Quliyeva Z.
Gəlimli-gedimli, ölümlü-itimli dünyamızdan
kimlər keçib getməyib ki? Yer üzünü lərzəyə salan padşahlar, sərkərdələr,
şairlər, filosoflarE
və bir də ruhumuza, hisslərimizə hər zaman hakim kəsilən
musiqiçilər. Bu
fani dünyanın pəncərəsindən lap
tez, tələm-tələsik baxıb gedənlər də olub. Amma baxışı,
görünüşü, əməli yaxşı mənada fərqli olanların izi heç vaxt həyatdan silinməyib.
Necə ki, bu gün musiqidən,
sənətkarlıqdan söz düşəndə
dünyamızın pəncərəsində Səxavət
adlı bir işığın yandığını
görürük.
Düşünürəm, müğənni ömründən
səsdən özgə,
qiymətli, əziz nə qalır ki?
Səxavət
Məmmədovdan söz düşəndə qəlbimdə
elə hey bir mahnı oxunur.
Elə ki, bəxtimə
baxdın, ay çiçək,
Könlümü
yandırıb-yaxdın, ay göyçək!
Bu mahnı
Səxavətdən əvvəl də oxunub, sonra da. Ancaq yaşıdlarım mənimlə razılaşarlar
ki, bu mahnının
möhürünü Səxavət
Məmmədov vurub. Onun ifasında eşitdiyimiz
"Ay çiçək"
"Ay bəri bax", "Sarı bülbül", "Külək",
"Qarabağ şikəstəsi",
"Seygah", muğam
və təsniflər
hansını deyim ki, yüz kərə,
min kərə dinləməklə doymaq olmur, şirinliyi ilə süzülür qəlbimizə. Bəlkə
də bu, düz fikirdir ki, istedadın parlaması, cilalanması üçün adamın
hansı mühitdə,
təbiətdə böyüməsindən,
yaşamasından çox
şey asılıdır.
Gözünü açandan
başı qarlı dağlar, diş göynədən bulaqlar,
qıjıltıyla üzü
arana axıb gedən çaylar görən Səxavətin
səsində təbiətin
bütün təsvirləri
var. Sanki Abdal-Gülablının bütün çiçəklərinin
ətri var bu səsdə. Muğam və xalq mahnılarını elə odlu ürəklə
oxuyurdu ki, dinləyicilər musiqinin bütün incəliklərini
duya bilirdilər.
Hər dövrün
öz şərqisi var. Sevindirici haldır ik, Səxavət Məmmədovun
oxuduğu nəğmələr
daim sevilir. Yaxın günlərdə
bir cavan oğlanın mobil telefonunda Səxavətin
"Sarı bülbül"ünə qulaq asdığını gördüm.
Doğrusu, indiki gənclərin əksəriyyətinin
daha çox əcnəbi musiqilərə,
şou müğənnilərinə
meyilli olduqları üçün bu, mənə bir qədər təəccüblü
gəldi. Marağımı
gizlətmədən soruşdum:
- Nə əcəb, bəzi yaşıdların
kimi başqa mahnıları oxutmursan?
Oğlan qısa cavab verdi:
- Mənim xoşuma bu mahnı gəlir,
ona da qulaq
asıram.
Bu sadə cavabda əslində, aydın bir məqam vardı. Əlbəttə, Səxavəti
musiqiçilər, sənətkarlar
daha zəngin dillə vəsf edirlər. Söz , sənət xiridarlarının
bir neçəsinin Səxavət Məmmədov
haqqında söylədiklərini
misal çəkmək
yerinə düşər.
Böyük alim Xudu Məmmədov demişdi: "Qanında bir başqa qan olan və
Azərbaycan dilini sonradan öyrənən insan heç vaxt Səxavət kimi muğam oxuya bilməz. Səxavətin böyüklüyü
odur ki, Azərbaycan muğamını
əsl azərbaycanlı
kimi oxuyur".
Xalq şairi Bəxtiyar
Vahabzadə: "Səxavəti mənə ilk dəfə
sevdirən onun ifasında eşitdiyim "Seygah" olub. Muğam oxuyan gərək onun fəlsəfəsini də bilə. Səxavətin məharəti
onda idi ki, o, oxuduğu
muğamı necə başlayırdısa, eləcə
də bitirirdi. Ürəyə yatımlı,
şirin, məlahətli
səsi muğamın
fəlsəfəsini başa
düşməsi hər
zaman onu sevdirirdi."
Xalq artisti, professor Arif Babayevin fikridir: "Səxavətin sənəti
hər zaman sənət adamlarıyladır.
O, böyük bir sənət əsəri qoyub gedib. Hər
səsə inci səs demək olmaz. Səxavət Məmmədovun səsi inci səslərdən idi".
Xalq artisti Canəli
Əkbərov: "Səxavət Məmmədovun daxili
mədəniyyəti sənəti ilə üst-üstə
düşürdü. Sağlığında
oynaq, rəvan, naxışlı səsi ilə böyük sevgi qazanmışdı. Onun milli musiqimizdə,
muğam sahəsində
ideal fərqi var. Ona görə
də xalqımız bu gündə sağlığında olduğu
kimi Səxavət Məmmədov sənətinə
hörmətlə yanaşır."
Xalq artisti Mənsum
İbrahimov: "Səxavət Məmmədovun adı
gələndə hər bir azərbaycanlı onu dərin
hörmətlə yad edir. Kimsəyə
bənzəməyən dağ
şəlaləsinə, axar
çaya oxşar səsi insanları ovsunlayır. Oxuduğu hər bir ifa
təbii, özünəməxsusdur.
Neçə ki, Azərbaycan xalq mahnıları, muğamları
yaşayır, Səxavət
Məmmədov da yaşayacaq".
Göründüyü kimi,
söylənilən fikirlərin
sonunda bir məna dayanır. Doğrudan da, Səxavətin ifası ruhumuza həm dinclik gətirir, həm də bizi dərin düşündürür. Bu
səsdə insanı,
silkələyən bir
yanğı var. Səxavətin ən şux mahnısında insanı duyğulandıran
bir qəm vardı. Yaşadığım
illər ərzində
bir məqamı müşahidə etmişəm.
Ömrü yarımçıq
qırılan insanın
gözlərində anadangəlmə
bir qəm olur. Səxavətin oxuduğu mahnı və təsniflərin hamısını həvəslə
dinləyirsən, bir mahnısına qulaq asanda işə lap kövrəlirsən:
Azad bir quşdum, yuvamdan
uçdum,
Bir bağa
düşdüm bu gənc yaşımda.
Bir ovçu
gördü, köksümdən vurdu,
Torpağa
düşdüm bu gənc yaşımda.
Sən demə, öz
taleyini oxuyurmuş Səxavət Məmmədov. Deyirlər, qu quşu ömründə
bir dəfə nəğməsini oxuyar, o da öləndə.
Ömrünün son günlərində Səxavətin
bu mahnını tez-tez oxuması da bəlkə bir qanunauyğunluq, xəbərdarlıq imiş.
Torpaqdan yaranmışların,
bir gün torpağa qovuşması təbiidir. Amma qəlbimizi ağrıdan odur ki, öz
şərqisində dediyi
kimi, yuvasından, doğma Qarabağından
ayrı düşdü
Səxavət. Narahat ruhu Ağdam, Abdal-Gülablı, Qarabağ nisgillidir. Təsəlli budur ki, Səxavət Məmmədov nə xalq, nə də
sənət adamları
tərəfindən unudulub.
Bu günlərdə
Azərbaycan Dövlət Filarmoniyasında unudulmaz
xanəndənin 55 illiyinə həsr olunmuş "Azad bir
quşdum" adlı xatirə gecəsi keçirildi. Gecənin aparıcısı professor
Rəfael Hüseynov bildirdi ki, S.Məmmədov 38 il yaşamasına baxmayaraq, bu qısa ömrü
içərisində onu
görənlərin, eşidənlərin
yaddaşında, ürəyində
özünə yer tapmaq haqqı qazandı. Muğamımızın
tarixinə unudulmaz iz qoydu. İndi
Azərbaycanın elə
bir bölgəsi yoxdur ki, orada
onun dostları olmasın və Səxavət Məmmədovu
sevgi ilə ehtiramla anmasınlar.
Tədbirin
təşkilatçısı, Ukrayna energetika nazirinin
müavini Burzu Əliyevin Səxavət yaradıcılığına
böyük məhəbbəti isə Kiyevdə yenicə
işıq üzü görən "Səxavətli
mahnı və təsniflər" (SD) adlı musiqi albomunun
təqdimatının keçirməsi və onun haqqında
vətəndaş təəssübkeşliyilə
söylədiyi səmimi nitqi oldu. Səxavət
Məmmədov haqqında
hər kəsin dilində eyni bir söz eşitdik.
Səxavət Məmmədov
yüksək vətənpərvərliyi,
torpağa, xalqına bağlılığı ilə
fərqləndiyi kimi,
səxavəti, insanlığı
ilə də fərqli idi.
Səxavət
sənətini ona bənzər səslərində yaşadan
qardaşları Əlyar və Fehruz Səxavət, xalq
artistləri Arif Babayev, Nəzakət Teymurova, Mənsum
İbrahimov və digər muğam ustaları tədbir
iştirakçılarına maraqlı bir gecə
yaşatdılar. Bu gecənin
ən möhtəşəmliyisə
Səxavət Məmmədovun
səsləndirilən lent
yazıları idi. Bütün bunlar bir daha təsdiq
edir ki, Səxavət Məmmədov
səsiylə, ruhuyla hər zaman bizimlədir.
Tədbirdə xanəndənin
yaradıcılığını əks etdirən SD-lər qonaqlara paylandı.
Azərbaycan.- 2008.- 7 noyabr.- S. 6.