Yerin yaman görünür

 

Dünən Azərbaycan Dövlət Mahnı Teatrında respublikanın xalq artisti mərhum sənətkar İslam Rzayevin xatirəsinə həsr olunmuş Xatirə İslamın "Yerin yaman görünür" kitabının təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan Dövlət Mahnı Teatrının direktoru, xalq artisti Arif Qazıyev mərhum sənətkarın yaradıcılıq yoluna dəqqət yetirərək, xanəndənin Azərbaycan musiqi sənətindəki yolundan danışdı. O bildirdi ki, İslam Rzayev uzun illər Mahnı Teatrının bədii rəhbəri vəzifəsində çalışmış, bu sənət məbədinin formalaşmasında ciddi işlər görmüşdü: "Belə bir simanın doğum günü hər il Mahnı Teatrında qeyd olunurdu. Onun əhatəsinə tanınmış sənətkarlar, korifey ifaçılar toplaşardı. Bu gün ənənəmizə sadiq qalaraq böyük sənətkarı anıb, onun sənət aləmindəki xidmətlərini xatırlamağı özümüzə borc bildik. Yəni Xatirə xanımın kitabının təqdimatını, həm onun xatirəsini yad etməyə toplaşdıq".

A.Qazıyev sənətkarın fəaliyyətinə həsr olunmuş kitabın müəllifinə söz verdi. Tanınmış müğənni Xatirə İslam tədbir iştirakçılarına təşəkkürünü bildirərək, qələm sahiblərindən üzr istəyib, məhz İslam Rzayev haqqında kitab yazmağa onu xatirələrinin sövq etdiyini söylədi. Musiqi sənəti, muğamla bağlı dəyərli məlumatları İslam Rzayev kimi sənətkardan öyrənən Xatirə İslam dünyasını dəyişmiş xanəndənin sənət aləmində göründüyü yeri doldurmaq, bir növ mənəvi təskinlik tapmaq məqsədilə kitabı qələmə almasını iştirakçılar qarşısında səmimi etiraf etdi.

Kitabın təqdimat mərasimində çıxış edən respublikanın xalq artisti, "İstiqlal" ordenli professor Arif Babayev Muğam Teatrında İslam Rzayev kimi xanəndənin sənətinin, şəxsiyyətinin işığına toplaşan iştirakçılarla öz səmimi fikirlərini bölüşdü: "İslam Rzayevlə bağlı çox danışmaq, sənətdəki fəaliyyətlərini göz önünə gətirmək olar. Çünki o, Azərbaycan xanəndəlik sənətində xüsusi çəkiyə malikdir. Hər kəsin qəlbində İslam Rzayevin yeri var. Onun dünyadan köçməsi milli musiqimizə müəyyən qədər öz təsirini göstərdi. Müğənninin sənət, tərcümeyi-halında Azərbaycan muğamları, təsnif rəngləri, xalq mahnıları yer tutur. İslam Rzayev hər bir musiqi nömrəsinə, əsərinə təkrarsız möhürünü vurmuşdur. Onun vurduğu xallar səmimi diapazonu istənilən musiqinin gözəl səslənməsinə imkan verirdi. Bu gün aramızda olmayan sənətkar haqqında kitab yazıb, onunla bağlı xatirələrə toxunduğuna görə, Xatirə İslamı alqışlayıram".

Arif Babayev çıxışında onu da vurğuladı ki, İslam Rzayevlə uzun illər sənət axtarışında olub, bu gün onun repertuarında yer alan musiqi əsərlərinin hər birinə yetişən nəslin ifaçıları müraciət edirlər.

Respublikanın xalq artisti Zaur Rzayev İslam Rzayev yaradıcılığını xarakterizə edərək, onu bütün xalq musiqisinə müraciət edən ifaçıların müəllimi kimi qiymətləndirdi. Rəşid Behbudovdan sonra Azərbaycan musiqi sənətində ən savadlı, istedadlı xanəndənin İslam Rzayevin olduğunu bildirən Z.Rzayev mərhum musiqiçinin sevib-seçdiyi sənətinə olan vurğunluq hissinə nəzər yetirdi: "Bütün dövlət tədbirlərinin açılışı İslam Rzayevlə olardı" deyən müğənni onun səsinin ecazkarlığından, səhnə mədəniyyətindən, danışıq qabiliyyətindən söz açdı. Dəfələrlə xarici ölkələrdə birgə qastrol səfərlərində olmuş, onun Azərbaycan milli mədəniyyətinin musiqi mədəniyyətinin təbliğ etməsinin şahidinə çevrilmişdi. İslam Rzayevin dünyasını dəyişməsinə baxmayaraq, bu gün sənət aləmindəki rolu öz əhəmiyyətini qoruyub saxlayır.

Şair Baba Vəziroğlu Muğam Teatrının əlamətdar hadisələrlə bağlı sənət xadimlərinin toplaşdığını bildirərək, sənət məbədinin bu səviyyədə yüksəlməsinə İslam Rzayevin rolunun olduğunu bildirdi. Belə ki, teatr yarandığı ilk illərdə sənətkar onun tərəqqisinə çalışmışdır. Baba Vəziroğlu mistikaya inanan bir ziyalı kimi bu gün İslam Rzayevin ruhən aramızda dolaşdığını söylədi. İslam Rzayev elə sənətkarlar sırasındadır ki, onu hər zaman xatırlayıb, yad etmək, sənətinin işığına toplaşmaq bizim mənəvi borcumuzdur. O, Azərbaycan musiqi mədəniyyətinin inkişafı istiqamətində yorulmaq bilmədən çalışıb, həm musiqiçi, həm pedaqoq kimi xanəndələr yetişdirib. Şair Xatirə İslamın kitabına məhz belə ad seçməsini alqışlayıb, xanəndənin ictimai həyatda, eləcə musiqi aləmində yeri olduğunu bir daha bildirdi. İslam Rzayev sənəti öyrənilir, tədqiq edilir, yaşayır.

Kitabın təqdimat mərasimində çıxış edən respublikanın xalq artistləri Canəli Əkbərov, Ramiz Quliyev, Nəzakət Teymurova və başqaları çıxış edərək, İslam Rzayevin Azərbaycan xalq musiqi sənətdəki rolunu yüksək dəyərləndirərək, bu gün onun repertuarında olan mahnıların gənc musiqiçilər tərəfindən sevilə-sevilə səsləndirildiyini bildirdilər.

 

Səs.- 2008.- 11 noyabr.- S. 12.