Mükərrəmoğlu M.

 

Bakı Dövlət Sirkində Payız marafonu davam edir

 

Xəbər verdiyimiz kimi, oktyabrın 30-dan Bakı Dövlət Sirkində “Payız marafonu” nümayiş etdirilir. Artıq xeyli müddətdir ki, Bakı tamaşaçıları dünyanın ən məşhur nəhəng “Dəniz şirləri” attraksionuna tamaşa edirlər.

Yeni sirk tamaşaları ilə bağlı məlumat almaq üçün Bakı Dövlət Sirkinin direktoru Mirvaqif Bağırzadəyə müraciət etdik:

- Yeni mövsümün açılışı münasibətilə dəvət etdiyimiz proqram olduqca zəngin və maraqlıdır. Rusiya sirklərindən yığılmış bu proqramda əhilləşdirilmiş heyvanlarla maraqlı nömrələr var. “Dəniz şirləriattraksionu dünyanın ən məşhur sirk proqramlarındandır. İtlərlə, pişiklərlə olan nömrələr, akkrobatlar, illüziyalar, çox məşhur klounlar bu proqrama daxil edilmişdir. Əslən bakılı olan sirk ustaları da bu proqramda çıxış edirlər. Artıq həftənin beş, altı, bazar günləri, məktəblilərin tətil günlərində isə hər gün iki proqram olmaqla gündəlik tamaşalar nümayiş etdiriləcək. Nəzərdə tutulub ki, proqram noyabr ayının ikinci ongünlüyündə yekunlaşdırılsın.

- İlkin nümayişlər sizi qane edirmi?

- Biz hər yeni proqram gətirəndə tamaşaçılarımızın marağını nəzərə alırıq. Əlbəttə, belə olanda tamaşaçı da görür ki, proqram onun istəyinə uyğundur, onda maraq da artır. Bizim tamaşaçı daha çox hava nömrələrini xoşlayır. Digər proqramlar da var ki, Azərbaycan tamaşaçısı onlara böyük həvəslə baxır. Bizim tamaşaçılar çox həssasdırlar, yaxşı nömrələri xoşlayırlar. Bu proqram tərtib olunanda bunlar nəzərə alındığından ona böyük maraq göstərilir. Demək olar ki, sonrakı tamaşalara da artıq biletlər satılıb qurtarmaq üzrədir. Proqram həm uşaqlar, həm böyüklər üçün nəzərdə tutulmuşdur.

- Bakı Sirkinin təmirə dayanması ilə bağlı məsələ nə yerdədir? Əgər təmir başlasa, sirkin fəaliyyəti davam etdiriləcəkmi?

- Biz çox istəyirik ki, bu gözəl mədəniyyət abidəsi əsaslı təmir olunsun. Artıq layihə-smeta sənədləri hazırlanmışdır. Əgər təmir başlasa, sirkin işini davam etdirmək üçün bizim bir neçə variantımız var. Hələ ki, onu açıqlamaq istəmirəm.

- Moskva şəhərində Beynəlxalq İnteraktiv Sirk Festivalı keçirilir. Azərbaycandan orada proqram olacaqmı?

- Artıq bu festival başlayıb və dekabr ayında yekunlaşacaq, qaliblər müəyyənləşəcək. Dünyanın bir çox ölkələrindən - Kolumbiya, Almaniya, Keniya, Monqolustan, Rusiya, Ukrayna ən məşhur sirk proqramları ilə bu festivala qoşulmuşlar. Azərbaycanı Bakı Dövlət Sirkinin təqdimatı ilə hava gimnastı Allahverdi İsrafilov öz həyat yoldaşı ilə birgə təmsil edirlər. Çox gözəl bir proqram hazırlanmışdır. Proqramın ssenari müəllifi, rejissoru Böyük Moskva Sirkinin departament direktoru, həmyerlimiz Murad Abdullayevdir. İlk çıxışlar olub. Azərbaycanlı akkrobatların çıxışı zamanı Azərbaycan musiqisi (balabanda) səslənir, lazer şüaları ilə bayrağımız, gerbimiz göstərilir. Güman edirik ki, həmyerlilərimiz bu müsabiqədə layiqli yer tutacaqlar.,

 

Xalq qəzeti.- 2008.- 9 noyabr.- S. 7.