Müasir dirijorluq məktəbinin nümayəndəsi
Yaşar
İmanov-75
XX əsrin əvvəllərindən öz
başlanğıcını götürən musiqi irsimiz bu günə
qədər daim inkişafda olaraq özünün müəyyən
mərhələsinə gəlib
çatmışdır. Daim Azərbaycan
milli musiqisini təbliğ və inkişaf etdirməyə,
geniş bir məkanda tanınmağa cəhd edən musiqi xadimləri -bəstəkarlar, musiqişünaslar,
dirijor və ifaçılar Azərbaycan
musiqisinin inkişafı
və təbliği yolunda əllərindən
gələni əsirgəməmişlər.
Təbii ki, professional akademik musiqinin cəmiyyətin bütün təbəqələri
tərəfindən dərk
edilərək, qavranılması
bir qədər real deyil. Odur
ki, adıçəkilən
musiqi sahəsinin təbliği müəyyən
dərəcədə dar
çərçivədə sıxlaşır. Dünyanın
hər yerində
"klassik musiqi dinləyiciləri" adlanan
bir təbəqə yaranmışdır ki, bu təbəqənin genişlənməsi üçün
atılan addımların
böyük bir hissəsi musiqiçilərin
üzərinə düşür.
Azərbaycan
bəstəkarlıq məktəbinin əsası Üzeyir
bəy Hacıbəyov tərəfindən qoyularaq
ənənələri Qara Qarayev, Fikrət Əmirov, Asəf
Zeynallı, Cahangir Cahangirov, Süleyman Ələsgərov,
Soltan Hacıbəyov kimi bəstəkarlar tərəfindən
davam etdirilmiş və müasir dövrdə Arif Məlikov,
Aqşin Əlizadə, Xəyyam Mirzəzadə
yaradıcılığında öz
təcəssümünü tapmışdır.
Dirijorluq
məktəbinin əsası isə Müslüm Maqomayev
tərəfindən qoyularaq sonradan maestro Niyazi
tərəfindən özünün yüksək
səviyyəsinə gəlib çatmışdır. Yaşlı nəsil dirijorlarından S.Rüstəmov,
N.Rzayev, Ə.İsrafilzadə, K.Əliverdibəyov,
nisbətən sonrakı
dövrdə -R.Məlikaslanov,
F. Mustafayev və R.Kərimovun danılmaz xidmətləri var. Rauf Abdullayev bugünkü musiqi mədəniyyətimizin aparıcı
qüvvələrindən biridir.
Müasir dirijorlar sırasında T.Göyçayev,
F.Kərimov, Y.Adıgözəlov,
V.Süleymanov, C.Cəfərov
və Y.Axundzadə kimi dirijorların adları xüsusilə qeyd olunmalıdır.
Bir
əsrlik musiqi tarixi ənənələrimizin müasir
dövrdə daşıyıcısı,
mədəniyyətimizin ziyalı simalarından biri,
respublikanın xalq artisti, Prezidentinin fərdi
təqaüdçüsü, Bakı Musiqi
Akademiyasının professoru, Azərbaycan və
Gürcüstan bəstəkarlar ittifaqının üzvü,
dirijor Yaşar İmanovdur. O, Asəf
Zeynallı adına Musiqi Texnikumunu və P.İ. Çaykovski
adına Moskva Dövlət Konservatoriyasında
hərbi dirijorlar fakültəsini bitirmişdir.
Eyni zamanda, o, konservatoriyada oxuduğu illərdə D.Şostakoviçin sinfində
fakültetiv bəstəkarlıq
kursunu keçmişdir.
Hərbi
dirijorluq ilə yanaşı, onun ifaçılıq
repertuarına P.İ. Çaykovskinin "Yevgeni Onegin"
və S.Raxmaninovun "Aleko", Z.Paliaşvillinin
"Daisi" operaları da daxildir. Abxaziya Dövlət
Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, eyni zamanda, Abxaziya Dövlət Xor Kapellasına başçılıq
etdiyi dövrlərdə
Azərbaycan bəstəkarlarının
əsərlərinin fəal
təbliğatçısı olmuş, bu əsərlərdən ibarət
konsert təşkil etmişdir. 1994-1998-ci illlərdə Yaşar İmanov Qara Qarayev adına
Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışır,
1998-ci ildən indiyədək
Niyazi adına Azərbaycan Radio və Televiziyasının
simfonik orkestrinin bədii rəhbəri və baş dirijorudur.
O,
həm də geniş pedaqoji fəaliyyət də
göstərmişdir. Onun tələbələri arasında
müəllimlər, opera
teatrlarının solistləri
və laureatlar vardır. Yaşar İmanovun bəstəkarlıq
fəaliyyəti şaxəli
və məzmunludur. O, abxaz folklorundan
faydalanaraq "Hilal gecəsi" operasının,
fortepiano ilə orkestr üçün, skripka ilə orkestr üçün, soprano və orkestr üçün instrumental konsertlərin, simli orkestr üçün
4 hissəli simfoniyanın,
"Bakı-Tbilisi-Ceyhan"
neft kəmərinə
həsr olunmuş
"Üvertura-fantaziya"nın, simfonik poema və bir
sıra kamera-instrumental
əsərlərin müəllifidir.
2008-ci
ildə Azərbaycan bəstəkarlarının VIII
qurultayı çərçivəsində Müslüm
Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
simfonik musiqidən ibarət konserti olmuşdur. Bu konsertdə Yaşar İmanovun "Vals-kapriççio" əsəri
səslənmişdir.
Yaşar
İmanovun 75 illik yubileyi ilə əlaqədar Azərbaycan
Dövlət Filarmoniyasında keçirilən
yaradıcılıq gecəsini dirijorun sənətinə
verilən qiymətlərdən biri kimi dəyərləndirmək
olar. Gecədə sənətkar
iki şöbədən
ibarət olan konsertini simfonik orkestr və solistlərin ifasında idarə etmək üçün dirijor pultunun arxasına keçib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri
Firəngiz Əlizadə
Yaşar İmanovun dirijor və bəstəkarlıq yaradıcılıq
fəaliyyətini yüksək
qiymətləndirərək, bugünə qədərki
sənət yolunda əldə etdiyi novatorçuluq meyillərini
çözələmişdir.
Konsertin
birinci şöbəsində bəstəkarın 2007-ci
ildə bəstələdiyi iki saylı simfoniyası yer
alır. Klassik dörd
hissəli quruluşda
olan simfoniyanın hər bir hissəsinə
müəyyən janr
əlaməti daxil edən bəsətkar zəngin orkestr koloritli bir əsər
nümayiş etdirmiş
oldu. Hər bir hissəsində
milli melos əlamətləri əks
olunan simfoniyanın birinci hissəsində qrotesk obrazlar zərbli və nəfəs alətlərinin
ifasında, ikinci hissəsində lirik, sentimental dairə vals ritmli orta
bölməni əhatə
edərək orkestr və soloların növbələşməsi üzərində
qurulmuşdu. Üçüncü hissə tipik vals olaraq
sanki ikinci hissədə başlanmış
mövzunun ritmik şəklini davam etdirir. Burada Azərbaycan muğamlarına
daxil olan rənglərdən irəli
gələn intonasiyalar
hissənin sonuna yaxın özünü büruzə verir. Dördüncü hissədə
isə adət halını almış qəhrəmani-apofeoz əhval yaranır.
Konsertin
ikinci şöbəsində səslənən ilk əsər
"Konsert -ballada" oldu ki, burada solist kimi əməkdar
artisti Yeganə Axundova çıxış etdi. Əsər bəstəkarın
Suxumidə yaşadığı
dövrdə yazılıb.
Birhissəli kompozisiyanın
solo partiyası özünün polifonik xəttli düzümü
ilə diqqəti cəlb etdi. Çünki solistlərin
partiyaları üçün,
adətən, təsadüf
edilən virtuoz yanaşma burada dəyişik variantda verilmişdi. Sonluq-cadenzaya
uyğun gələn parçada həm polifonik, həm də virtuoz planlı passajların qovuşması əsəri
tamamlayır. Proqrama daxil edilmiş, simfonik orkestrin ifasında səslənən
digər əsər isə "Lirik vals" oldu.
Bəstəkarın
vokal yaradıcılıq nümunəsi sayılan "Geri
qaytar" mahnı-odası əməkdar artist Əvəz Abdullayevin
solistliyi və simfonik orkestrin müşayəti ilə ifa
edildi. Onu da qeyd edək ki, əsərin mətninin müəllifi Şahin Kamaldır.
"Lirik
vals" və "Geri qaytar" bəstəkarın yeni
yazılmış əsərləridir. Sonda
ifa edilən "Təntənəli marş"
ilə konsert tamamalandı.
Azərbaycan
mədəniyyətinin inkişafındakı
xidmətlərinə görə bir çox mükafatlara
və fəxri adlara layiq görülən Yaşar İmanov
musiqimizin təbliği və inkişafında böyük
əhəmiyyəti ola biləcək çoxsaylı
konsertlərin təşkilatçılığı və
idarə olunmasında, eyni zamanda, bəstəkarlıq
sahəsində tapıntılarla zəngin olan maraqlı
yaradıcılıq irsinə malikdir. Bəstəkar,
dirijor, pedaqoq kimi şöhrətlənən
sənətkara uğurlar
arzulayırıq.
Səs.- 2008.- 12 noyabr.- S. 12.