Özümü qanadı qırılmış
quş kimi hiss edirəm
Xalq
artisti Vəli Qədimov: "Küsmüşəm,
hamıdan, özümdən
də küsmüşəm"
-
68 yaşlı Vəli Qədimov özünü necə hiss edir?
- Çox
pis. Artıq üç ildir, özümü çox pis hiss edirəm. Sağ tərəfim işləmir. Nə gəzə, nə
danışa bilirəm.
Daha dözülməzi isə
klarneti əlimə
ala bilməməyimdir. Çala bilmirəm, qolum işləmir, nə edəcəyimi bilmirəm.
- Müalicə olunursunuz?
- Bir-iki yerə müalicəyə
getmişəm, ancaq xeyri yoxdur. Artıq müalicə
olunmaqdan da bezmişəm. Onsuz da nəticəsi yoxdur.
Xəstəxanada da qala bilmirəm. "Paralic" olmuşam, sağ tərəfim tamam tutulub.
- Vəli Qədimov və klarnet... Bu sözlər sizə
nə deyir?
- Vəlini
klarnetdən, klarneti isə Vəlidən ayırmaq olmaz. Mən klarnet üçün yaradılmışam. Klarnet mənim
bütün varlığım,
bütün həyatım,
canım-ciyərim və
ən sevimli övladımdır. Üç ildir
klarneti işlədə
bilmirəm, deməli,
Vəli Qədimov üç ildir yaşamır. Özümü
qanadı qırılmış
quş kimi hiss edirəm. Quş qanadsız uça
bilmir, mən də klarnetsiz yaşaya bilmirəm.
- Sonuncu dəfə klarnetdə hansı musiqini ifa etmisiniz?
- Dəqiq
xatırlamıram. Üç
il əvvəl
olub bu. Musiqini ifa edəndə birdən dayandım. Həmin vaxt bilsəydim ki, bu, sonuncu
ifamdır, klarneti əlimdən yerə qoymazdım, qəlbimdəki
bütün nəğmələri
çalardım. Lap uşaqlıqdan bu alətə ayrı bir sevgim olub.
Sevirdim onu... Həyatda arxam, dayağım, yaşamağımın səbəbi
olub o.
- Ürəyinizdə çalmaq
istədiyiniz nəğmələr
qalıbmı?
- O qədər...
Ürəyimdə çalınmamış nəğmələr həddindən
artıq çoxdur.
Bircə çala bilsəydim... Çala bilmirəm, elə
bil heç yaşamıram. Bütün günüm
evdə keçir.
Hərdən yoldaşımla söhbət
edirəm. Ancaq vaxtımın
çoxunu elə danışmadan, sakitcə
pəncərədən çölə
baxıb, siqaret çəkməklə keçirirəm.
Mən təkliyimdə də musiqiyə sığınıram.
Artıq
nitqimdə də problemlər yaranıb, çətinliklə danışıram.
Ürəyim partlayır, dözə
bilmirəm. Gəncliyimin qədrini bilmədim.
Günah
hamısı özümdədir.
Özüm özümü bu
günə saldım.
Həyatımı puç elədim.
Gəncliyimə dönə bilsəydim,
yenə də çalardım, klarneti əlimdən yerə qoymazdım. Elə bil
ömrümü, övladımı
əlimdən alıblar.
- Sizə baş çəkənlər, diqqət
göstərənlər varmı?
- Dostlarımdan,
ansamblın bütün
üzvlərindən diqqət,
qayğı gözləyirdim,
ancaq bunu məndən əsirgədilər.
Halbuki mən onların hamısına arxa-dayaq olmuşam. Neynək, bu da mənim taleyimdir. Düzdür,
bəzi yoldaşlar gəlir yanıma. Zeynəb Xanlarova da bir
dəfə mənə
baş çəkib.
İndi yoldaşımla tək yaşayırıq. Üç oğlum,
altı nəvəm
var. Onlar da yoxlayırlar məni.
- Demək dostlarınızdan
narazısınız...
- Əşşi,
nə dost? Sən demə, mənim
heç dostum yox imiş. Dost-zad boş
söhbətdir. Zeynəb Xanlarovanın
ansamblını mən
yığmışdım. Görün, bu gün o ansamblın üzvlərindən biri gəlir yanıma... Gəlməzlər axı. Çünki daha lazım deyiləm. Unudublar məni. Mən belə
bilmirdim. Tək onlar
yox, hamı unudub məni.
- Sizi Zeynəb Xanlarovanın noyabrın
5-6-da Heydər Əliyev
Sarayında verdiyi konsertdə də görmədik. Niyə gəlməmişdiniz
konsertə?
-
Dəvət olunmamışdım,
necə gələydim?
Dəvət olunsaydım,
gəlib baxardım konsertə... İncimişəm,
heç məni saya da salmadılar.
O ansamblı mən yığmışam, ancaq
məni konsertə dəvət etmədilər.
Mənim bütün həyatım Zeynəb Xanlarovanın ansamblında
keçib. Gərək
belə etməyəydilər.
İncimişəm.
- Sizin danışıb-gülən
bir insan olduğunuzu deyirlər. Ancaq nədənsə indi danışmağa həvəsli deyilsiniz...
-
Mənim yerimdə kim olsa, ağzını
belə açmaz. Qəlbimdə çox sınmışam. Əvvəlki
Vəli Qədimov yoxdur indi. Xasiyyətim
də çox dəyişib. Bütünlüklə
dəyişmişəm. Səbəbini
bilmirəm. Bəlkə
də xəstəlikdir
səbəbi. Klarnet həsrəti məni dəyişdirib. Mən o ansambl üçün
canımı verdim, sağlamlığımı itirdim.
Əllərindən tutub
bataqlıqdan çıxardığım
insanlar, daim yardım etdiyim adamlar bu gün
məni unudublar. Elə bil heç
Vəli Qədimov yox imiş. Yoxa çıxıb hamısı... Başa düşə bilmirəm
ki, niyə belə edirlər. Bircə onu deyə bilərəm ki, indi ansambldan
əsər-əlamət
qalmayıb. Ansamblda çalışmadığım gündən onun vəziyyəti məni qane etmir. Mən
gözümü o ansamblda açmışam.
Mərhum Rəşid
Behbudov onunla işləmək üçün
mənə xəbər
göndərmişdi. Ancaq
getmədim, dedim, Zeynəblə başlamışam,
Zeynəblə də qurtaracağam. Sağaldığım
gün yenə də o ansamblda
işləyəcəyəm. Ansamblın düşdüyü
vəziyyətlə barışa
bilmirəm.
- Aftandil İsrafilovun ansambldan getməsindən xəbəriniz var?
-
Hə, o da getdi. Görək,
sonrası necə olacaq. Mən ansamblda olanda heç bir problem yox idi. Hər şey
mənim xəstəliyə
düşməyimlə bağlıdır.
Zülmlə yığdığım ansambl darmadağın oldu.
- Musiqiçi üçün
təqaüdə çıxmaq
nə deməkdir?
-
Başqasını bilmirəm,
mənim üçün
ölümdür. İndiki
kimi. Təqaüddəyəm,
prezident təqaüdü
alıram. Başqa yerdən də gəlirim yoxdur.
- Dövlət səviyyəsində sizə
qayğı göstərilirmi?
-
Yox. Bəlkə də heç xəbərləri yoxdur. Gəlib-gedən, maraqlanan olmayıb. Küsmüşəm, hamıdan,
özümdən də
küsmüşəm. Qolumdan
da küsmüşəm
ki, niyə məni yarı yolda buraxdı. Həyatımın ən ağır anlarını
yaşayıram. Klarneti
əlimə alıb, baxa-baxa qalıram. Bir əlimdə tutub elə baxıram.
- Televizora baxıb, radioya qulaq asırsınızmı?
-
Televizora baxmıram. Xoşum gəlmir. Ancaq radioya qulaq
asıram.
- Kimə qulaq asırsınız?
-
Ancaq Zeynəb Xanlarovaya qulaq asıram, onu tanıyıram. O, hamıya
bəsdir də...
- Bəs cavan müğənnilərdən
kimə qulaq asırsınız? Röya,
Natəvan, Rəqsanə,
Nadir Qafarzadə...
-
Yox. Onlar kimdir?
- Deyirsiniz ki, hələ də Zeynəb Xanlarovaya qulaq asırsınız. Demək,
sənətdə çox
vəfalısınız. Ailənizə
də bu cür vəfalı olmusunuz?
-
Elə deyirlər. İki dəfə evli olmuşam. Birinci evliliyimdən bir oğlum, ikinci evliliyimdən isə iki oğlum
var.
- Ailənizdə
yolunuzu davam etdirən varmı?
-
Nə övladlarımdan,
nə də nəvələrimdən yolumu
davam etdirən oldu. Özləri istəmədilər, məcbur
etmədim. Bu sənət məcburiyyətlə
olmur...
- Uzun illər sizə dostluq elədiyiniz klarneti kiməsə bağışlamaq fikriniz
yoxdur ki?
-
Onu heç vaxt kiməsə vermərəm. Qoy, elə evimdə xatirə qalsın. Mən onsuz yaşaya bilmərəm.
- İki ildən sonra 70 yaşınızı tamamlayacaqsınız...
-
Eh... Hələ görək gedib çata biləcəyəm
70-ə...
- Hansı arzunuzun həyata keçməsini istəyirsiniz?
-
Dövlət başçısı
mənə ev verib. Onu təmir
etdirmək lazımdır.
Arzum budur ki, o evi
düzəltsinlər, köçüm
bir az da
o evdə yaşayım.
- Tələbələriniz
var?
-
Çox təəssüf
ki, yoxdur. Yanıma gələnlər
olsaydı, sənətin
bütün sirlərini
onlara öyrədərdim.
Öyrənmək istəyən
olmadı. Mən özüm musiqini not keçməmiş öyrənmişəm. Gərək,
insanın ürəyində
istək olsun. Hər şeydən əvvəl budur. İndi belələri çox azdır. Bu səbəbdən də bu gün
klarnet ifaçıları
sarıdan problemlər
var.
- Siqareti əlinizdən yerə qoymursunuz. Bəs bu, səhhətinizə ziyan deyil?
-
Çox ziyandır. Hələ indi bir az azaltmışam.
Həkimlər qəti
qadağan ediblər. Ancaq nə edim,
dözə bilmirəm.
Mən əvvəldən
siqareti çox çəkmişəm. İndi
içim içimi yeyən zamanda siqareti necə tərgitim? Onsuz da olan daha
olub.
- Ötənlərə
boylananda daha çox nəyə təəssüflənirsiniz?
-
Hər şeyə, bütün həyatıma.
Musiqilər qalıb ürəyimdə, çala
bilmirəm.
- Diqqətdən
kənarda qalmış
bəzi sənətkarlarımız
televiziyaya üz tuturlar. Ancaq sizi heç televiziya ekranlarında da görmürük.
-
Mənim belə bir istəyim, arzum yoxdur. Unudulmaqdan
da qorxmuram. O qədər konsertlər vermişik, bütün dünyada. O konsertləri versinlər də efirə, niyə vermirlər? Əgər məni elə qiymətləndirirlərsə, konsertləri versinlər.
- Ürəyinizdə
qalan sözünüz
varmı?
-
Mən son sözümü üç
il əvvəl klarnetlə demişəm.
Daha sözüm qurtarıb.
Kaspi.- 2008.- 21 noyabr.- S. 11.