Almanlar Azərbaycan musiqisinə
valeh olublar
Noyabrın 17-də Almaniyanın
Köln Musiqi Akademiyasında Azərbaycanın
musiqi korifeyi Qara Qarayevin 90 illik yubileyinə həsr olunmuş konsert gecəsi keçirilib. Alman-Azərbaycan Forumu
və Azərbaycanlıların
Almaniyadakı Koordinasiya
Mərkəzinin təşəbbüsü
ilə keçirilən
tədbir, Köln şəhərinin Mədəniyyət
İdarəsinin iştirakı,
Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyi, eləcə də bu ölkədəki
səfirliyimiz tərəfindən
dəstəklənib.
Tədbirə çox geniş tamaşaçı
marağı olub. Tamaşaçıların çoxluğunu nəzərə alaraq təşkilatçılar konsert
zalına əlavə
stullar yerdəşdirməli
olublar. Köln Musiqi Akademiyasının müəllim və tələbələri, eləcə
də tədbir iştirakçıları Azərbaycanın
tarixi və mədəniyyəti ilə
bağlı kitablara xüsusi maraq göstəriblər. Bu barədə "525"ə
məlumatı tədbirin
təşkilatçısı Azərbaycanlıların Almaniyadakı
Koordinasiya Mərkəzinin
icraçı direktoru,
Alman-Azərbaycan Forumunun Mədəniyyət
və İncəsənət
hissəsinin rəhbəri
Samira Patzer-İsmayılova verib. Azərbaycan musiqisinin görkəmli simalarından olan bəstəkar, pedaqoq Qara Qarayevin Azərbaycan musiqisindəki
rolunin əvəzedilməz
olduğunu deyən diaspor təmsilçisi, onun Azərbaycan musiqisini öz dövrünün avanqard bəstəkarlıq texnikası
ilə uzlaşdıraraq
XX əsrlə ayaqlaşdıran
və bununla da milli musiqi
mədəniyyət tariximizdə
yeni səhifə açan bəstəkar olduğunu vurğulayıb.
"O, milli musiqi sənətini Qərbi Avropa musiqi ənənələri
və müasir musiqi yazı üslubu- 20 əsrin avanqard cərəyanı olan "Yeni Vyana məktəbi"nin 12 tontexnikası ilə özünəməxsus
şəkildə uzlaşdıran
novator- bəstəkardır.
Onun musiqi dili, ifadə vasitələri ona xas olan şəxsi
dünyagörüşü və estetikaya əsaslanır. Bu estetikanın bünövrəsi
milli zəmin üzərində qurulmasına
baxmayaraq, Qara Qarayevin yaradıcılığı
milli mənsubiyyətdən
qırağa çıxaraq,
dünya musiqi dəyərləri səviyyəsində
qavranır".
Qara Qarayevin 90 illik yubileyi ilində onun
yaradıcılığının Avropa
ölkələrində, xüsusilə də Almaniyada
təqdim etməyin fəxr olduğunu deyən
S.Patzer-İsmayilova Qara Qarayevin mədəni irsinin Yeni Musiqi
ənənələrini əks etdirməsi bilavasitə Alman
musiqisi ilə əlaqəni təsdiq edir. Bu
baxımdan, böyük
bəstəkarın yaradıcılığının
məhz Almaniyada səhnəyə çıxarılması,
əsərlərinin səsləndirilməsi
və geniş dinləyici diqqətinə
çatdırılması çox önəmli idi.
Gecə maraqlı bir konsertlə qurularaq, rəsmi
çıxışlar, surətdə musiqi
əsərlərinin ifası və dəvət olunmuş
qonaqların aparıcı ilə söhbətlərindən
ibarət idi. Köln Musiqi Akademiyasının
dosenti, jurnalist Stefan Rütter Qara Qarayevin həyat və yaradıcılığını əhatə edən çıxışında sənətkarın
Azərbaycan incəsənəti
və Avropa üçün əhəmiyyətini
açıqlayıb. Qara
Qarayevi şəxsən
tanıyan Köln Akademiyasının professoru
Kşiştof Mayerlə
apardığı söhbət
gecənin ən yaddaqalan anı olub. Qara Qarayevin
həm dahi bəstəkar və hərtərəfli şəxsiyyət,
həm də prinsipial bir insan olduğunu qeyd edən Kşiştof Mayer Qara Qarayev və
Dmitri Şostakoviçlə
görüşləri haqqında
öz xatirələrini
bölüşüb. Həm
də musiqişünas
olan diaspor təmsilçimiz Samira Patzer Qara Qarayevin
Azərbaycan mədəniyyətindəki
rolu və yeri haqqında məlumat verib.
Köln Musiqi Akademiyasının dosenti pianoçu
Elnarə İsmayılovanın ifasında Qara Qarayevin
fortepiano prelüdləri səslənib, Almaniyanın
məşhur skripka ifaçısı Jeffri Varton və
Elnarə İsmayılova Qara Qarayevin skripka və fortepiano
üçün sonatasını tamaşaçılara
təqdim ediblər. Musiqiçilərin ifası auditoriyanı
valeh edərək, Qara Qarayevin musiqisinin bu gün də dünya musiqisi nöqteyi-nəzərindən
aktuallığını nümayiş
etdirib.
Konsertin əsas məqamlarından biri də
Azərbaycan Dövlət Kvartetinin çıxışı
olub. Köln şəhərində ilk dəfə Qara Qarayev musiqisilə
çıxış edən
sənətkarlar dinləyicilər
tərəfindən çox
böyük rəğbətlə
qarşılanıb, davamlı
alqışlarla təkrarən
səhnəyə çağrılıblar.
Köln şəhərinin mədəniyyət
şöbəsinin əməkdaşı
Kristof Müller gecə ilə bağlı fikirlərini bölüşərək, bu
konsertin Köln şəhərinin musiqi həyatında unudulmaz iz qoyduğunu qeyd edib və
gələcəkdə belə
gecələrin keçirilməsinin
Köln rəhbərliyi
tərəfindən
dəstəklənəcəyini deyib.
525-ci qəzet.- 2008.- 18 noyabr.- S. 4.