Aydınoğlu T.

 

Ölümsüzlüyün 60 ili

 

Azərbaycan professional musiqisinin banisi, dünya şöhrətli bəstəkar, görkəmli publisist və ictimai xadim Üzeyir Hacıbəylinin dünyasını dəyişməsindən 60 il keçir. Dahi musiqiçinin zəngin sənət irsi, xalqımız qarşısında xidmətləri ona ölümsüzlük qazandırdığından ötən illərdə Üzeyir bəy sənətsevərlərin geniş dairəsinin qəlbində heykəlləşmişdir.

Noyabrın 23-də — bəstəkarın xatirə günündə üzeyirsevərlər Fəxri Xiyabana gələrək bəstəkarı dərin ehtiramla yad etdilər, məzarı üstünə tər çiçək dəstələri düzdülər. Anım mərasimində Ü.Hacıbəylinin məzarı başında həmişəyaşar sənətkar haqqında ürək sözləri söyləndi. Üzeyirbəyşünas, Yazıçı Qadınlar Cəmiyyəti İctimai Birliyi sədrinin I müavini Səadət Qarabağlı cahanşümul sənətkar Üzeyir bəy Hacıbəylinin mədəniyyət tariximizdəki təkrarsız yerindən danışaraq dedi ki, illər Üzeyir bəyi cismən bizdən uzaqlaşdırsa da mənən o, bizə daha da yaxınlaşır. İllər keçdikcə Üzeyir bəy sənətinə ehtiyacımız çoxalır. Dünya xalqlarının da Ü.Hacıbəyli şəxsiyyətinə irsinə sevgisi ehtiramı danılmazdır. Kanadanın Niaqara şəlaləsi yanında keçirilən Motsartın 250 illik yubileyinə həsr olunmuş festivalın Ü.HacıbəylininFantaziya ilə açılması, Vyanada dünya miqyasında məşhur olanArşın mal alanoperettasının tamaşaya qoyulması, Avropanın mədəniyyət mərkəzi sayılan Avstriyanın paytaxtında dahi bəstəkarlarımızın abidəsinin açılması buna bariz nümunədir.

Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti İB-nin sədri, yazıçı Nüşabə Məmmədli Üzeyir bəy sənətinin həmişəyaşarlığından danışdı və bildirdi ki, cəmiyyətin idarə heyətinin qərarı ilə Üzeyir bəy Hacıbəyli adına mükafat təsis edilib. Dahi Üzeyir bəyin adını daşıyan bu mükafat ildə iki nəfərə, yaradıcılıqda göstərilən uğurlara görə veriləcək.

Tədbirdə iştirak edən görkəmli tarzən, Azərbaycan Respublikasının xalq artisti, professor Ramiz Quliyev, Milli Konservatoriyanın rektoru, xalq artisti, professor Siyavuş Kərimi, Səməd Vurğunun ev-muzeyinin direktoru Aybəniz Vurğunqızı, İqtisad Universitetinin professoru Aysəba Əlizadə, musiqişünas, professor Zemfira Qafarova, “Respublika” qəzetinin şöbə müdiri Mirvari Rəhimzadə Üzeyir bəy Hacıbəylinin bəstəkar, publisist, dramaturq, pedaqoq, musiqişünas, ictimai xadim, xeyirxah insan kimi bənzərsizliyindən söhbət açdılar.

Aybəniz Vurğunqızı Üzeyir bəy və Səməd Vurğun dostluğundan söhbət açaraq özünün uşaqlıq xatirələrini mərasim iştirakçılarının nəzərinə çatdırdı, atasının dahi sənətkara sonsuz hörmət və ehtiramından bəhs etdi.

Çıxışlarda dönə-dönə vurğulandı ki, Üzeyir bəy olmasaydı, mədəniyyətimiz, incəsənətimiz bu səviyyədə olmazdı. Dahi sənətkara, Azərbaycan xalqının böyük oğluna borcumuzu qaytarmaq üçün hərəmiz öz sahəmizdə var qüvvəmizlə çalışmalıyıq, onun ölməz, zəngin irsini daim yaşatmalıyıq.

Xatirə mərasimi böyük şairimiz Səməd Vurğunun Üzeyir Hacıbəyliyə həsr etdiyi şeirlə sona yetdi. 60 il əvvəl Səməd Vurğun Üzeyir bəyin ölümündən doğan sarsıntını belə ifadə etmişdi: “Ölüm sevinməsin qoy...” Doğrudan da, dahi Üzeyir Hacıbəyli sevərək yaşadığından, sevilərək öldüyündən xalqımızın qəlbində şirin bir xatirəyə dönərək əbədiyyət qazanmışdır.

 

Xalq qəzeti.- 2008.- 26 noyabr.- S. 7.