Nəcəfxanlı Ə.

 

Bu işdə yorulmaq yoxdur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında” 25 sentyabr 2008-ci il tarixli sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” adına layiq görülənlərdən biri də Lətifə Mövsümovadır.

...Bir payız günü onunla görüşmək üçün Masallıya gedərkən yolboyu nədənsə 15-ci əsr italyan rəssamı Alessandro Bottiçellinin məşhur “Bahar” tablosundan “Üç qratsiya” fraqmentini xatırladım. Tabloda əl-ələ tutub rəqs edən çox gözəl madonnalar öz ətraflarına sanki işıq səpələyirlər. Düşündüm ki, yəqin Lətifə xanımın sevimli “Halay”ı da öz qədim rəqs örnəkləri ilə illərdən bəri dünyaya işıq saçdığına görə həmin tablonu mənim yadıma salır.

Mənzil başına çatanda bahar təravətli təbəssümlə qarşılaşdım. “Halay”ın məşqi işıqların rəqsinə bənzəyir, göz qamaşdırır və adamı aydan arı, sudan duru ilkinliyinə, qədim etnoqrafik mədəniyyətə qovuşdururdu.

Lətifə xanım otuz ildir ki, Masallıda mədəniyyət sahəsinə rəhbərlik edir. Onun başçılıq etdiyi “Halay” folklor mahnı və rəqs ansamblı neçə-neçə beynəlxalq festivalda gözəl çıxışları ilə seyrçiləri və tələbkar münsifləri heyrətdə qoyub. Türkiyə, İraq, Macarıstan, Rusiya, Belarus və digər ölkələrdə milli mədəniyyətimizi layiqincə təmsil edib. O, həmişə “Halay”ın önündədir. İncəbel qızları zövqlə geyindirib-kecindirib səhnəyə çıxarır, düşəndə özü də belinə şal bağlayıb, başına örpək atıb qızlara qoşulur, xalq yaradıcılığı incilərimizin zəngin nümunələrini dünyaya yayır. Əbəs yerə Masallıda Lətifə xanıma “mədəniyyətin fədakarı” demirlər ki...

Lətifə xanım folkloru xəzinə adlandırır. “Bu xəzinənin içində bir sadə naxışı belə unutmaq, dəyərləndirməmək olmaz” – deyir.

...Yetmişinci illərin sonunda Bakıda təşkil olunan böyük bir konsertdən sonra səhnə arxasına gələn respublika rəhbəri, unudulmaz böyük şəxsiyyət, ulu öndər Heydər Əliyev “Halay”ın çıxışını təriflədi. Gənc Lətifənin əlini sıxaraq dedi: “Bu, çox gözəl idi. Söz ver ki, sən xalq yaradıcılığına daim belə sədaqət göstərəcəksən. ”Halay"ı qoruyacaqsan". O vaxt Lətifə cavab verməyə utanıb. Amma üstündən uzun illər keçsə də, bu sözlər yaddaşına həkk olunub, indi də “Halay”a sədaqətini, himayəsini davam etdirir.

Onun işi təkcə “Halay”la bitmir. Masallıda 43 klub müəssisəsi, o cümlədən 1 rayon, 14 kənd mədəniyyət evi, 28 kənd klubu, 79 kitabxana, tarix-diyarşünaslıq muzeyi, Heydər Əliyev muzeyi, rəsm qalereyası, mədəniyyət və istirahət parkı, 26 turizm obyekti, uşaq incəsənət məktəbi, 117 tarix və mədəniyyət abidəsi fəaliyyət göstərir. Rayonun klub və mədəniyyət evlərində 114 bədii özfəaliyyət kollektivləri yaradılıb, həmin kollektivlərə 2603 nəfər həvəskar cəlb edilib. “Halay” ansamblı və rayon mədəniyyət evinin dram dərnəyi “Xalq kollektivi” adını daşıyır. El şənliklərində, bayramlarda Şərəfə kəndindən “Ailə” və Həcər", Xırmandalı kəndindən “Dostluq”, Oncaqaladan “Aşıqlar”, rayon mədəniyyət evini təmsil edən “Təravət”, “Azərin”, “Sadiq” instrumental ansamblları, həmçinin Kalinovka, Musaküçə, Qızılavar, Sərçuvar, Həsənli, Hacıtəpə kəndlərinin bədii kollektivləri uğurlu çıxışları ilə fərqlənirlər. Onların hamısını saxlamaq, qayğılarını həll etmək, daim üzdə olmalarına nail olmaq heç də asan deyil. Lətifə xanım bu işin öhdəsindən bacarıqla gələ bilir.

Vaxtaşırı paytaxtdan gələn tanınmış musiqiçilərin, teatr kollektivlərinin Masallıda çıxışları təşkil olunur. Məsələn, bu il Dövlət Mahnı və Rəqs Ansamblı Olimpiya İdman Kompleksində, Şıxəli Qurbanov adına Musiqili Komediya Teatrının truppası rayon mədəniyyət evində, Dövlət Kamera Orkestrinin solistləri uşaq incəsənət məktəbində geniş konsert proqramları ilə çıxış edərək yerli sənətsevərlərin tələbatını ödəyiblər.

Masallı rayon mədəniyyət evinin xalq teatrının kollektivi aprel ayında burada keçirilən zona baxış-müsabiqəsində qalib gəlib. Bakıda təşkil olunan respublika baxış-müsabiqəsinin yekun turunda isə 3-cü yeri tutaraq diplom və pul mükafatına layiq görülüb. Ənənəvi “Yaz” festivalında 7-30 yaşlı istedadlı gənclər beş janr üzrə qüvvələrini sınayıblar. Festivalda 850 nəfər həvəskarın arasında fərqlənənlərə təşkilat komitəsinin fəxri fərmanları, diplomlar, idarə və təşkilatlar tərəfindən hədiyyələr və pul mükafatları verilib.

Ulu öndər Heydər Əliyevin 85 illik yubileyi münasibətilə ümummilli liderin adını daşıyan, başdan-başa yenidən qurulmuş parkda ilk dəfə olaraq “Kitab bayramı” keçirilib.
Dövlət başçısının “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 6 mart 2007-ci il tarixli fərmanı ilə əlaqədar Heydər Əliyev muzeyində və tarix-diyarşünaslıq muzeyində xeyli iş görülüb.

Masallıda yerli əhəmiyyətli 49, ölkə əhəmiyyətli 1 memarlıq abidəsi, 21 türbə, bulaq və kurqan, 7 daş qoç fiquru, qədim məscid və ocaqlar, ziyarətgahlar var. Bu siyahının dəqiqləşdirilib abidələrin yenidən mühafizə qeydiyyatına alınması üçün rayon icra hakimiyyəti başçısının imzası ilə təkliflər Nazirlər Kabinetinə göndərilib.

Lətifə xanımla söhbətimiz istər-istəməz hərlənib-fırlanıb “Halay”ın üzərinə gəlib çıxdı. O, dedi ki, avqust ayında Dağıstanın paytaxtı Mahaçqala şəhərində folklor kollektivlərinin 3-cü beynəlxalq festivalında iştirak edən “Halay” Azərbaycanı uğurla təmsil edərək mötəbər təşkilat komitəsinin fəxri fərmanına, mükafatlara layiq görülüb. Həmin tədbir çərçivəsində təşkil olunan “Xalq kostyumu poeziyası” adlı 3-cü milli libas festivalı da yaddaqalan olub. Qədim ənənəni yaşatdığına görə “Halay” ansamblı diplom alıb. Dağıstanın prezidenti M.Əliyev Azərbaycan folklorçularının çıxışını xüsusilə bəyənib, mədəniyyət və turizm naziri Z.Süleymanova heyranlığını gizlətməyib. Meksikanın nümayəndə heyəti isə “Halay”ın çıxışını Amerika qitəsində görmək istədiyini bildirib.

Bu payız Bakıda “Azərbaycan — doğma diyar” devizi altında azsaylı xalqların 2-ci respublika incəsənət festivalında təqdim etdiyi maraqlı konsert proqramına görə “Halay” yenidən fərqlənərək Mədəniyyət və Turizm Nazirliyinin diplomuna layiq görülüb.

Masallı gözəl diyardır. Burada istedadlı gənc rəssamların yetişməsində təbiətin əsrarəngiz gözəlliklərinin də böyük təsiri olur. Təsadüfi deyil ki, həvəskar rəssamların və tətbiqi sənət ustalarının işlərindən ibarət respublika baxış-müsabiqəsinin yekun turunda Masallını beş yeniyetmə təmsil edib və onlardan ikisi fəxri fərmanla mükafatlandırılıb.
Lətifə Mövsümova Azərbaycanda həyatın bütün sahələrində, o cümlədən ölkənin mədəni həyatında sürətli inkişaf olduğunu vurğuladı və bunu ilk növbədə Prezident İlham Əliyevin adı ilə bağladı. O, həmçinin Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın Azərbaycanda elm, təhsil və mədəniyyətin inkişafına əvəzsiz töhfələr verdiyini iftixarla qeyd etdi.

- Mənim də iştirakçısı olduğum Azərbaycan qadınlarının III qurultayında çıxış edən Mehriban xanım ölkənin tərəqqisində qadınların rolunu yüksək qiymətləndirdi, — deyə Lətifə xanım sözünə davam etdi. — Ölkəmizin birinci xanımı çıxışında kişilərlə “Bərabər hüquqlarından bərabər imkanlara” siyasətinin vacibliyini önə çəkdi. Bu yolda bizi daha fəal olmağa, potensialımızı gerçəkləşdirməyə, cəmiyyətdə sözümüzü daha cəsarətli deməyə çağırdı. Mən də hər zaman fəal, təşəbbüskar olmağa çalışmışam. Elə qurultaydan öncə möhtərəm Prezidentimizin sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülməm mənim və Masallının bütün ziyalı qadınlarının zəhmətinə verilən yüksək qiymətdir. Bu diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlığımı bildirirəm. Bundan sonra da öz işimlə, fəaliyyətimlə üz ağartmağa, baş ucaltmağa çalışacağam. Etimad adama verilən borc kimidir, onu doğrultmaq yalnız şərəf gətirir.

Yaxşı işini görüb vaxtilə Lətifə xanıma Bakıya gəlib burada çalışmağı da təklif ediblər. Amma o, doğma yurdu Masallıda qalmağı, ucqar bölgənin mədəni həyatını canlandırmağı üstün tutub. Peşman da deyil. Hər yanda hörmətlə qarşılanması, rayonda sayılıb-seçilməsi, nümunə göstərilməsi onun üçün dünyaya dəyər.

Onun dediyinə görə, mədəniyyət elə sahədir ki, alqışlar, təriflər, gül dəstələri, təbəssümlər səni yorulmağa qoymur. Adamlara bəxş etdiyin xoş ovqatdan özünə də pay düşür. Yorulmaq yoxdursa, deməli, uğurlar da davamlı olacaq, Lətifə xanım!

Xalq qəzeti.- 2008.- 28 noyabr.- S. 4.