Mükərrəmoğlu M.

 

Ömrü musiqi notlarına çevrilən insan

 

Həmişə “Şur” simfonik muğamını dinləyəndə qəlbimdə qəribə bir rahatlıq duyuram. Nədənsə, mən özümü Şuşada hiss edirəm. Çünki bu musiqini ilk dəfə Şuşada, İsa bulağında dinləmişdim. Bəlkə Şursimfonik muğamını da böyük bəstəkarımız Fikrət Əmirov Şuşada yazmışdı. Öz ata-baba ocağında. Sözüm onda deyil, onu demək istəyirəm ki, bu simfonik muğamda doğma ocağa bağlılıq hissləri var, onun notlarında mübarizə ruhu var.

Fikrət Əmirov Gəncədə doğulsa da, əslən şuşalıdır. Atası Məşədi Cəmil Mirmöhsün Nəvvabın musiqi məclislərinin təsiri ilə formalaşmış məşhur musiqiçi idi. O, Azərbaycanda, İranda, Türkiyədə, Gürcüstanda ifaçı-musiqiçi, sonralar isə müəllim kimi məşhur idi. O, ilk dəfə doğma şəhərində musiqi məktəbi təşkil etmiş, daha sonra həmin məktəbin rəhbəri olmuşdur. Təbiidir ki, atası gələcək bəstəkarın tərbiyəsinə musiqi qabiliyyətinin inkişafına böyük təsir göstərmişdir.
Fikrət Əmirov musiqini, ədəbiyyatı, tarixi çox sevirdi. Artıq 10 yaşında olarkən tarda gözəl ifa edirdi, konsertlər verirdi. Xalq mahnılarına məhəbbət onun şəxsiyyət dahi bəstəkar kimi yetişməsinə böyük təsir göstərib.

O, ilk musiqi təhsilini Kirovabad (Gəncə) musiqi məktəbində almışdır. Oranı bitirdikdən sonra, o, Bakıya köçüb, orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfində oxuyub. 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasına, professor B.İ. Zeydmanın bəstəkarlıq sinfinə daxil olmuşdur.

Konservatoriyadakı təhsil illərində professor Zeydmanın rəhbərliyi ilə musiqinin incəliklərinə yiyələnir. Eyni zamanda ölməz Üzeyir Hacıbəyovun yaradıcılığı ilə dərindən tanış olur. Özünün yazdığı kimi, onun yaradıcılığında həm məşhur bəstəkar Çaykovskinin böyük təsiri olmuşdur. “Bu əsəri yazdığım, yaratdığım müddətdə mən öz üzərimdə iki dahi bəstəkarın təsirini açıq-aydın hiss edirdim: Üzeyir bəy, Çaykovski.

Məhz Üzeyir Hacıbəyovun xalq musiqisindən qidalanan mükəmməl operalarını, onun insani xüsusiyyətlərini, Çaykovskinin yaradıcılığını dərindən dərk edərək öz operamda (söhbət “Sevil” operasından gedir) bu iki başlanğıcın qovuşmasına nail oldum".
Fikrət Əmirov Dövlət Konservatoriyasında təhsil aldığı illərdə artıq yaxşı bəstəkar kimi tanınmışdı; “Ürək çalanlar” (M.S. Ordubadi) və “Gözün aydın” (M. Əlizadə) operettalarına musiqi bəstələmiş, fortepiano əsərləri, variasiyalar yazmışdı.

Böyük Vətən müharibəsi Fikrət Əmirovun təhsilini yarımçıq qoyur, bir çox incəsənət xadimləri kimi o da döyüşən orduya gedir. O, Voronej cəbhəsində vuruşur. 1943-cü ildə müharibədə kontuziya aldığı üçün ordudan tərxis olunub Bakıya qayıdır, 1944-cü ildə Konservatoriyada təhsilini davam etdirir 1948-ci ildə oranı bitirir.

Fikrət Əmirovun bundan sonrakı həyatı, yaradıcılığının böyük bir hissəsi musiqi mədəniyyətimizin inkişafına, onun daha da şöhrətlənməsinə həsr olunur.

Fikrət Əmirovun uzun illər respublikanın teatrları ilə daim əlaqə saxlamış, C. Cabbarlının, M. Hüseynin, S. Vurğunun, İ. Qasımovun və başqa dramaturqların pyeslərinə musiqi yazmışdır.

Fikrət Əmirov bir çox mükafatlara və fəxri adlara – SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı – layiq görülmüşdür.

O, SSRİ və Azərbaycan SSR Bəstəkarlar ittifaqı idarə heyətlərinin katibi, SSRİ Ali Sovetinin deputatı olmuşdur. F. Əmirov bir neçə il Azərbaycan Opera Balet Teatrına rəhbərlik etmişdir. Milli musiqi sənəti qarşısındakı böyük xidmətlərinə görə ona Lenin ordeni kimi yüksək mükafat verilmişdir.

Fikrət Əmirov 1947-ci ildə “Nizami” simfoniyasını, 1948-ci ildə “Şur” və “Kürd-ovşarı” simfonik muğamlarını yazır. Bu simfonik muğamlara görə o, SSRİ Dövlət mükafatına layiq görülür.

F. Əmirov bir neçə filmimizə də musiqi bəstələmişdir. Onlar arasındaSəhər”, “Böyük dayaq”, “Mən ki, gözəl deyildim digər filmlər vardır. Onun haqqında sənədli film çəkilmişdir.

Fikrət Əmirov 1984-cü il fevral ayının 20-də Bakı şəhərində vəfat etmişdir. Onun ölməz əsərləri bu gün dünyanın mötəbər konsert salonlarında səslənir Azərbaycan musiqisinin şöhrətini dünyaya yayır.

 

Xalq qəzeti.- 2008.- 26 noyabr.- S. 7.