Xəlilzadə F.

 

Şöhrətin və pərəstişin zirvəsində

 

Ecazkar yaradıcılığı ilə mədəniyyətimizin bütöv bir dövrünün rəmzi sayılan, dünyada milyonlarla insanın rəğbət və məhəbbətini qazanmış, əsl həqiqətdə isə bəşər mədəniyyətində möhtəşəm xidmətləri olan Müslüm Maqomayev müsiqimizin parlaq nümayəndəsi idi. Musiqisevərlərin çox yaxşı yadındadır ki, altı il öncə ulu öndərin təşəbbüsü ilə həm Azərbaycanda, həm də Rusiyada Müslüm Maqomayev günləri coşqunluqla davam edirdi. Bu da səbəbsiz deyildi. Unudulmaz musiqi xadiminin o yay 60 yaşı tamamlandı. Həmişə şöhrətin və pərəstişin zirvəsində dayanan Müslüm Maqomayev ad gününün xoş ovqatını məhz Azərbaycanda, doğma Bakıda qarşıladı.

Ulu öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı böyük xidmətlərinə görə Müslüm Məhəmməd oğlu Maqomayevi dövlətimizin ən yüksək mükafatı olan "İstiqlal" ordeni ilə təltif edərək böyük sənətkara təbrik məktubu göndərmişdir. Həmin məktubda deyilirdi: "İncə musiqi duyumunuz, müxtəlif xalqların və dövrlərin mədəni irsini yaradıcılığınızda əks etdirmək qabiliyyətiniz səhnəyə gəldiyiniz ilk günlərdən Sizi musiqi mədəniyyətinin pərəstiş olunan xadimlərindən birinə çevirmişdir. Siz yaradıcılığınızda klassik ənənələrə xas olan nurlu və humanist obrazları qoruyub saxlayaraq zamanın tələblərinə də layiqli cavab verməyi bacarmısınız. Sizin müasir musiqi mədəniyyəti problemlərini özünüzə məxsus baxımdan əks etdirən yaradıcılığınız məhz təkrarsız Maqomayev üslubunda öz təəssüratını tapmışdır. Bu üslub Azərbaycan Opera və Balet Teatrının səhnəsində olduğu kimi, Sizin tərəfinizdən yaradılmış Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin fəaliyyətində də özünü parlaq şəkildə büruzə vermişdir".

Müslüm Maqomayev 1942-ci ilin avqustunda Bakı şəhərində anadan olmuşdur. O, böyük bəstəkarımız, Üzeyir Hacıbəyovun sənət dostu Müslüm Maqomayevin nəvəsi idi. Ailə mühitindən gələn tərbiyə və incəsənətə olan dərin məhəbbət hələ uşaqlıq illərindən Müslümü musiqiyə çəkirdi. Bir tərəfdən də Ulu Tanrı ona geniş diapazona malik cazibədar, məlahətli səs bəxş etmişdi. Müslüm Maqomayev Helsinki şəhərində keçirilən ümumdünya musiqi festivalında çıxış edərək, beynəlxalq mükafat qazananda cəmi 20 yaşı var idi. Onun şöhrəti tezliklə keçmiş sovet ittifaqının bütün respublikalarına yayılmışdı. Təsəvvür edin ki, Moskvada Çaykovski adına salonda ilk solo konsert verən azərbaycanlı balasını sürəkli alqışlarla qarşılayanda Müslüm 21 yaşına təzəcə keçmişdi. Görünür bu da taleyin yazısıdır ki, Müslüm çox gənc ikən bütün dünyada məşhurlaşdı. Bu məşhurluq o qədər hüdudsuz və geniş idi ki, konsert salonlarında yerlər azlıq edərdi. Stadionda minlərlə dinləyici ayaqüstə Müslümü alqışlayardı. Mahnıları yazılmış vallar çox böyük tirajla buraxılardı. Müslüm Maqomayev öz səsi ilə ürəkləri fəth etmişdi.

"Bakı bülbülü" adlandırılan Müslüm Maqomayevi sevənlər arasında sadə əmək adamlarından başlamış dövlət rəhbərlərinə kimi hər kəs var idi. Hələ sovet dönəmində Müslüm Maqomayevi sovet estradasının parlaq ulduzu, kralı, simvolu adlandırırdılar. Bu da faktdır ki, klassik ariyaları və mahnıları ilk dəfə estradaya məhz Müslüm Maqomayev gətirmişdi. SSRİ xalq artisti fəxri adını alanda Müslüm Maqomayevin 31 yaşı var idi.

Mahnı yaradıcılığı ilə həmişə zamanın fövqündə dayanan Müslüm Maqomayevin repertuarında 600-dən çox əsər yer tutmuşdu. Özü də gözəl mahnılar bəstələyərdi. Onun xalq şairi Nəbi Xəzrinin sözlərinə yazdığı "Azərbaycan" mahnısı ürəkləri fəth etmiş, dillər əzbəri olmuş ən gözəl əsərlərdən biridir. Hərdən fikirləşirsən ki, həmişə alqışlarla, rəğbətlə qarşılanan, sevilən, konsertləri həsrətlə gözlənilən Müslüm Maqomayev qədər ikinci xoşbəxt adam olubmu? Ümumiyyətlə, bu şəxsiyyət hansısa ciddi problemlə rastlaşıbmı? Sən demə cəmi 66 il yaşayacaq bir ömür həyatın həm fərəhli, həm də ağır hökmləri ilə üz-üzə dayanıb. Həmkarları, musiqi mütəxəssisləri bu böyük sənətkar haqqında maraqlı hadisələr, bəzən də geniş oxucu, dinləyici auditoriyasına bəlli olmayan faktlardan danışırlar. Müslüm Maqomayev təbiət və yaradıcılıq etibarilə müstəqil şəxsiyyət olub. Sovet dövründə repertuarına elə mahnılar salıbmış ki, ölkə rəhbərlərinin xoşuna getməyib, bu səbəbdən də bir neçə dəfə onun konsert salonlarında çıxışına, qastrollarına qadağa qoyulub. "KQB" orqanlarında çalışanlar Müslümün səsindən, ahəngindən qorxurmuşlar. Amma Müslüm Maqomayev bütün təzyiqləri, qadağaları çox nadir bariton səsi ilə vurub dağıtmaq qüdrətinə malik idi. Bu çox az müğənillərə qismət olan səadətdir ki, sağlığında korifeyə çevriləsən. Müslüm Maqomayev sözün əsl mənasında fenomen şəxsiyyət idi. Bu səsin möcüzəsi qarşısında heç bir qadağa, təzyiq uzun ömürlü ola bilməzdi. Həyatının çox böyük bir hissəsini Azərbaycandan kənarda yaşasa da, soy-kökü, canı, qanı ilə doğma torpağa bağlı idi.

Hələ 22-23 yaşında gözəl və yumşaq tembrli gur səsi ilə insanları öz nəfəsinin sehrinə salan, şöhrəti dünyanı dolaşan Müslüm Maqomayev bir çox operalarda ifa etdiyi partiyalara öz möhürünü elə vurmuşdur ki, biz onları ancaq o səsdə, o ahəngdə qəbul edə bilirik. Məsələn, "Sevilya bərbəri"ndə Fiqaro partiyası. İllərdir ki, o səsdəki qeyri-adilik, ritm, sehr qulaqlarımızdan çəkilmir. Bəlkə bu partiyanı yaxşı oxuyanlar olub, təbii ki, var, amma heç kim Müslüm Maqomayevin çatdığı zirvəni fəth edə bilməyib. Dövrümüzün az qala əfsanəvi insanına çevrilmiş Müslüm Maqomayev Azərbaycan mədəniyyətinin milli sərvəti idi. O Rusiya ilə Azərbaycan arasında elə bir körpü salmışdı ki, bölünməz olaraq qaldı. Müslüm Maqomayev xalqlar birliyinin canlı rəmzi idi. İstər Moskvada, istərsə də Bakıda ümummilli lider Heydər Əliyevin əli həmişə onun kürəyində olub. Ulu öndər Müslüm Maqomayevin yaradıcılığına böyük rəğbət göstərirdi. Korifeylər sırasında əzəmətlə dayanan Müslüm Maqomayevin estrada, teatr və kinodakı fəaliyyəti, xüsusilə də ifaçılıq sənəti haqqında çox yazılıb, hələ də yazılacaq. Etiraf edək ki, Müslüm yaradıcılığına ən səmimi və dəqiq qiyməti yenə də məhz unudulmaz Heydər Əliyev verib: "Müslüm Maqomayevin nadir səsi, məftunedici səhnə istedadı, yüksək musiqi mədəniyyəti ona ifaçılıq sənətinin klassik opera və estrada sahələrində təkrarsız incilər yaratmaq imkanı vermişdir. Uzun illər keçsə də həmin incilər bu gün də vokal ifaçılığının zərgər dəqiqliyi ilə, cilalanmış gözəlliyi ilə ruhumuzu oxşamaqda davam edir".
Görkəmli musiqi xadimi, Azərbaycan xalqının sənətkar oğlu Müslüm Maqomayevin bu ilin oktyabrında dünyaya vida etməsi pərəstişkarlarını dərindən sarsıtdı. Moskvada ilk dəfə solo konsert verdiyi Çaykovski adına konsert salonunda böyük müğənni ilə vida mərasimi təşkil edildi. İstər həmin mərasimdə iştirak edənlərin söylədiklərindən, istərsə də televiziyadan izlədiklərimizdən bu ağır kədərin içində bir fəxarət duyğusu yaşandı. İnsanlar axın-axın - beş kilometrlik məsafə boyunca dayanaraq Müslüm Maqomayevə son borclarını verirdilər. Azərbaycanda doğulmuş, böyümüş, təhsil almış Müslüm Maqomayev mədəniyyətimizin nailiyyətlərini çox məharətlə dünyaya göstərə bilmişdi. Onun yaradıcılığı dünya mədəniyyətşünaslarının, musiqişünaslarının obyektinə çevrilmişdir. İnsan olumla ölüm arasındakı məsafəni müxtəlif səmtlərə yönəldə bilər. Amma o zaman Ulu Tanrının dərgahında sevimli olur ki, beşiklə məzarın eyni torpaqda yerləşsin. Bu mənada ölkə Prezidenti İlham Əliyevin şəxsi cəhdi və təşəbbüsü nəticəsində Müslüm Maqomayevin cənazəsinin Bakıya gətirilməsi, öz babasının yanında torpağa əmanət edilməsi Tanrıya xoş gedən çox müqəddəs bir əməl oldu. Müslüm Maqomayevin bu dəfə Vətənə dönüşü əbədiləşdi. Səsi bütün dünyanın musiqisevərlərinin yaddaşında həmişəlik yaşayacaq Müslüm Maqomayevə əlvida demək soydaşlarımız üçün ağır olsa da, hamının ürəyində bir təsəlli var. Müslümün səsi konsert salonlarında, televiziya kanallarında, radioda həmişə səslənəcəkdir.

Dəfn günü Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə dedi ki, Müslüm Maqomayev milyonlarla insanın ürəyini fəth edə bilmişdi. İncəsənətdə çox ulduzlar var, amma əsl ulduz Müslüm Maqomayev idi. Onun bəstələdiyi mahnılar Azərbaycanın rəmzinə çevrilibdir. Biz çox fərəhlənirdik ki, Müslüm Maqomayev bizim Bəstəkarlar İttifaqının üzvü idi.

Müslüm Maqomayev bütün dünyanın sevdiyi, vurğun kəsildiyi Azərbaycan oğludur. Qədirbilən xalqımız mədəniyyətimizin bu parlaq nümayəndəsi ilə haqlı olaraq həmişə fəxr etmiş, onun professional musiqimizdəki xidmətlərini yüksək qiymətləndirmişdir. Sehrli nəfəsinin, avazının qanadlarında ruhumuzda lövbər salacaq səsi bizi həmişə öz ovsununda saxlayacaq:

Ey əziz anam, Azərbaycan,

Sənə bağlıyam, Azərbaycan,

Anamın anasısan, qardaşlıq dünyasısan, Azərbaycan!


Azərbaycan.- 2008.- 6 noyabr.- S. 6.