“Yeddi gözəl” yenidən səhnəmizdə
Dünən
Qara Qarayevin "Yeddi gözəl" baletinin yeni
quruluşunun ictimai baxışı baş tutdu. Səhnə əsərinin
nümayişində iştirak
edən dahi bəstəkarın qızı
Züleyxa Bağırova
KİV nümayəndələrinin suallarını cavablandırdı,
duyğu və düşüncələrini bölüşdü:
"Budəfəki quruluş
tamamilə yeni tamaşa, yeni librettodur, Qarayev musiqisinin yeni səhnə təcəssümüdür.
"Yeddi gözəl"
baleti bir neçə teatrda tamaşaya qoyulub. İndiki quruluş tamamilə müstəqildir,
Nizami ideallarına daha yaxındır.
Atamın
90 illik yubileyi ilə bağlı baş tutan tədbirlər,
xalqın və dövlətin onun
yaradıcılığına göstərdiyi diqqət
ürəkaçandır. Məhz bu il "Yeddi
gözəl"in yenidən tamaşaya qoyulması isə son dərəcə gözəldir. Deməliyəm
ki, Qarayev musiqisi Amerika Birləşmiş Ştatlarında
da sevilir, oranın televiziyası atamın musiqisini geniş təbliğ edir".
Q.Qarayev
"Yeddi gözəl" baletini Azərbaycanın
böyük şair və mütəfəkkiri Nizami
Gəncəvinin 800 illik yubileyinə həsr etmişdi. Baletin ilk tamaşası
1952-ci il noyabrın
6-da Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrında
keçirilmişdi. Bundan sonra
uzun illər boyu "Yeddi gözəl" Opera və Balet Teatrının
repertuarında möhkəm
yer tutmuş və Azərbaycanın balet ustaları bu tamaşa ilə bir sıra
xarici ölkələrdə
qastrol səfərlərində
uğurla çıxış
etmişlər.
"Yeddi
gözəl" bir sıra xarici ölkələrdə
də müvəffəqiyyətlə səhnəyə
qoyulmuşdu. Lakin zaman
keçmiş və quruluşun köhnəlməsi
səbəbindən bir
neçə il bundan öncə tamaşa teatrın repertuarından çıxarılmışdı.
Böyük bəstəkarın
yubileyi ərəfəsində
Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrı
rəhbərliyinin təşəbbüsü
və Mədəniyyət
və Turizm Nazirliyinin dayağı sayəsində milli balet sənətimizin incilərindən olan
"Yeddi gözəl"
baletini yeni quruluşda səhnəyə
qaytarmaq qərara alındı. Fərəc
Qarayevin rəhbərliyi
altında Qara Qarayevin sonradan etdiyi əlavələr yeni partituraya əlavə edildi. Tamaşanın musiqi rəhbəri və dirijoru Elşad Bağırovdur. E.Bağırov
Azərbaycan, daha sonra Leninqrad konservatoriyalarını bitirib.
Dirijor kimi fəaliyyətinə Rusiya
Akademik Böyük Teatrında başlamış,
Böyük Teatr və Kremlin Qurultaylar sarayında tamaşa və konsertlər ifa etmişdir. 1986-cı ildən İstanbul Opera və Balet
Teatrında çalışır.
Bu illər ərzində o, dünyanın ən məşhur və tanınmış rejissor və baletmeysterləri ilə birlikdə 35-dən artıq tamaşanı səhnəyə
qoymuşdur. Balet tamaşasının quruluşçu
baletmeysteri rusiyalı
xoreoqraf Vasili Medvedyevdir.
Onun
quruluş verdiyi tamaşalar Yaponiya, Kanada, Türkiyə,
Çexiya, Estoniya, Rusiya, Bosniya, Fransa, Almaniya kimi
ölkələrin ən nüfuzlu teatrlarında uğurla
nümayiş olunur.
V.Medvedyev
Estoniyanın əməkdar artisti, Estoniya Respublikasının
dövlət mükafatı laureatı, "Dans-Open"
beynəlxalq festivalının bədii rəhbəri, YUNESKO
yanında Beynəlxalq Rəqs Şurasının üzvüdür.
Tamaşanın libretto
müəllifi Yana Temiz M.Lomonosov adına MDU-nu və SSRİ EA Dünya Ədəbiyyatı İnstitutunun
aspiranturasını bitirib.
Son illərdə o, balet librettoları
üzərində çalışır.
Tamaşanın səhnə
tərtibatının müəllifi
Rusiya Akademik Böyük Teatrının
dekoratorçu rəssamı
Dmitri Çerbadjidir. Tamaşanın son dərəcə incə və zərif, hər biri əsl
sənət nümunəsi
olan səhnə kostyumlarının müəllifi
isə Azərbaycanın
əməkdar rəssamı
Tahir Tahirovdur.
Tamaşada
əsas rolları əməkdar artistlər İslam İslamov
(Bəhram şah), Kamilla Hüseynova (Gözəllər
gözəli), Alsu Gimadiyeva (Məğrib gözəli), Yelena
Skomoroşenko (Slavyan gözəli), Samir Səmədov
(Səməndər) və teatrın balet truppasının
digər aparıcı solistləri ifa edirlər.
Həftə içi.- 2008.- 28
noyabr.- S. 8.