Sadıqoğlu A.
Arif Qazıyev: Muğam
gecələri tamaşaçılar arasında böyük
rəğbət qazanıb
Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin 2 iyun 2008-ci il tarixli
sərəncamı ilə Azərbaycan muğam
sənətinin təbliğində səmərəli
fəaliyyətinə görə Arif Lətif oğlu Qazıyev
"Şöhrət" ordeni ilə təltif edilmişdir.
Bu münasibətlə Arif Qazıyevin ünvanına
dostları, yaxınları, qohumları, mədəniyyət,
mətbuat işçiləri adından təbriklər
gəlir. Biz də bu təbriklərə qoşularaq Azərbaycan
Dövlət Muğam Teatrının direktoru, əməkdar
incəsənət xadimi Arif Qazıyevə müraciət
etdik.
- Arif müəllim,
möhtərəm Prezidentin sərəncamı ilə
ölkəmizin yüksək mükafatı -
"Şöhrət" ordeninə layiq
görüldüyünüzə görə öncə sizi
səmimi qəlbdən təbrik edirik. Hazırda
rəhbərlik etdiyiniz Muğam Teatrı hansı
layihələr üzərində işləyir və
qarşıda nə kimi vəzifələr durur?
- Teatrın
yaradıcılıq proqramı çox genişdir. Bu il
teatrımızın 20 yaşı tamam olur. Bu 20 ildə,
1988-ci ildən ötən dövrdə gördüyümüz
işləri bir yaradıcılıq hesabatı kimi xalqa
göstərməliyik. Azərbaycanın klassik əsas və
zərb muğamlarının proqramını
hazırlamışıq. Teatrda muğam tədbirləri,
dünyasını dəyişmiş sənətkarların
xatirə gecələrini, ustad xanəndələrin,
bəstəkar və şairlərin 60-dan çox yaradıcılıq
gecəsini keçirmişik. Bu gecələr
tamaşaçılar arasında böyük
rəğbət qazanıbdır. Hazırda biz teatrın
heyətində dəyişikliklər edirik. Son illər yeni
muğam müsabiqələrinin qaliblərini teatra cəlb
etmişik. Gənc xanəndələr hazırda muğam dəstgahlarını
hazırlayırlar. Əvvəllər bu dəstgahları xalq
artistləri İslam Rzayev, Alim Qasımov, Qədir
Rüstəmov, Aygün Bayramova və başqaları oxuyurdusa,
indi həmin muğam dəstgahlarını cavan
xanəndələrin ifa etməsi üçün
"yaşıl işıq" yandırılıbdır.
Onlar muğam sənətini və öz ifaçılıq
səviyyələrini inkişaf etdirirlər.
Bu il Lənkəran
və Masallı rayonlarında olmuşuq. Bu bölgədə
çox böyük izdihamlı konsertlər vermişik.
İnanın ki, tamaşaçılar bizdən ayrılmaq istəmirdilər.
Deyirdilər ki, biz neçə illərdir belə canlı
konsert görməmişdik. Əməkdar artist Ağacəbrayıl
Abasəliyevin rəhbərlik etdiyi Muğam Teatrı
ansamblının idarəsi ilə gənc
ifaçılarımızın canlı ifalarını
tamaşaçılar hərarətlə
qarşıladılar. Bu, bizim üçün bir
açılış oldu. Bundan başqa, Qəbələ,
İsmayıllı, Quba, Qusar rayonlarına da getmişik.
Muğam Teatrında isə bəstəkar Elza
İbrahimovanın yaradıcılıq gecəsini
keçirmişik. Elza xanım milliyyətcə ləzgi
olduğuna görə belə bir gecəni televiziyada
görəndən sonra bizi Dağıstana dəvət
etdilər. Buna oxşar bir gecəni Mahaçqala və
Dərbənddə də keçirdik.
- Bir neçə ildir
ki, sizin teatrın nəzdində "Fərhad" uşaq
muğam studiyası yaradılıb. Bu barədə nə
demək olar?
- Tezliklə bu
studiyanın şagirdlərinin gecəsi
keçiriləcək. Mən bu uşaqların
yaradıcılığından bəhs edən "Mənim
Qarabağım" adlı filmi gənc rejissor Pünhan
Həsənli ilə çəkmişəm. Uşaqların
yaradıcılığı, gördüyü işlər,
Azərbaycanın bölgələrində olmaları bir klip
formasında lentə alınmışdır. Filmdə onların
muğam dərslərini, müəllimlərin, peşəkar
muğam ustalarının uşaqlara dərs keçməsini,
Azərbaycan ədəbiyyatı tarixi, səhnə
mədəniyyəti fənlərinin tədrisi və s.
məqamları çəkmişik. Uşaqların
yaradıcılığına aid təxminən 40
dəqiqəlik filmdir. Bu filmi göstərilməsi
üçün Azərbaycan televiziyasına təqdim
edəcəyik. Çünki burada uşaqların
həyatı, onların muğam oxuması,
yaşayışı, təhsili öz əksini
tapmışdır. Məqsədimiz budur ki, kimin səsi varsa,
qoy muğam sənətini öyrənsin.
- Arif müəllim,
tanınmış rejissor kimi yaradıcılıq
planlarınız barədə məlumat verə
bilərsinizmi?
- Mən rejissor kimi 33 il
Azərbaycan Dövlət Televiziyasında işləyəndən
sonra Muğam Teatrına gəlmişəm. Azərbaycan televiziyasının
təklifi ilə bir sıra filmlər
çəkmişəm. Bunlara misal olaraq "Qara Qarayev",
"Fikrət Əmirov", "Gülarə Əliyeva"
haqqında və digər filmləri göstərə
bilərəm. Hazırda Arif Məlikov haqqında film üzərində
işləyirəm. Materiallar yığılır, Arif
müəllimlə görüşüb söhbət
edirəm. İstəyirəm ki, dünyada tanınmış
bəstəkarın yaradıcılığı haqqında 1
saatlıq film çəkim. Bu, elə bir film olmalıdır
ki, hər yerdə göstərilə bilsin. Rejissorluq
sənətini unuda bilmərəm. Mənim rejissorluğumla
həm də teatrda muğam dəstgahlarına aid tamaşalar
hazırlanır.
Muğam Teatrında
məşqlər davam edirdi. Azərbaycanın muğam
sənətini yaşadanların, məşhur muğam
ifaçılarının, ustad sənətkarların,
bəstəkarların, musiqiçilərin, mədəniyyət
xadimlərinin təbliği ocağı olan qədim
sənət məbədindən eşidilən xoş musiqi
sədalarının səsi-sorağı ölkəmizin
hüdudlarından uzaqlara yayılacaq.
Respublika.- 2008.- 1 noyabr.- S. 8.