Zümrüd

 

Bir ömrün izi

 

Sənət dünyamızda mifləşmiş bəstəkarın tərcümeyi-halı

 

Sənətin yollarında ömürlər yaşamış sənətkarların tərcümeyi-halı o dərəcədə zəngin və maraqlıdır ki, onların hər birinin izində milli dəyərlərimizi əks etdirən məqamlara rast gələ bilirik. Belə ömürlərin içərisində hər bir sənət adamının özünəməxsus dəsti-xətti özünü büruzə verir. Keşməkeşli, ziddiyyətli yollar keçən, lakin öz sənət əqidəsinə qarşı çıxmayan insanların sənətkarla zaman anlayışlarındakı ölçüləri bir-birinə uyğun gəlmədikdə yaratdıqları nümunələrin bədii keyfiyyəti, dəyəri bir o qədər də yüksək bir şəkildə qiymətini ala bilir. Çünki sənətkar üçün incə ruhlu qəlbləri titrədə biləcək, düşüncələrə təsir edə biləcək səmimi fikirlər üstünlük təşkil etməli, zaman ilə ayaqlaşa biləcək və tarixin dönəmlərində yaşanan həqiqətləri sətirlərə ala biləcək mənəvi güc, duyğu olmalıdır.

Azərbaycan musiqi sənəti tarixində özünəməxsus dəsti-xətti, orijinal üslubu ilə seçilən klassik əsərlər yaradan Arif Məlikovun xüsusi rolu vardır. 75 illik yubileyini qeyd etdiyimiz böyük sənətkarın əsərləri yaradıcılığının ilk dövrlərindən Azərbaycan sərhədlərini aşaraq, heç bir tərcüməyə ehtiyacı olmadan insanların mənəvi dünyasına sirayət etmiş musiqiləri ilə fəth etmişdir. Məhz belə bir qüvvəyə malik olan Arif Məlikov ömrünün müdrik çağında böyük bir sənətkar olaraq yaradıcılıq irsini davam etdirməklə, sənətkarlıq dəyərləri baxımından yüksək keyfiyyətləri əxz etməyi özünə borc bilir. Bütün təsirlərdən uzaq bir aləmdə yaşayıb yaradan və akademik səviyyədə öz yaradıcılıq üslubunu davam etdirən Arif Məlikov irsində zəif, ikrah doğura biləcək bir əsərə təsadüf edilmir. Daim axtarışda olan Arif Məlikov yetirdiyi tələbələri ilə bu gün fəxarət duyaraq, onların timsalında öz yaradıcılığının davamını görə bilir. Sənətdə güzəştə getməyi bacarmayan əqidəsi və sənətə olan tələbkarlığı baxımından bütün meyarları özündə birləşdirən bəstəkar uzun illər Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) pedaqoji fəaliyyət göstərmiş, professor kimi elmi dərəcəyə layiq görülmüş, bəstəkarlıq kafedrasına rəhbərlik etmişdir. Onun elmi mahiyyət kəsb edən pedaqoji fəaliyyəti bəstəkarlıq məktəbinin ənənələrini özündə təcəssüm etdirir. Arif Məlikov böyük klassiklərin məktəbindən dərs alaraq bu rütbəyə qədər yüksələ bilmişdir. Bu gün Arif Məlikovun əks-sədası dünyanın ən böyük konsert salonlarından eşidilir. Onun simfonik əsərləri, eləcə də, balet nümunələri dünya ölkələrinin səhnəsində ifa olunub, oynanılır.

Arif Məlikov, həqiqətən də, Azərbaycan musiqi sənəti tarixində XX əsrin böyük sənətkarı kimi qiymətləndirilir. Onun məhsuldar yaradıcılığının hər janrında nəfəsi, səsi duyulur. Türk dünyasının şair, dramaturqu olan Nazim Hikmətin əsəri əsasında yazdığı "Məhəbbət əfsanəsi" baleti Sankt-Peterburq Dövlət Opera Balet Teatrında tamaşaya qoyulmuş, ilk primyerası böyük uğur qazanmışdır. Həmin tamaşa ərəfəsində Arif Məlikov bu əsərin, Parisdə, Dehlidə, Londonda, Qahirədə, Vyanada, Nyu-Yorkda və dünyanın müxtəlif ölkələrində səslənməsini arzulamışdır. Bu, Arif Məlikovun gənclik arzusu idi. Gənclik dövründə yaşanılan böyük istək illər ötdükdən sonra reallaşmış, bəstəkarın dünya miqyasında tanınmasına səbəb olmuşdur. Bəstəkarın "Məhəbbət əfsanəsi" baleti dünyanın 60 ölkəsində səhnəyə qoyulmuş, Arif Məlikova böyük uğurlar gətirmişdir. Bu, böyük bir faktdır ki, sənətkarın yaradıcılıq keyfiyyətləri dünya miqyasında öz ölçüləri baxımından yüksək qiymətləndirilmiş, musiqiçilərin diqqətindən kənarda qalmamışdır. Dünyanın böyük şəhərlərində keçirilən musiqi festivallarında Arif Məlikovun ismi kənarda qalmamışdır. Festivallarda da teatr səhnələrində onun həm balet, həm simfonik əsərləri uğurla yaşanmış, Arif Məlikov dünyasının ştrixləri musiqisevərlərin yaddaşına əbədi həkk olunmuşdur. Almaniya, Çexiya, Macarıstan, Avstriya, Yaponiya, İngiltərə, Misir, Türkiyə, Amerika, Skandinaviya kimi ölkələrin konsert salonlarında böyük anşlaqla keçən yaradıcılıq əsərlərindən olan nümunələr dünya musiqisində Arif Məlikovun xüsusi yeri olduğunu təsdiqləyir. Məlumat üçün deyim ki, bu yaradıcılıq yolu peşəkarlıq səviyyəsində yüksələrək illərin sınağında özünü zənginləşdirmiş, böyük nəzəriyyəni təcrübələrində birləşdirərək, nota köçürdüyü hər sətirdə özünü tapmağa, təsdiqləməyə cəhd göstərmişdir. Bu baxımdan Arif Məlikov yaradıcılığı təqliddən və təkrarçılıqdan uzaq bir irsdir. Onun sənət tərcümeyi-halında diqqəti cəlb edən məqamlar var ki, onların hər birində məhsuldar əməyin və istedadın bariz nümunəsi özünü göstərir. Qeyd edim ki, Arif Məlikov Azərbaycan Dövlət Konservatoriyasında dünya şöhrətli bəstəkar, xalq artisti Qara Qarayevin sinifində təhsilini davam etdirmiş, müəlliminin ən sevimli tələbələrindən biri olmuşdur. Şərq poeziyasını və musiqisinin klassik ənənələrini mənimsəyən və zaman ötdükcə bu nümunələrdən yaradıcılığında istifadə etməyə başlayan Arif Məlikov klassika ilə müasirlik arasındakı vəhdətin arasındakı möhtəşəm əsərləri təqdim edə bilmişdir. Hələ tələbəlik illərində yazdığı "Balet süitası" bəstəkarın ilk nümunələrindən hesab olunsa da, ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı. İstedad özünü elə tələbəlik illərində göstərmişdi. Çox keçmir ki, bəstəkarın fleyta ilə orkestr üçün yazdığı "Konsertino"sı ona şöhrət gətirir. Bu gün də həmin əsər Azərbaycan musiqi aləmində, konsert proqramlarında müvəffəqiyyətlə səsləndirilir. Dünya musiqisində özünəməxsus yer tutmuş Dmitri Şostokoviç yazırdı ki, Arif Məlikov yaradıcılığı son dərəcə professionaldır. O, böyük bir istedada malik bəstəkardır. Gənc bəstəkar haqqında söylənilən bu fikirlər onun sənət meyarının ən dəyərli qiyməti idi.

Yaradıcılıq yolunda müxtəlif janrlara meyil edən və hər əsərində akademik səviyyədə olan nümunələri milli musiqimizə daxil olan Arif Məlikov baletləri, simfoniyası, operettası, kontataları, poeması, fortapiana əsərləri, eləcə də, kinofilmlərə və teatr tamaşalarına yazdığı musiqi əsərləri ilə geniş bir məkanı əhatə edir. Onun "İki nəfər", "İki qəlbin poeması" baletləri, "Dalğalar" operettası və digər əsərləri Arif Məlikovun fəlsəfi düşüncəsinin dərinliyini, yüksək humanizm hisslərini, sənətə və həyata baxışını təcəssüm etdirir. Arif Məlikov bu əsərləri ilə yanaşı, xalq üslubuna yaxın olan mahnıları ilə də diqqəti cəlb edir. Onun mahnıları bu gün də Azərbaycan ifaçılarının - müğənnilərin repertuarında özünəməxsus yer tutur. Bəstəkarın mahnılarının hər birində müasirlik, saf məhəbbət, təmiz hisslər özünü göstərir. Bu da bəstəkar ilə dinləyici arasında yaranan körpünün əsasını təşkil edir. Səmimilikdən musiqiyə yol açmış notların səsi dinləyicinin mənəvi dünyasının ən dərin qatlarına belə sirayət edərək, onun ruhi dünyası ilə maddi aləmi arasında bir bütövlük yarada bilir. Bu aləmlərin birləşməsində mənəvi dəyərlərimizin üstünlük təşkil etməsi də təqdirəlayiq bir məqamdır. Sözsüz ki, həcmindən asılı olmayaraq, yüksək səviyyədə yazılmış bir əsər, musiqi nömrəsi insanın mənəvi dünyasını tərbiyə edir, onun humanizm hisslərinin formalaşmasında müsbət təsirini göstərir. Arif Məlikov bu sənətkarlar sırasındadır ki, o, həm musiqi xəzinəmizi zənginləşdirmiş, həm də insanların cəmiyyətdə formalaşmasına kifayət qədər təsir gücünü göstərə bilmişdir.

Dünya şöhrətli sənətkar Arif Məlikovun "Melodiya" firması tərəfindən 12 müəllif valı buraxılmışdır. Bu valların əksəriyyətində simfonik orkestr və müəllif özü dirijorluq etmişdir. Moskvanıni "Sovetski kompozitor", "Muzıka" nəşriyyatları, eləcə də, xarici ölkələrin nəşriyyatları Arif Məlikovun əsərlərinə dönə-dönə müraciət etmiş, onların nəşrinə müvəffəq olmuşlar.

Arif Məlikov ifadə vasitələrini seçməkdə incə, zövq, musiqi dili sayəsində cəsarətli addımlar atmış, musiqi dramaturgiyasında böyük ustalıq göstərə bilmişdir. Sözün həqiqi mənasında, bəstəkar milli koloritli bir sənətkardır. Xalqın düşüncə və təfəkkür xəzinəsindən faydalanan və onu yaradıcılığında tətbiq edən Arif Məlikov müasir dövrümüzün klassiklərindəndir. Bəstəkar, dirijor, ictimai xadim, eyni zamanda, pedaqaq olan Arif Məlikov yaşının 75 olmasına baxmayaraq, ilhamlı yaradıcılıq yolu ilə fəaliyyətini davam etdirir. Bu illər ərzində, o, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, Azərbaycan və SSRİ xalq artisti, dövlət mükafatı laureatı adına layiq görülmüş bir çox ali orden və medallarla təltif edilmişdir. Sənəti dövlət tərəfindən yüksək qiymətləndirilən sənətkar "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Bu gün bəstəkar Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının müdiri kimi fəaliyyətini davam etdirir. Görkəmli bəstəkar yaradıcılığının müdrik illərini yaşayır. Onun yaradıcılığını çoxcəhətliyi və rəngarəngliyi milli sənət dünyamıza rəng əlavə etmiş, onu dünya ölkələrində təbliğinə istiqamət vermişdir. Arif Məlikov zamanının əfsanəvi bəstəkarları sırasındadır. Zamanla ölçülməyən ömür yaşayan bəstəkar 75 illik dövr ərzində musiqidən kənar gün yaşamamış, məhz həyatının mənasını, dəyərini musiqidə görmüşdür. Odur ki, Arif Məlikov sənəti belə böyük bir qüdrətə malik olmuş, əsrin ən böyük simaları sırasında imzasını atmışdır. İki əsrin illərində, qərinələrində Arif Məlikov imzası əbədi olaraq həkk olunmuşdur. Bu gün respublika səviyyəsində Arif Məlikovun 75 illik yubileyi qeyd olunur. Paytaxtımızın elə bir mədəniyyət ocağı tapılmaz ki, orada Arif Məlikovun yubiley tədbiri qeyd edilməsin. Mədəniyyət və Turizm Nazirliyinin Arif Məlikovun 75 illiyi ilə bağlı hazırladığı xüsusi proqramda bu özünün əksini tapmışdır. Onu belə geniş bir məkanda yubileyinin qeyd edilməsi təsadüfi deyildir. Arif Məlikov əsərləri Musiqili Komediya Teatrında, Opera və Balet Teatrının səhnəsində, Azərbaycanın teatrlarında, eləcə də kinofilmlərində möhrünü vurmuşdu. Bu gün belə bir sənətkarla bir mühitdə yaşadığımız və onun əsərləri mənəvi dünyamızı qidalandırdığı üçün böyük qürur hissi keçiririk.
   

Səs.- 2008.- 20 noyabr.- S. 12.