20 ildən
sonra 2 konsert
Zeynəb
Xanlarova pərəstişkarlarına
qovuşdu
Səhnəmizin
canlı əfsanəsi, SSRİ xalq artisti,
"Şöhrət" ordenli sənətkar Zeynəb
xanım Xanlarova 20 illik fasilədən sonra dünən,
nəhayət ki, pərəstişkarlarının
görüşünə gəldi.
Respublikanın
ən möhtəşəm sarayında baş tutan solokonsert
proqramının 1-ci günü bir çox məqamları
ilə yaddaşlara həkk olundu. Yaradıcılıq
karyerası boyunca Azərbaycan musiqisini dünyanın bir çox ölkələrində
layiqincə təmsil edən Z.Xanlarova yaşının 70-i ötməsinə
baxmayaraq, dinləyicilərinə
zövq və coşqu bəxş edə bilib. Bütün ustad ifaçıların konsertlərində
olduğu kimi, dünənki konsertdə də səhnə dekorasiyası sadə idi. Müğənninin fonunda "Dünyanın Zeynəbi" yazısından
savayı, heç bir əlavə dekorasiya yox idi. 19:15-də başlanan konsertdə Z.Xanlarovanın uşaqlıq,
gənclik illərini əks etdirən fotolar, videogörüntülər
nümayişləndi. Xalq
artisti səhnəyə
"Dünyanın xoşbəxti"
mahnısı ilə çıxdı. Zaldakılar
bu ifanı ayaq üstə alqışladılar. Müğənni
tamaşaçılarını salamlayaraq dedi: "Sizin üçün o qədər darıxmışam ki... İnanın, bu günü səbirsizliklə
gözləyirdim. Bu gün mənim həyatımda xüsusi yer tutur. Dövlət
başçısı İlham
Əliyev bu möhtəşəm saray
əsaslı təmirə
bağlananda məndən
açılışdan sonra
orda konsert verib-verməyəcəyimi
xəbər almışdı.
Mən də dedim ki, əlbəttə,
məmnuniyyətlə yenidən
bu sarayda konsert verəcəyəm.
Bu yaxınlarda isə dedi ki,
konsertə dəvət
etsən, gələrəm.
Düzdür, mən dəvət etmişdim. Ancaq dövlət başçımız indi
Türkiyədə rəsmi
səfərdə olduğu
üçün konsertdə
iştirak edə bilmir. Ancaq mən
yenə də sizinləyəm".
Daha
sonra isə Z.Xanlarova repertuarını bəzəyən
"Şikayətim var", "Canı yanan ya bir olar, ya
iki", "Nədən oldu?", "Ürəyimlə
bacarmıram, neyləyim", "Züleyxa" kimi
həmişəyaşar mahnıları ifa etdi. Konsertdə Zeynəb xanımın özünün bəstələdiyi
"Füzuli dünyası"
mahnısı isə ilk dəfə səsləndi. İfaların
arasındakı pauzalarda
tamaşaçılarla ünsiyyət
qurub söhbət edən Z.Xanlarova "xalq məni Zeynəb edib, mən də xalqımın qarşısında
baş əyirəm" deyərək,
canlı ifasında müşahidə olunan qüsurların bağışlanmasını
rica etdi: "Bu gün ifa
etdiyim ifaların hamısı canlıdır.
Ona görə də hər hansı qüsur sezsəniz, bizi bağışlamağınızı rica edirəm. Nə qədər ki bu səs
məndə var, oxuyacağam, sizdən heç zaman ayrılmayacağam".
Konsertin
2-ci hissəsində isə müğənni daha çox
əcnəbi mahnılara yer ayırdı. Konsertdə iştirak edən bəstəkar Rauf Məmmədov müğənniyə xalça
hədiyyə etdi və "Yalvarırıq,
oxu, Zeynəb" mahnısını oxudu. Konsertin 1-ci hissəsində qara libasda, 2-ci hissəsində
isə ağ rəngli libasda çıxış edən
Z.Xanlarova saat 24:10-da
"Yaşa, yaşa,
Azərbaycan!" mahnısı
ilə proqramı yekunlaşdırdı. Konsertdə
iştirak edən tamaşaçılara üzərində
Zeynəb Xanlarovanın
şəkli və
"Dünyada bir Zeynəb var..." yazısı olan döş nişanı hədiyyə edildi. Tamaşaçılar arasında
mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının
direktoru Murad Adıgözəlzadə, müğənnilərdən
Azərin, İradə
İbrahimova və digərləri var idi. Xatırladaq ki, bu gün
həmin məkanda Zeynəb Xanlarovanın solo konsert proqramının
2-ci günüdür.
Həftə içi.-
2008.- 7 noyabr.- S. 8.