Mürvətqızı S.

 

Dirijor Yalçın Adıgözəlovla görüş keçirilib

 

Dövlət Musiqi Mədəniyyəti Muzeyinin nəzdində fəaliyyət göstərən Klassik Musiqi Həvəskarları Klubunun təşəbbüsü ilə maestro Niyazinin ev-muzeyində əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru Yalçın Adıgözəlovla görüş keçirilib.

Yalçın Adıgözəlov Niyazini xatırlayaraq, maestro ilə təmasda olmaq, müdrik məsləhətlərini dinləmək üçün ötən əsrin 60-70-ci illərində bu mənzilə gənc bəstəkar, müğənni və ifaçıların toplaşdıqlarından söhbət açaraq deyib ki, əslində, həmin vaxt bu mənzildə Azərbaycan mədəniyyət xadimlərinin yeni nəsli formalaşıb. Hələ gənc olmalarına baxmayaraq, özlərini artıq bir bəstəkar kimi təsdiqləmiş Arif Məlikov, Vasif Adıgözəlov, Telman Hacıyev başqaları bu mehriban, duz-çörəkli evin istəkli qonaqları olublar.

Otaqda qoyulmuş ekranda köhnə fotoşəkillər nümayiş etdirilib.
   
Söhbətində doğma musiqimizin dünyada daha geniş təbliği məsələlərinə geniş yer verən Yalçın Adıgözəlov bu sahədə təbliğat işinin daha yaxşı təşkili ilə bağlı fikirlərini bölüşüb. Y.Adıgözəlov dünyanın böyük dirijorları ilə görüşlərindən danışaraq bildirib ki, belə insanlarla hətta ən qısa ünsiyyət adama sonsuz sevinc hissi bəxş edir.

Görüşdə dirijor ona ünvanlanan sualları cavablandırıb.

Dövlət Opera və Balet Teatrının solisti, əməkdar artist Zemfira İsmayılova Niyazinin "Arzu" romansını, Vasif Adıgözəlovun "Vaqif" operasından Natəvanın ariyasını və teatrın solisti, əməkdar artist Həsən Enami ilə birlikdə həmin operadan duet ifa edib. Görüş əməkdar artist Murad Hüseynovun Vasif Adıgözəlovun prelüdlərini fortepianoda səsləndirməsilə başa çatıb.
   

525-ci qəzet.- 2008.- 8 noyabr.- S. 20.