Azad bir quşdum...
Səxavət Məmmədovun
xatirə gecəsi
İfaçılıq
sənətində dinləyicinin, ümumən xalqın
qəlbinə yol tapmaq, sevilmək, əbədi-yaşarlıq
qazanmaq heç də hamıya nəsib olan xoşbəxtlik
deyil. Bu, Tanrının sevib-seçdiyi insanların
qismətidir.
Belələri
əzəldən ruhu, qanı, canı ilə
sənətə bağlı olur, addımbaaddım
irəliləyərək zirvələri fəth edirlər. Deyirlər
ki, sənətkarı mühit, zaman yetişdirir. Əgər
belə olmasaydı, ustadların yolu sonrakı
nəsillərin yaradıcılığında öz
davamını tapmazdı. Hər bir sənətkar
özündən sonrakı nəslə bir örnəkdir.
Bənzərsiz ifaçılığı ilə
seçilən xanəndə Səxavət Məmmədov da
belələrindən idi.
Noyabrın 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Səxavət Məmmədovun xatirə gecəsi keçirilmişdir. Gecənin aparıcısı, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru, Milli Məclisin deputatı Rafael Hüseynov bildirdi ki, bu gün səsinin işığına yığışdığımız, Ağdam rayonunun Abdal-Gülablı kəndində dünyaya göz açmış Səxavət Məmmədov səsi, avazı ilə seçilən, heç kimə bənzəməyən, öz yolu olan ifaçılardan idi. Bu bənzərsiz səs bu gün də, sabah da, hələ neçə-neçə illər sonra da öz təravətini itirməyəcək, daim dinləyicilərə doğma olacaqdır.
Cəmi 38 il ömür sürən Səxavət Məmmədov Azərbaycan musiqisini ölkəmizdən kənarda da ləyaqətlə təmsil etmişdir...
Mərhum sənətkarın ən yaddaqalan ifalarından olan "Azad bir quşdum" mahnısının videolenti alqışlarla qarşılandı.
Gecədə xalq şairi Bəxtiyar Vahabzadənin, xalq artistləri Arif Babayevin, Əlibaba Məmmədovun, İslam Rzayevin, Möhlət Müslümovun, Alim Qasımovun və başqalarının Səxavət Məmmədovla bağlı videomüsahibələri səsləndirildi.
Salona toplaşanlar xatirə gecəsinin təşkil, unudulmaz ifaçının lent yazılarının toplanıb disk halında buraxılması ilə bağlı çox böyük iş görmüş təəssübkeş soydaşımız, Ukrayna yanacaq və energetika nazirinin müavini Burzu Əliyevin çıxışını hərarətlə qarşıladılar. O, ifaçılığını, vətənpərvərliyini yüksək qiymətləndirdiyi Səxavət Məmmədovun irsinin toplanmasına on il vaxt sərf etdiyini bildirdi.
Xatirə gecəsində xalq artistləri Arif Babayev, Nəzakət Teymurova və Mənsum İbrahimovun, unudulmaz sənətkarın qardaşları Əlyar və Fehruzun, gənc ifaçıların çıxışları maraqla dinlənildi.
Gecənin iştirakçılarına
Səxavət Məmmədovun
"Səxavətli muğamlar"
və "Səxavətli
mahnı və təsniflər" seriyasından
olan ikinci və üçüncü
CD toplusu təqdim edilmişdir.
Respublika.- 2008.- 4 noyabr.- S. 8.