Bakıda bəstəkar Arif Məlikovun 75 illik yubileyinə həsr edilmiş beynəlxalq musiqi festivalı açılmışdır

 

AzərTAc xəbər verir ki, görkəmli bəstəkar, Azərbaycanın xalq artisti, SSRİ xalq artisti, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Arif Məlikovun 75 illik yubileyinə həsr edilmiş Beynəlxalq musiqi festivalı noyabrın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında simfonik musiqi gecəsi ilə başlanmışdır.
Baş nazirin müavini Elçin Əfəndiyev Festivalın açılış mərasimində demişdir ki, Arif Məlikovun musiqisi öz dərin məzmunu, obrazların çoxşaxəliyi ilə fərqlənir. Onun musiqisi uzaq keçmişə müasir dövrə aid gerçəkliyin müxtəlif cəhətlərini açıqlayır. Qəhrəmanlıq mövzusuna, dramatik lirik mövzulara həsr edilmiş, zəngin emosional məzmunu ilə seçilən bu musiqidə obrazlar çox vaxt fəlsəfi-psixoloji aspektdə əks olunur.

E.Əfəndiyev xatırlatmışdır ki, Nazim Hikmətin librettosu əsasında yazdığı "Məhəbbət əfsanəsi" baletinin premyerası 1961-ci ildə Rusiyada, Leninqraddakı Mariya Teatrının səhnəsində olmuşdur. Dərhal bədii sensasiyaya çevrilmiş tamaşa o vaxtdan bəri həmin teatrın səhnəsindən düşməmişdir.

Açılış mərasimində Arif Məlikov özü də çıxış etmişdir. "Bu gün mən ən xoşbəxt insanam, sevinclə qarışıq həyəcan hissləri keçirirəm" - deyən bəstəkar bildirmişdir ki, onun "Məhəbbət əfsanəsi" baleti dünyanın yetmiş teatrının səhnəsində tamaşaya qoyulmuşdur. Yubilyar daha sonra demişdir: "Bu festivalın keçirilməsi təşəbbüsünü irəli sürmüş onun təşkilinə kömək etmiş Azərbaycan Prezidenti İlham Əliyevə ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevaya təşəkkür etmək istəyirəm".

Festivalın açılışında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor xalq artisti Rauf Abdullayevdir) və Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər xalq artisti Gülbacı İmanovadır) ifasında "Vətən" simfonik poeması və 8 nömrəli "Əbədiyyət" simfoniyası səslənmişdir.

Sonra bəstəkarın ulu öndər Heydər Əliyevə həsr etdiyi "Əbədiyyət" simfoniyasının diskinin təqdimatı olmuşdur. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun icraçı direktoru İbrahim Məmmədov diskin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırlandığını bildirmişdir. Arif Məlikov muğamlarımıza böyük qayğı göstərən Mehriban xanıma həsr etdiyi "Muğam" kitabının da tezliklə nəşr olunacağını vurğulamışdır.

Prezidentin İcra Aparatının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Azərbaycanda akkreditə edilmiş diplomatik korpusun nümayəndələri festivalın açılışında iştirak etmişlər.

 

Azərbaycan.- 2008.- 20 noyabr.- S. 6.