Qara Qarayevin 90 illiyi dünyanın müxtəlif ölkələrində qeyd olunur

 

Noyabrın 19-da Böyük Britaniyanın paytaxtı Londonda böyük Azərbaycan bəstəkarı, musiqi korifeylərindən biri Qara Qarayevin anadan olmasının 90- ildönümü təntənə ilə qeyd olunmuşdur.

İngiltərədəki Azərbaycan səfirliyinin və "Avropa-Azərbaycan" cəmiyyətinin birgə təşəbbüsü ilə təşkil olunmuş konsertdə dahi bəstəkarın əsərlərini həmyerlimiz, məşhur skripkaçı Səbinə Rakçayevanın rəhbərlik etdiyi üçlük ifa etmişdir. Konsertdə Londondakı lordlar palatasının üzvü Lord Freyzer, London inzibati dairəsinin meri Çelsi Konsinqton, Böyük Britaniyadakı diplomatik missiyanın nümayəndələri, oradakı diaspor gənclər təşkilatlarının rəhbər heyəti iştirak etmişdir. "Avropa-Azərbaycan" cəmiyyətinin sədri Tale Heydərov əsərləri planetimizin əksər ölkələrində uğurla tamaşaya qoyulmuş milyonlarla tamaşaçının böyük rəğbətini qazanmış dahi bəstəkarın zəngin yaradıcılığı barədə ətraflı söhbət açmış, Böyük Britaniya ilə Azərbaycan arasında dostluq əməkdaşlığın, həmçinin mədəni əlaqələrin ilbəil möhkəmlənməsindən məmnun olduğunu bildirmişdir.

Həmin gün Almaniyadakı Azərbaycan diasporunun təşəbbüsü ilə Berlində də Qara Qarayevin yubileyi təntənəli şəkildə qeyd edilmişdir.

Azərbaycan.- 2008.- 22  noyabr.- S. 8.