Mürvətqızı S.

 

Müslüm Maqomayev Özbəkistanda da anılıb

 

Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddəki Həmzə Həkimzadə Niyazi adına Musiqi kolleci ilə birgə mərhum sənətkar, böyük müğənni Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş mərasim keçirib. Tədbirdə səfirliyimizin əməkdaşları, Daşkənddəki Azərbaycan diasporunun üzvləri, kollecin şagirdləri müəllimləri, jurnalistlər iştirak ediblər. Xatirə gecəsini giriş sözü ilə açan kollecin direktoru Batır Matyakubov Müslüm Maqomayevin mahnılarının yalnız keçmiş SSRİ- deyil, bütün dünyada sevildiyini bildirib. Azərbaycanın Özbəkistandakı səfirliyinin müşaviri Zəbi Axundov çıxışında böyük sənətkarın həyatı fəaliyyəti haqqında məlumat verib. Özbəkistanın əməkdar artisti Rifat Kuçlikova bildirib ki, Müslüm Maqomayev Fiqaronun ariyasını, "Buhenvald harayı" ifa edəndə 17 yaşı olub və bu əsərlərlə pərəstişkarlarını ovsunlamağa başlayıb. Mərasimdə Muhsin Qəniyevin ifasında Azərbaycan xalq bəstəkar mahnıları səslənib.

Sonra Müslüm Maqomayev haqqında sənədli film göstərilib, böyük müğənninin oxuduğu mahnılar səsləndirilib və xatirə gecəsi məşhur "Azərbaycan" mahnısı ilə başa çatıb.

 

525-ci qəzet.- 2008.- 28 noyabr.- S. 7.