Qocayeva A.

 

BDU-da dahi Üzeyir bəy anıldı

 

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində mətbuat tarixi kafedrasının təşkilatçılığı ilə dahi bəstəkar, Şərqdə opera sənətinin banisi, publisist Üzeyir Hacıbəylinin vəfatının 60 illiyinə həsr edilmiş elmi konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan fakültənin dekanı Yalçın Əlizadənin təklifi ilə görkəmli ədibin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Y.Əlizadə qeyd etdi ki, Azərbaycan, rus dünya klassik ədəbiyyatı incəsənətinin mütərəqqi ənənələrini dərindən mənimsəyən Ü.Hacıbəyli ömrünün 45 ilini doğma xalqımızın mədəniyyətinin yüksəldilməsinə, ölkə musiqisini inkişaf etdirərək, yeni keyfiyyətlərlə zənginləşdirərək dünyada tanınmasına sevilməsinə sərf etmişdir. Eyni zamanda, böyük ədib satirik felyetonları, dərin məzmunlu məqalələri ilə Azərbaycan mətbuatını yeni pilləyə qaldırmışdır. Onun yazıları gənc jurnalistlər nəsli üçün bir örnəkdir.

Sonra professor Şirməmməd Hüseynov "Üzeyir Hacıbəyli və Azərbaycan mətbuatı" mövzusunda məruzə edərək faktlar əsasında onun publisistik fəaliyyətinə işıq saldı. Professor Ü.Hacıbəylinin 1945-ci ildə universitetdə tələbələrlə görüşü, 1948-ci ildə vəfatı, dəfn mərasimində bir qrup tələ ilə birlikdə iştirakı, Mircəfər Bağırovun matəm mərasiminə gəlməsi, Bülbülün "Sənsiz"i oxuması haqqında xatirələrini danışdı. Nəzərə çatdırdı ki, ilk dəfə Üzeyirin istedadını üzə çıxarıb onu Qori seminariyasına aparan Firudin bəy Köçərli olmuşdur. Üzeyir bəy 1905-1920-ci illərdə jurnalistlik fəaliyyətilə məşğul olmuş, "Molla Nəsrəddin", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni iqbal", "Açıq söz" və digər mətbu orqanlarında ən aktual mövzularda çıxışlar etmiş, "Azərbaycan" qəzetinin ilk redaktorlarından biri olmuşdur.

Ü.Hacıbəylinin komediyalarındakı mütərəqqi, demokratik fikirlər, köhnə həyatın və geriliyin tənqidi, zülmkar təbəqələrin nümayəndələrinə qarşı satirik gülüş öz başlanğıcını publisistikadan almışdır. O, publisistik yazılarında mütərəqqi ictimai-siyasi fikirləri müdafiə etmişdir. Yazıçının publisistik yazıları öz tematik genişliyi, ədəbi mənbələrdən, xüsusilə Şərq ədəbiyyatından gətirdiyi misallarla hər kəsi heyran qoymuşdur.

Hacıbəyli "Molla Nəsrəddin"in yolunu davam etdirərək hər şeydən yazmış və cəmiyyətdəki eybəcərlikləri qamçılamaqla yanaşı, onlardan qurtuluş yollarını da göstərmişdir.

Şirməmməd Hüseynov sözünə davam edərək bildirmişdir ki, Üzeyir bəy publisistik yazıları ilə humanizmin, haqq-ədalətin, azadlığın böyük müdafiəçisi kimi çıxış etmişdir. O, şəxsiyyət azadlığının, fikir azadlığının qızğın tərəfdarı olmuşdur. Ü.Hacıbəyli "Azərbaycan" qəzetində 98 məqalə dərc etdirmişdir. Natiq xüsusi vurğulamışdır ki, ədibin əsərlərinin 10 cildliyinin çap edilməsi barədə sərəncam verilməsinə baxmayaraq, yalnız 4 cildi -1915-ci ilin oktyabrınadək olan məqalələri kobud redaktə ilə çap edilmişdir. Bu gün ədibin əsərlərinin 10 cildliyinin akademik nəşrinə böyük ehtiyac var. Üzeyir bəy Azərbaycan xalqı üçün çox böyük mənəvi irs qoyub getmişdir. Onun irsi tədqiqatçılar tərəfindən dərindən araşdırılmalı xalqın ixtiyarına verilməlidir.

Bu günlərdə ölkə Prezidentinin sərəncamı ilə Bakı Müsiqi Akademiyasına yenidən Üzeyir Hacıbəylinin adının verilməsi əlamətdar hadisə kimi dəyərləndirilməlidir. 63 il şərəflə yaşayan, 1948-ci il noyabrın 23- dünyasını dəyişən dahi ədəbin xatirəsi daim ehtiramla yad olunur.

Sonra fakültənin professorları Şamil Vəliyev "Azərbaycan" qəzetinin materialları əsasında "Azərbaycan publisistikasında Üzeyir Hacıbəyli məktəbi", Cahangir Məmmədli "Üzeyir Hacıbəyli irsinin müasirliyi" mövzularında çıxışlar edərək görkəmli ədibin bu sahələrdəki fəaliyyətini yüksək dəyərləndirdilər. Professor Aydın Dadaşov Ü.Hacıbəyli ev muzeyinin direktoru Sərdar Fərəcov ədibin publisistik fəaliyyətinin ayrı-ayrı məqamlarına ayna tutdular.

Sonda mərasim iştirakçıları Ü.Hacıbəylinin həyat və yaradıcılığına həsr edilmiş "Kitab şərgisinə" tamaşa etdilər.

Azərbaycan.- 2008.- 23 noyabr.- S. 8.