Xatirə

 

Sevda Ələkbərzadənin məqsədi

 

Müğənni xaricdə konsert verməyə daha həvəslidir

 

Əməkdar artist Sevda Ələkbərzadənin Avropa turnesindən qayıtmasını eşidib onunla əlaqə saxladıq və yaradıcılığı, eyni zamanda arıqlaması barədə də məlumat aldıq: "Yüksək səviyyədə bir turne oldu. Çox gözəl təşkil olunmuşdu. Bir neçə konsert proqramı ilə çıxış etdim. Konsertdə "Şəbi-hicran" diskindəki kompozisiyaları oxudum. Avropanın, ümumiyyətlə, dünyanın bir çox ölkələrində konsertləri yenə davam etdirəcəyəm. Ulduz olmaq üçün yetərincə maliyyə lazımdır, bununla yalnız yaşadığın, fəaliyyət göstərdiyin ölkədə məşhurlaşa bilərsən. Amma dünya miqyasına çıxmaqdan ötrü əsasən istedad lazımdır. Hansısa layihə üzərində işləyəndə əsas məqsədim Avropada konsert vermək yox, həmin layihəni yüksək səviyyədə sona çatdırmaqdır. Almaniyanın "Network Medien" şirkəti ilə əməkdaşlığımız da davam edir. Hazırda 2-ci disk üzərində işlər gedir. İndi mahnılar yazdırmaqla məşğuluq. Əslində, şirkət rəhbərliyi məni yeni alboma görə çox tələsdirir. Bu albomda hansı mahnıların olacağını isə hələ demək istəmirəm. Qaldı arıqlamağıma, bunu mənə deyənlər var, ancaq özüm hiss etmirəm. Yarım il xüsusi pəhriz saxladım. Həkimlər yalnız yüngül yeməklər məsləhət görmüşdü. Mən, ümumiyyətlə, çox tez kökələn arıqlayanam".

Sevdadan ailə qurmaq arzusunda olub-olmadığını da soruşduq:

Görüntü üçün ailə qurmaq mənlik deyil. Bu gün elə-belə ailə qur, sonra da dağılsın. Ailə qurmaq xatirinə heç zaman bu addımı atmaram. Əgər hətta sevdiyim insanla belə ailə qurası olsam, bu prosesə hazır olmalıyam. Bu, sifarişlə olan deyil. Sözsüz ki, bəziləri bunu planla edirlər. Amma mən ailəyə plan kimi yox, qismət kimi baxıram".
   Müğənnidən hansı istedadlı gəncləri tanıdığını soruşduq: "Səbinə Babayevanın, Elnurla Samirin ifasını çox bəyənirəm. Bu gün istedadlı gənclərin üzə çıxmamasının səbəblərindən biri prodüser mərkəzlərinin olmamasıdır. Dünyanın ən məşhur müğənniləri prodüser mərkəzlərinin sayəsində uğur qazanıblar. Ona görə bu gün yerli sənətçilərimiz heç edə bilmirlər. Artıq bu məsələ ilə məşğul olmağın zamanı çatıb. Bizdə güclü müğənnilər çoxdur, onlara dəstək olmaq lazımdır".

Sevda sonda vətənində konsert verməməyinin səbəbini də açıqladı: "Mənim digər ölkələrdə konsert verməyim vətənim üçün daha lazımlıdır. Hansısa bir ölkədə konsert verərkən afişaların, biletlərin üzərinə Azərbaycan sözü yazılır. Konsertə gələnlər isə mənim ifamda həm Azərbaycan musiqisini, həm Azərbaycanı sevir. Xaricdə yaşayıb Azərbaycan üçün görmək daha lazımlıdır. Amma sizlər üçün konsert keçirmək fikrindəyəm. Albom hazırlıqları başa çatandan sonra bu barədə düşünəcəyəm".

 

Həftə içi.- 2008.- 25 noyabr.- S. 8.