Maestro Valeri Gergiyev Bakıda ilk dəfə çıxış etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, SSRİ-nin Azərbaycanın xalq artisti, məşhur bəstəkar Arif Məlikovun 75 illik yubuleyi ölkəmizdə geniş qeyd olunur. Dünya şöhrətli dirijor Valeri Gergiyev yubiley tədbirlərində iştirak etmək üçün məxsusi olaraq Bakıya gəlmişdir.

Yubiley çərçivəsində noyabrın 24-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Sankt-Peterburqun Akademik Mariya Teatrı orkestrinin ifasında simfonik musiqi konserti olmuşdur. Orkestrə maestro Valeri Gergiyev dirijorluq edirdi.

Konsertin birinci hissəsində Bakı musiqisevərlərinə Rimski-Korsakovun “Şəhrizad” simfonik suitası təqdim olunmuşdur. Görkəmli rus bəstəkarının məşhur əsəri tanınmış kollektivin ifasında özünəməxsus tərzdə səslənmiş və tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Konsertin ikinci hissəsi yubilyarın musiqisinə həsr olunmuşdu. Valeri Gergiyevin idarəsi ilə orkestr əvvəlcə Arif Məlikovun 1985-ci ildə yazdığı Altıncı simfoniyasını ifa etmişdir. Mütəxəssislərin fikrincə bu əsər bəstəkarın yaradıcılığında bir mərhələ təşkil edir. Musiqişünasların dediyi kimi, “Altıncı simfoniyada ötən əsrin simfonik musiqisinə xas ən yaxşı, qabaqcıl xüsusiyyətlər əksini tapmışdır. “Təzadlaradlanan bu simfoniya dinləyicilər tərəfindən özünəməxsus etiraf, ən qlobal insanı narahat edən problemlərlə bağlı düşüncələr hisslərlə dolu bir əsər kimi qəbul olunur.

Orkestr tamaşaçıların gurultulu alqışları altında simfoniyanın sonuncu hissəsini təkrar səsləndirmiş, daha sonra Berliozun “Macar marşı”nı, Lyadovun “Küpəgirən qarı” simfonik əsərini, Vaqnerin “Tangeyzer” operasından parçanı ifa etmişdir.

Gecənin sonunda Valeri Gergiyev qonaqpərvərliyə və rəhbərlik etdiyi orkestrin ifasının yüksək qiymətləndirilməsinə görə təşəkkür edərək bildirmişdir ki, sənətinə rəğbət bəslədiyi köhnə dostu Arif Məlikovun dəvətini qəbul edərək, ilk dəfə gəlməsinə çox sevinir. Maestro əmin olduğunu bildirmişdir ki, görkəmli bəstəkarla dostluq əlaqələri bundan sonra da davam edəcəkdir.

Xalq qəzeti.- 2008.- 26 noyabr.- S. 8.