Samirə

 

Arif Məlikov-75

 

Canlı korifey, dünyaşöhrətli bəstəkar, SSRİ xalq artisti Arif Məlikovun 75 illik yubileyi münasibətilə təşkil edilmiş Beynəlxalq Klassik Musiqi Festivalı mədəniyyət hadisəsi kimi yaşanmaqdadır.

Noyabrın 19-dan 30-dək davam edəcək festivalın ilk gününün sevinci M.Maqomayev adına filarmoniyada baş tutdu. Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri bəstəkarın əsərlərini təqdim etdi. Konsert proqramının fasilə vaxtında isə Arif Məlikovun mərhum prezident Heydər Əliyevə həsr etdiyi "Əbədiyyət" adlı "8-ci simfoniya"sının diskinin tanıtımı baş tutdu. Bəstəkar öz çıxışında bütünlüklə festivalın təşkilatçısı olan Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fonduna, diskin ərsəyə gəlməsində zəhməti olmuş hər kəsə, o cümlədən "Azərsun Holdinq" şirkətinə dərin minnətdarlığını bildirdi. Ən yüksək səviyyədə təşkil edilmiş festival günlərində paytaxtımızın konsert tamaşa salonları bayram əhvalına bürünəcək. Filarmoniyada Rauf Abdullayevin, daha sonra isə Fəxrəddin Kərimovun dirijorluğu altında konsertlər, "Muğam" Teatrının artistlərinin konserti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında kamera konserti elmi-praktik konfrans, Arif Məlikovun 7 simfoniyasının, simfonik vokal-simfonik poemalarının, romanslarının daxil edildiyi konsertlər keçiriləcək. Festivalın zirvə nöqtəsi isə Sankt-Peterburqun Mariinsk teatrının truppasının təqdimatında respublikamızın ən möhtəşəm konsert sarayında Arif Məlikova dünya şöhrəti gətirmiş "Məhəbbət əfsanəsi" baletinin oynanılması olacaq. 1961-ci ildə Nazim Hikmətin librettosu əsasında yazılmış bu balet o zaman olduğu kimi, yenə Yuri Qriqoroviçin quruluşunda yubilyara hədiyyə ediləcək. Daha bir qiymətli hədiyyə isə Valeri Georgiyevin dirijorluğu ilə Mariinsk Teatrının orkestrinin ifasında Rimski-Korsakovun "Şəhrizad" simfonik süitasının Arif Məlikovun "6- simfoniya"sının təqdimatı olacaq.
   

Həftə içi.- 2008.- 21 noyabr.- S. 8.