Mükərrəmoğlu M.
Prezident
İlham Əliyev və mədəniyyət
Bu yaxınlarda
çapdan buraxılmış, nəfis şəkildə
tərtib olunmuş “Prezident İlham Əliyev və
mədəniyyət” ikicildliyində dövlət
başçımızın prezidentlik fəaliyyəti
dövründə mədəniyyətimizlə,
milli-mənəvi dəyərlərimizlə bağlı
fərman və sərəncamları, mədəniyyət
xadimləri ilə görüşləri, yeni
mədəniyyət abidələrinin açılış
mərasimindəki nitqləri, mədəniyyətin
inkişafı ilə bağlı göstəriş və
tövsiyələri və s. öz əksini
tapmışdır.
Kitaba
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
“Giriş sözü” yazmışdır. Prezident İlham Əliyevin mədəniyyətlə
bağlı bir deyimi ilə başlayan bu məqalədə dövlət
başçısının mədəniyyətə, incəsənətə
və bütövlükdə
milli-mənəvi dəyərlərimizə göstərdiyi
diqqət və qayğı konkret faktlarla əks etdirilmişdir.
Orada deyilir: “Cənab İlham
Əliyev Azərbaycan
Respublikasının Prezidenti
seçildiyi ilk gündən mədəniyyətin
inkişafına böyük
diqqət və qayğı göstərmiş,
mədəniyyəti dövlət
siyasətinin əsas prioritetlərindən biri kimi daim diqqətdə
saxlamışdır”.
Azərbaycan
Dövlət Filarmoniyası binasının
təntənəli açılış mərasimində
Prezidentin iştirakını əks etdirən materialla
əsas hissəsi başlayan kitabda bütün yazılar
hadisələrin xronologiyasına uyğun olaraq
yerləşdirilmişdir. Yanvarın 27-də Azərbaycan Dövlət Filarmoniyasına
gələn Prezident burada aparılan yenidənqurma işləri
ilə tanış olmuş və orada geniş nitq söyləmişdir. Prezident İlham Əliyev demişdir: “Bilirsiniz ki, filarmoniyamızın bərpası
bilavasitə Prezident Heydər Əliyevin təşəbbüsü və
şəxsi göstərişi
ilə olmuşdur. Məhz onun göstərişləri əsasında
qısa müddət ərzində filarmoniya bərpa olundu və indi ən
yüksək dünya
standartlarına cavab verir”. Dövlət başçımız bu
çıxışında bəyan etdi ki, bizim xalqımız
çox istedadlı xalqdır və onun imkanları olmalıdır ki, öz istedadını, öz potensialını bütün dünyaya çatdıra bilsin. Prezident fəaliyyəti dövründə xalqımız
üçün bu imkanların yaradılmasını
mühüm vəzifə
kimi qarşıya qoymuş və bu istiqamətdə çox önəmli tədbirlərin həyata
keçirilməsini təmin
etmişdir.
Dövlət
başçımız xarici ölkələrə
səfərləri zamanı həmin ölkələrin
mədəni abidələri ilə tanış olur, onlara
öz münasibətini bildirir. 2004-cü ilin mart ayında Özbəkistan Respublikasına
səfəri zamanı
Daşkəndin, Səmərqəndin
qədim mədəniyyət
abidələri ilə
tanış olmuş,
onlar haqqında öz fikir və
təəssüratlarını bildirmişdir. Bu, bir daha
sübut edir ki, cənab İlham Əliyev dünya xalqlarının mənəvi dəyərlərinə
yüksək hörmət
və məhəbbətlə
yanaşır.
Kitaba cənab
Prezidentin “Azərbaycan Milli Ensiklopediyası” redaksiya
heyətinin ilk iclasında, eləcə də Atatürk
Mərkəzinin açılışındakı
iştirakı və oradakı çıxışları da
daxil edilmişdir.
Maraqlı
materiallar arasında dövlət
başçımızın Azərbaycan Ədəbiyyatı
və Azərbaycan Tarixi muzeylərindəki
görüşlərini əks etdirən materiallar da var.
Kitabı
vərəqlədikcə hiss edirsən ki, dövlət
başçımız mədəniyyətin inkişafına
kompleks şəkildə yanaşmışdır. Bu
materiallar arasında Azərbaycanda həyata keçirilən mədəniyyət
siyasətinin bütün
konturları əks olunmuşdur. Yəni onların bir qismi bütövlükdə
mədəniyyətimizə, digər qismi isə incəsənətin
ayrı-ayrı sahələrinə, eyni zamanda, turizmin inkişafına dövlətimizin
dəstəyini əks
etdirir. Belə ki, burada cənab
Prezidentimizin muzey işinə, musiqi sənətinə, teatr və kino sahəsinə,
kitabxana işinə dair fikir və
mülahizələri toplanmışdır.
Ölkə
Prezidenti hansı mədəni tədbirdə iştirak
edirsə, orada sənət adamları ilə
görüşür, onların qayğılarını,
ehtiyaclarını öyrənir, özünün münasibətini
bildirir. Məsələn, “Muğam televiziya
müsabiqəsi — 2007" qaliblərinin
qala-konsertində iştirakı zamanı da səhnə arxasında gənc ifaçılarla görüşmüş
və onlara öz tövsiyələrini
vermişdir: ”Muğam
bizim milli sərvətimizdir. Azərbaycan
xalqının sərvətidir...
Biz də öz tərəfimizdən
hər şeyi etməliyik ki, bu gözəl sənəti qoruyaq, möhkəmləndirək. Bundan
sonrakı nəsillər
də muğamın inkişafında öz rolunu oynayacaqdır".
Cənab
İlham Əliyev bölgələrə səfərləri
zamanı çıxışlarında milli-mənəvi
dəyərlərin qorunmasına, tarixi abidələrin
bərpasına və mühafizəsinə xüsusi diqqət
yetirilməsinin vacibliyini xüsusi olaraq
vurğulamışdır. Kitabda Şamaxı, Qazax, Gəncə,
Quba, Ağdaş, Lerik, Yardımlı, Mingəçevir,
Zaqatala, Balakən və s. rayonlarda Prezidentin
çıxışları əks olunmuşdur ki, bu
materiallarda da milli-mənəvi dəyərlərə
xüsusi yer verilmişdir.
Maraqlı
materiallardan biri də dövlət
başçımızın
“İçərişəhər” Dövlət Tarixi
Memarlıq Qoruğunda və ətraf ərazilərdə
aparılan bərpa və yenidənqurma işləri ilə
tanışlığını əks etdirir.
Xalça
Muzeyinin yeni binasının təməlqoyma mərasimində
Prezidentin çıxışı da kitaba daxil edilmişdir. Eyni zamanda, Prezidentin
Muğam Mərkəzinin
tikintisi ilə tanışlığını əks etdirən material da kitaba
salınmışdır.
Mədəniyyət
obyektlərinin yenidən qurulduqdan sonra açılış
mərasimlərində Prezidentin iştirakını əks
etdirən xeyli material kitabda öz əksini tapıb.
Kitabın II
cildi cənab İlham Əliyevin “Mədəniyyət,
ədəbiyyat, tarixi-mədəni irs və milli-mənəvi
dəyərlər haqqında” fikirləri ilə
açılır.
Sonra kitabın
“Təbriklər” adlı bölməsi verilmişdir. Müxtəlif
tarixi və bayram günləri münasibətilə
Azərbaycan xalqına ünvanladığı
təbriklərdə milli-mənəvi
dəyərlərimizə hörmət və
məhəbbət dolu fikirlər vardır.
Kitabın
digər bölməsi “Qanunlar” adlanır. Burada mədəniyyət və incəsənət,
eləcə də turizm haqqında Prezidentimizin imzaladığı
qanunlar öz əksini tapır.
“Fərmanlar”,
“Sərəncamlar” bölmələrində isə
dövlət başçımızın bu sahə
üzrə imzaladığı fərman və
sərəncamlar xronoloji ardıcıllıqla verilmişdir. Onlar
arasında “Azərbaycan teatr sənətinin inkişaf
etdirilməsi haqqında”, “Azərbaycanda kino sənətinin
inkişaf etdirilməsi haqqında”, “Azərbaycanda muzey
işinin yaxşılaşdırılması haqqında”,
“Azərbaycanda kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması haqqında”, “Azərbaycanda
Olimpiya hərəkatı və idman muzeyinin yaradılması
haqqında”, “Bakı şəhərində Neft Muzeyinin
yaradılması haqqında” və s. yüksək tarixi
əhəmiyyətə malik Prezident sərəncamları da
vardır.
Əlbəttə,
kitabda mədəniyyət işçilərinin sosial
vəziyyətinin yaxşılaşdırılması
istiqamətində cənab Prezidentimizin fərman və
sərəncamları xüsusi diqqət çəkir. Eyni zamanda, məşhur
mədəniyyət xadimlərinin
yubileylərinin keçirilməsi,
mədəniyyət-incəsənət
xadimlərinə fəxri
adların verilməsi
ilə bağlı Prezident sərəncamları
da burada öz əksini tapmışdır.
Kitab
“İdeal-Print” nəşriyyatında çap olunmuşdur. Layihənin rəhbəri
və baş məsləhətçisi mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, buraxılışa
məsul mədəniyyət
və turizi nazirinin müavinləri — Teymur Mehdiyev, Sevda Məmmədəliyeva,
Ədalət Vəliyev,
tərtibçilər Lətifə
Məmmədova, Mayıl Əhmədov, elmi məsləhətçilər
professor Teymur Əhmədov, dosent Əli Eyvazovdur.
Xalq qəzeti.- 2008.- 20 noyabr.- S. 3.