“Müğənniyə
musiqi savadı mütləq lazımdır”
Mələkxanım
Əyyubova: "Ad günümə hazırlaşıram,
yubileyimə isə hələ çox qalıb..."
İllərdir ki,
professional səhnədə olan, məlahətli səsi və
xanım-xatınlığı ilə seçilən
Mələkxanım Əyyubovanın noyabrın 5-də ad günüdür.
Bir qədər incik xasiyyəti ilə də
fərqlənən xalq artisti M.Əyyubova ad günü
qabağı "OLAYLAR"a müsahibə verərək
keçmişindən, gələcəyindən və
arzularından danışdı. "Qadından yaşı
soruşmazlar. Nə gənc deyiləm, nə də
yaşlı. Yubileyim olsaydı, ad günümü
açıqlayardım. Amma yubileyimə hələ çox
var" - deyən sənətkar arxada qoyduğu hər ilə
dəfələrlə dönüb baxmasından
danışdı.
- Mən nəinki ad
günümdə, ümumiyyətlə hər gün
özüm-özümə hesabat verən insanam. Hər
gün çalışıram ki, görüm dünən
nə etdim, hansı əməlim səhv, hansı isə
düz oldu? öz özümə hesabat vermək adətimdi.
Şükürlər olsun ki, geriyə baxanda
peşmançılıq çəkmirəm. Yəni utanacaq
bir şey olmayıb. Həmişə deyirəm ki, nə
edirsən et, sonda özündən qaça bilməzsən.
Ona görə də insan özü qarşısında pak
olmalıdı.
Mən geriyə baxanda, yalnız yaxşı hadisələri
xatırlayıram. Dönüb geri baxanda nəyi görə
bilərəm? Gəncliyimdən tutmuş indiyə
qədər sənətdəki addımlar, uğurlar, sonra da
ailəm. Yaşadığım hər günə
görə "min şükür" - deyirəm. Hər
şey göz qabağındandı. Xalq, dövlət və
nəhayət, ailəm tərəfindən
dəyərləndirilmişəm. Xalqın gözü
tərəzidir.
- Yəni həm
sənətdə, həm də şəxsi həyatda
bəxti gətirmiş insanlardansınız?
- Heç kəs
deyə bilməz ki, tam xoşbəxtdir. Hamının
içində hansısa reallaşmamış arzuları
qalıb. Eləcə də mənim. Yenə deyirəm,
istəklərimin çoxuna çatmışam və
"şükür olsun" - deyirəm. Rəqəmlə
danışsaq arzularımın yetmiş faizinə çatmışam.
- Həyata
keçməyən arzularınızı açıqlaya
bilərsiniz?
- Həyata
keçməyən arzularım bundan sonrakı
həyatımla bağlıdır. Yəni
elələri qalıb ki, onlar üçün
çalışmaq lazım deyil. ömür yaşandıqca
Allah qismət eləsə, onlar da real olacaq.
övladlarımın toyunu görmək, nənə olmaq,
sənətdə bundan sonra daha böyük uğurlar
əldə etmək-bunlar qismətə bağlıdır.
İndi sadaladıqlarım uğrunda mübarizə apara
bilmərəm. Hər şey hələ qabaqdadır.
- Deyəsən,
uşaqlarınızdan yolunuzu davam etdirən yoxdur...
- Valideynlərdə olan
istedad həmişə uşaqlarda olmur. Elə ailə
var ki, valideynlərin istedadı yoxdur. Amma həmin
ailədən çox istedadlı uşaqlar yetişir.
Düzdür, mən özüm sənətçi
ailəsində dünyaya gəlmişəm-nənəm, atam,
babam, bacım, qardaşım musiqiyə bağlı adamlar
olub. Amma uşaqlarımda o dərəcədə istedad hiss
etməmişəm. Fitri istedad lazımdır ki,
sənətdə olasan. ümumiyyətlə, mən
nəyinsə xatirinə sənətə gəlib, sənətlə
məşğul olmağın tərəfdarı deyiləm.
Amma dediyim istedad olsaydı, əlbəttə, uşaqlarıma
özüm dəstək olub, kömək edərdim. Gördüm
ki, mənim yarım da ola bilməyəcəklər. Ona
görə də imkan vermədim. Uşaq hələ
körpə olarkən bunu müəyyən etmək olur.
- Adətən valideynlər
bir ağızdan deyirlər ki, uşaqlarının
sənəti seçməsinə razı deyillər. Siz
nə əcəb bu fikirlə razı deyilsiniz?
- Hamısı elə
deyil, sənətə uşaqlarını
yönəldənlər də var. Sadəcə olaraq
çox vaxt bəziləri sənətin çətinliyini
görüb, uşaqlarının həmin çətinlikləri
görməsini istəmirlər. Mənə qalsa istedadı
boğmaq düzgün deyil.
-
Tələbələriniz arasında ümidverici
gənclər varmı?
- Belələri
əlbəttə, var. "Xalq ulduzu"
müsabiqəsindən tanınan Nigar Şabanova mənim
tələbəmdir. Kifayət qədər istedadı olan
başqa tələbələr də var. Onlarda səs,
potensial görürəm. üzərlərində
işləsələr daha böyük nailiyyətlər
əldə edib, yaxşı ifaçı ola bilərlər.
ümumiyyətlə ümid ediləsi tələbələr
çoxdur.
- Bu günkü
muğam sənəti haqqında nə deyə bilərsiniz,
hazırkı durum sizi qane edirmi?
- Muğam
sənətinin bu günkü vəziyyəti məni
tamamilə qane edir. çünki birbaşa dövlətin
dəstəyi var. Dövlətin dəstəyi olanda
isə çox rahat olur. Yəni bunsuz uşaq
sənətə gəlir və qalır
çapalaya-çapalaya ki, "mən nə edim, nə
iş görüm". Bilmir pul dalınca qaçsın,
yoxsa başqa iş görsün. Amma indi çox
istedadlılara maddi və mənəvi dəstək var. Bizim
vaxtımızda bunlar yox idi. Ona görə də
çapalaya-çapalaya qalırdıq. İndikilərə
dəstək var və bu dəstəkdən yaxşı
istifadə etməlidir. Onlara yalnız qalır
zəhmətkeşlik və öz üzərlərində
çalışmaq. Gərək tənbəl olmasınlar.
Dövlət onlara pul verir, konsertlər keçirir. Hər
yerdə qapılar üzlərinə açıqdır.
Qastrollara da gedirlər. Yəni hər barədə
çalışmalıdırlar. Təkcə sənətin
olmasıyla iş bitmir. Sənəti olan insanın
əslində üzərinə böyük məsuliyyət
düşür. Təkcə sənətlə heç yana
çıxmaq olmur. çünki zəngin daxili aləm,
səhnə, davranış, nitq mədəniyyəti olmasa
mümkün deyil. Tamaşaçı təkcə sənin
oxumağından ləzzət almır. Nə qədər
gözəl oxusan da, tamaşaçı mədəniyyətindən,
davranışından, estetik
görünüşündən zövq alır. Adi
danışığın da yerində olmalıdır.
Əgər sənətə gəlmək
istəyirsənsə, bunların hamısının komplekt
olmasına diqqət yetirməlisən.
- Muğam
sənətində sizin sənətə gəldiyiniz
dövrlə indiki dövr arasında əsas hansı
fərqlər var?
- Mən
sənətə gələndə 80-ci il idi. O vaxt
sənətkarlar çox idi- Nəzakət Məmmədova,
Zeynəb Xanlarova, Rübabə Muradova, Sara Qədimova,
Şövkət Ələkbərova, Elmira Rəhimova.
Kişi xanəndələrimiz də var idi. Həmin
dövrdə səhnəyə çıxıb oxumaq
çox çətin idi. O zaman da ara
müğənniləri çox idi. Belə problemlər
hər dövrdə olub. Heç kim deyə bilməz ki, indi
var, o vaxt yox idi. O qədər oxuyan var idi ki, itib batırdın.
Heç bilməzdilər ki, sən kimsən və
nəçisən. Elə bir zamanda sənətə
gəlmək və tanınmaq çox çətin idi.
Mən ümumiyyətlə uşaqlıqdan oxumuşam-qarmon
sinfini bitirmişəm. Hesab edirəm ki,
müğənniyə musiqi savadı çox lazımdı.
Əgər ifaçı hansısa bir alətdə çala
bilirsə, bu ona çox kömək edir. Uşaq xoruna gedir,
efirlərə çıxırdım. Yəni
səhnəyə gəlməmişdən əvvəl mən
artıq bu işləri görmüşdüm. Uşaqlıqdan oxuya-oxuya sənətə
gəlmişəm. 79-cu ildə İncəsənət
Universitetinə qəbul olanda fikirləşirdim ki,
görəsən mən bu qədər sənətkarların
içində nə edəcəm, necə tanınacam?
çox ciddi məsələ idi. Hələ 5 il oxumalı
idim. Deyirlər insanın istedadı olanda, o mütləq
üzə çıxmağa yol tapır. Allaha
yalvarırdım ki, mənə yol açsın və mən
tezliklə istedadımı göstərib, tanınım.
Tanınmaq üçün oxumağa yer axtarırdım.
Mənim müəllimim Qulu o vaxtlar Rəşid Nəsibovla
"İrs" Folklor Ansamblını yaratdı. Bilirsiz ki, o
vaxt Novruz bayramını dövlət səviyyəsində
belə keçirtmək qorxulu idi. İcazə
verilmədiyindən Bahar bayramı adı ilə qeyd olunurdu.
Qədim adət-ənənələri üzə
çıxatmaq çox qorxulu olduğu bir zamanda bu ansambl
yarandı və biz sanki yenidən öz
kökümüzə qayıtdıq. Mən milli paltarda
oxuyurdum. Burda bütün adət-ənənələrimizi
göstərirdik. Elə bil teatr idi. Bizdən sonra "Dastan"
folklor ansamblı, Qədim Xalq çalğı
Alətləri Ansamblı yarandı. Amma "İrs" birinci idi və
mən onun ilk solisti olmuşam.
Tanınmaq üçün çox iş görməli olduğumu
düşündüyüm bir vaxtda həmin ansamblla bir
dəfə efirə çıxmaqla tanındım. Heç ansamblda solistin adı da çəkilmirdi.
Yalnız ansamblın adı təqdim olunurdu.
Bir neçə il məni
"göygöz qız", "alagöz qız"
deyə tanıyırdılar. Müəyyən
vaxtdan sonra isə artıq adımla tanınmağa
başlandım. İki il sonra
İtaliyaya qastrol səfərinə getdim. Səfərdə
məşhur sənətkarlar - Müslüm Maqomayev, Fidan
və Xuraman Qasımova və başqaları da var idi. O
vaxt hələ institutu bitirməmişdim. İnstitutu
bitirəndə isə məni bütün Azərbaycan
tanıyırdı. Bu bir şans idi, Allah
qismət etdi.
Sonralar müəyyən
səbəblərə görə "İrs"
dağıldı və məni Xalq çalğı
Alətləri orkestrinə dəvət etdilər. O vaxtlar həmin orkestrdə
Gülağa Məmmədov, Şövkət
Ələkbərovadan başqa heç kim
oxuya bilməzdi. Mən oranın solisti oldum.
Bir neçə il orda
çalışdım. Sonralar isə ordan
artıq uzaqlaşdım. çünki
mənim üçün əsas xalq musiqisi idi. Orada isə klassik əsərlər, romanslar olurdu.
Dünyanın bir çox
ölkəsini gəzib, Azərbaycan musiqisini təbliğ
etmişəm.
Mən əməkdar və xalq artisti
adını almaq üçün illərlə
çalışıb, rayon, kənd, cəbhə və xarici
ölkələrdə konsertlər vermişəm. İndi isə fəxri adlar almaq üçün
heç də bizim qədər çalışmaq
tələb olunmur. Biz bunları
mənəvi və maddi dəstək almadan etmişik.
- Dediniz ki, çox qısa bir vaxtda
böyük uğur qazandınız. Sizə
həsəd apardıqlarından yolunuzu kəsməyə
çalışanlar olurdu?
- Mənim ətrafımda elə
cılız insanlar olmayıb. Əksinə,
özümə hörmət görmüşəm. Şövkət xanım, Süleyman
Ələsgərov mənə yardım edir, yol
açırdılar. Qarşımı
kəsən yox idi.
Onu da deyim ki, həmin
vaxtlarda əyani oxuyanları işləməyə qoymurdular. Mən yeganə adam idim ki, əyani ouya-oxuya konsertlərə
gedir, oxuyurdum. çox sərbəstlik
vermişdilər mənə.
- Daha sonralar isə qurduğunuz
ailə də sizə dəstək oldu...
- Hə, düzdü. Uşaqlıqdan
ailəm mənə dəstək olub. Ailə qurandan
sonra yoldaşım bir müddət narazılıq etsə
də, sonra razılıq verdi. Kim və necə olduğumu bilir,
nəslimi-kökümü tanıyırdı. Hansı yolla gəlib, hansı yolla
tanındığımdan da xəbərdar idi. Həm də mən ailəmi bir kənara qoyub,
vaxtımı sırf sənətimə sərt
etməmişəm. Bu illər
ərzində elə etmişəm ki, sənətçi
olduğum ailəmdə hiss olunmasın.
- Maraqlıdır,
Mələkxanım Əyyubova evdə hansı işləri
görməkdən zövq alır?
- Mələkxanım evdə hansı
işi görməyi sevmir, bunu soruşun. Mənim
evimdə olanlar bilir ki, həddindən artıq təmizkaram.
Mən hara gedirəmsə-gedim,
əvvəlcə evdə təmizlik işi
görməliyəm. Mən
sənətimlə işimə düzgün vaxt
ayırmağı bacarıram. Elə olur
ki, sənətimlə bağlı hansısa işi ləngidirəm,
amma evimə qarşı bunu heç vaxt etməmişəm.
Əgər evimdə hər şey qaydasında deyilsə,
yaradıcılıqla məşğul ola
bilmərəm.
- O zaman Mələkxanım
Əyybova mətbəxdə necədir? Naharı
da özünüz hazırlayırsınız?
- Mənim əsas işim elə
mətbəxlə bağlıdı. Xörəkləri
özüm bişirirəm. İş
bişirməklə bitmir. Köməkçi
gözəl bişirə bilər, amma sənin yeməyə
verdiyin sevgi və məhəbbəti o verməyəcək.
O bu işə sadəcə vəzifəsi kimi baxır. Mən isə bu işə məhəbbətimi
qoyuram. ümumiyyətlə
bütün işləri məhəbbətlə
görmək lazımdı.
- İstirahət
üçün xüsusi günlər
ayırırsınız?
- Mənim istirahətə heç
vaxtım olmur. Konsertlərdə
dincəlirəm. Sənət dostlarıma
da həmişə deyirəm ki, mərasimə gəlib sizi
görəndə gülüb danışır və bununla
da istirahət edirəm. Əslində
mən öz-özlüyümdə istirahət edən adamam.
Ayrıca istirahətə vaxt ayıra
bilmirəm. Elə bilirəm ki, vaxtımı
hədər sərf edərəm
Palitra.-
2008.- 4 noyabr.- S. 13.