Noyabrın 21-də Bakıda, Heydər Əliyev Sarayının səhnəsində görkəmli
bəstəkar, SSRİ xalq
artisti, Azərbaycanın
xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi”
baleti göstərilmişdir.
Tamaşanı bakılılara Rusiya
teatrı, Azərbaycan
Prezidenti İlham Əliyevin bəstəkar Arif Məlikovun 75 illik yubileyinin qeyd olunması barədə sərəncamına
əsasən keçirilən
təntənələrdə iştirak etmək üçün paytaxtımıza
gəlmiş Sankt-Peterburqun
Akademik Mariya Teatrının kollektivi təqdim etmişdir.
Bu da təsadüfi
deyildir. Arif Məlikovun “Məhəbbət
əfsanəsi”nin dünya səhnələrini
fəth etməsi təxminən yarım əsr əvvəl məhz məşhur Mariya Teatrındakı ilk tamaşadan başlanmışdır. Azərbaycan Konservatoriyasında
böyük Qara Qarayevin sinfini bir müddət əvvəl bitirmiş gənc bəstəkarın
görkəmli türk
şairi Nazim Hikmətin librettosu əsasında yazdığı
əsər müəllifə
dünya şöhrəti
gətirmiş və dünya musiqi sənətinin korifeyləri
tərəfindən yüksək qiymətləndirilmişdir.
İndiyədək Arif
Məlikovun baleti müxtəlif ölkələrin
60-dan çox teatrında
göstərilmişdir. Bir
çox teatrların repertuarında bu tamaşa indiyədək qalmaqdadır. Təbii ki, əsər bəstəkarın vətənində
də səhnələşdirilmişdir.
İndi isə Bakı tamaşaçıları
“Məhəbbət əfsanəsi”nə Sankt-peterburqluların
ifasında baxmaq imkanı qazanmışlar.
Salona toplaşanlar
Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı
Mehriban Əliyevanı hərarətlə qarşıladılar.
Məlum olduğu kimi,
üçpərdəli baletin xoreoqrafiyası SSRİ xalq
artisti, SSRİ dövlət mükafatları laureatı,
professor Yuri Qriqoroviçə məxsusdur. Tamaşanın rəssamı
SSRİ xalq rəssamı,
SSRİ dövlət mükafatları
laureatı, akademik Simon Virsaladzedir. Onların təqdim etdikləri “Məhəbbət əfsanəsi”,
Rusiyanın xalq artisti Boris Qruzinin
rəhbərliyi altında
Mariya Teatrı orkestrin parlaq ifasında musiqi məhəbbətə, onun
əbədiliyinə himn,
böyük fəlsəvi
mövzunu səhnəyə
çıxaran əsər
kimi qarşılanmışdır.
Bütün
obrazların, ilk növbədə, Şirinin və
Fərhadın lirik partiyalarının ifaçıları -
beynəlxalq müsabiqə laureatı Yekaterina Osmolkina və
Yevgeni İvançenko çox böyük məharət
nümayiş etdirmişlər. Rusiyanın
xalq artisti, dövlət mükafatı
və beynəlxalq müsabiqə laureatı Ulyana Lopatkinanın yaratdığı Məhmənəbanu
obrazı da çox maraqlı idi. Ehtiras və
zəriflik, sevinc və kədər, məhəbbət və nifrət Məhmənəbanu
obrazının mahiyyətini
təşkil edir. Balerina bütün bunları tamaşaçıya
çox gözəl çatdırmışdır.
Tamaşanın digər
iştirakçılarının - İlya Kuznetsovun, Roman
Skripkinin və başqalarının da ifaları çox
yaxşı idi.
Tamaşaçılar
onlara sevinc bəxş etmiş ifaçıların
çıxışını gurultulu alqışlarla
mükafatlandırdılar.
Xatırladaq ki,
“Məhəbbət əfsanəsi” baleti noyabrın 22-də
Heydər Əliyev Sarayında təkrar
göstəriləcəkdir.
Azərbaycan Prezidenti
İlham Əliyev fasilə zamanı SSRİ-nin və
Azərbaycanın xalq artisti Arif Məlikov ilə
görüşdü.
Dövlətimizin
başçısı İlham Əliyev və xanımı
Mehriban Əliyeva Arif Məlikovu yubileyi münasibətilə
bir daha təbrik etdilər.
Xalq artisti Arif Məlikov
Prezident İlham Əliyevə
təşəkkürünü bildirdi, dövlətimizin
başçısına və xanımına
yaradıcılığı ilə bağlı disk və
albom hədiyyə etdi.
Xalq qəzeti.- 2008.- 22 noyabr.- S. 3.