışır və həmin orkestrin, eləcə də digər hərbi kollektivlərin repertuarlarının yaradılması və getdikcə genişlənməsi yolunda əlindən gələni əsirgəmir.

Y.İmanovun 75 illik yubileyi münasibətilə noyabrın 1-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsert keçirildi. Bütün tədbir boyu Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri bəstəkarın öz qələminə aid əsərlərini ifa etdi.

Y.İmanov növbəti dəfə dirijor pultu arxasında dayanaraq həmin orkestrə dirijorluq edirdi.

Ön sözlə Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış etdi. O, səbəbkarın həyat yaradıcılığı haqqında dinləyicilərə qısa məlumat verdi. Konsertin birinci şöbəsində müəllifin 4 hissədən ibarət 2 saylı simfoniyası ifa olundu. Əsər 2007-ci ildə bəstələnib. Simfoniyaya ümumi nəzər saldıqda, ilk növbədə diqqəti cəlb edən orkestr dilidir. Zəngin orkestr texnikasına malik bəstəkar daha çox tutti yazı üsuluna müraciət edib. Əsər boyu müxtəlif obrazlar, xarakterlər növbələşirdi: marşavarilik, mahnıvarilik, vals ritmli, sınıq ritmlər, lirika.

   Təkcə simfoniyadan ibarət olan birinci şöbədən fərqli olaraq konsertin ikinci şöbəsində Y.İmanovun daha 4 əsəri dinləyicilərə təqdimləndi. İlk əsər fortepiano və orkestr üçün konsert-ballada oldu. Bu əsər bəstəkar tərəfindən Suxumi şəhərində yaşadığı illərdə yazılıb.

Respublikanın əməkdar artisti, pianoçu Yeganə Axundova əsərin solisti kimi çıxış etdi. Nəfəslilərin təntənəli çağırış səsləri ilə başlayan konsert-ballada dərhal diqqəti kökləməyə kömək edir. Əsər boyu polifonik epizodlar da diqqəti cəlb edir.

Növbəti əsər "Lirik vals" oldu. O, Yaşar İmanovun 2008-ci ildə bəstələnmiş əsərləri sırasına daxildir. "Geri qaytar" mahnı-odası müəllifin ən yeni əsərlərindən biridir. Mahnı-oda yubiley konsertindən 1 ay əvvəl yazılıb. Əməkdar artist Əvəz Abdullayev solist kimi çıxış etdi. Konsert müəllifin "Təntənəli marş"ının elə təntənəli musiqisi ilə sona yetdi. Marş 2004-cü ildə, yəni bəstəkarın Niyazi adına simfonik orkestrə başçılıq etdiyi illərdə yazılıb.

Göründüyü kimi, Y.İmanov böyük məharətlə dirijorluq və bəstəkarlıq fəaliyyəti ilə bir arada məşğul olmağa nail olmuşdur. Onu yubiley münasibətilə təbrik edir, gələcəkdə yaradıcı qüvvə arzulayırıq.

 

Həftə içi.- 2008.- 13 noyabr.- S. 6.