Ağaoğlu T.
İş
otağımızın qapısı qəfil
açıldı. İçəri
ömrünün ahıl
çağını yaşayan,
başında buxara papaq, nurani çöhrəli
ağsaqqal daxil oldu. Kimliyini, nə məqsəd üçün gəldiyini
soruşmaq istəyirdik
ki, özü dilləndi: "Çalışdım,
aşıqlar sanına
düşdüm, ay Mahmud, bu şöhrət
sənə bəs eylər". Bir müddət aramızda sükut yarandı. Handan-hana dilləndi:
- Qardaş, sizin qəzetin abunəçisiyəm.
"Azərbaycan"nın
hər nömrəsini
diqqətlə oxuyuram.
Günün tələbinə
uyğun, operativ xəbərlərlə yanaşı,
söz-sənət ustadları haqqında dərc edilən yazılar da könlümü açır.
Gəlmişəm ki,
bu yazımı sizə verim. Əgər məsləhət
bilsəniz, onu da sevdiyim qəzetdə
oxuyum.
Aşıq Mahmud
necə ərklə gəlmişdi, elə də
gülərüz, xoş ovqatla sağollaşıb getdi. Onun qeydlərini dönə-dönə oxuduq: "Mən Mahmud Qasım oğlu Məmmədov 73 il əvvəl - 1935-ci ildə tarixi yurd yerimiz Göyçə
mahalı, Ağbulaqda
dünyaya göz açmışam. Hələ
körpəliyimdən iki
səsə valeh olmuşam: bir anamın laylasına, bir də babamın
sazda çaldığı
havacatlara. Deyib-gülməkdən, atılıb-düşməkdən daha
çox o səslərin həsrətini
çəkmişəm. Kəndimizin
önündə əzəmətli
bir dağ vardı. Hər gün onun ətrafında
dövrə vurardım.
Elə bilərdim ki, həmin dağ aşıq-ozan sənətinin banisi Dirili Qurbaninin,
yaxud da aşıq Alının, aşıq Ələsgərin
xatirəsinə ucaldılan
abidədir.
Altı yaşım
vardı ki, İkinci Dünya müharibəsi başladı. Əmilərimi, dayılarımı
cəbhəyə apardılar.
Sevincim üzümdə,
təbəssümüm dodağımda
qaldı. Atamdan yadigar qalmış sazı elə hey öpər, mizrabı simlərinə vurub səsindən zövq alar, təskinlik tapardım. Amma bu da
çox çəkmədi.
Cəbhəyə gedən
qonşularımızdan, qohumlarımızdan
gələn "qara xəbər" ara vermirdi. Sazı götürmək istəyəndə
anam əlimin üstünə vururdu. Bax beləcə günlər, aylar ötüb keçirdi. Müharibə başa çatdı. Amma çox keçmədi ki, ürəyimizə ondan da dəhşətli
qorxu, səksəkə
düşdü. Deportasiyaya
məruz qaldıq. Çünki ötən əsrin 40-cı illərinin sonlarında ermənilər yenidən quduzlaşdılar. Bizləri
ata-baba yurd yerlərimizdən çıxmağa
vadar etdilər. 1946-cı ildən Tovuz rayonunun Bozalqanlı kəndində
məskunlaşdıq. Onda
mənim 11 yaşım
vardı, indi
73-dür. Bundan sonra da nə qədər
yaşasam, o obanın camaatına minnətdar olacağam. Ona görə ki, üzümüzə xoş baxdılar. Ən əsası isə sözə, sənətə, saza qiymət verilən bir aləmə düşmüşdük. Demək
olar, Bozalqanlıda yenidən dünyaya gəldim.
Ayaqlarım yer tutandan,
söz anlayıb, dərk edəndən həmişə
Tanrıya dualar oxumuşam, onun yolunda nəzir-niyaz
vermişəm. Vaxtilə yazmışam:
İnsansan, heç
kimə yuxardan baxma,
Aləmə yuxardan baxan
Allahdır.
Dünyada hər
kəsin işinə görə
Qaldıran Allahdır,
yıxan Allahdır.
Demək istəyirəm
ki, haqqı, ədaləti danmaq, alın yazısını
unutmaq mümkün deyil. Mərhum xalq şairi Hüseyn Arif demişdi: "Nə verər, nə verər bu əllər
sənə, Sənin qiymətini Yaradan verib". Mənə də Tanrı xoşbəxt qapı açdı. Aşıq sənətinə marağımı
görənlər imdadıma
çatdılar, sənət
yolumu istiqamətləndirdilər.
Aşıq Əkbər
İmanovu, İmran Həsənovu, Mikayıl Azaflını, Ələsgər
Tağıyevi unutmaram.
Onlar həmişə
imdadıma çatıblar.
Könül açdığım
sənət yollarında
mənim ustad həmkarlarım, dostlarım
çox olub. Sadıq Sultanovun, Xındı Məmmədin,
Əmrah Gülməmmədovun,
Hüseyn Saraclının,
Kamandar Əfəndinin
qayğıları gecə-gündüz gözlərim
önündə canlanır.
Onların yoxluğuna
heç vaxt inanmamışam, inanmaram da! Aşıq-ozan sənəti mənim alın yazımdır. 65 ildir ki, saz sinəmdədir.
Azərbaycanı oba-oba gəzmişəm. Neçə-neçə şadlıqların,
şənliklərin şahidi
olmuşam. İlk dəfə görüşdüyüm
adamlardan ayrılanda onlar doğmaları kimi məni yola salıblar. Heç vaxt, heç zaman özümü sazımdan
üstün tutmamışam.
Mərhum xalq şairi Osman Sarıvəlli deyərdi:
"Mahmud, sazı sinənə elə sıxırsan, elə bil sevgilindir". Bundan artıq qiymətmi olar?!
1970-ci ildən
ölkəmizdə əsl intibah dövrü başladı. Ulu öndər Heydər Əliyev vaxtaşırı
rayonlara gedər, əkib-becərən, qurub-yaradan insanlarla görüşər, onları
öz məqsədlərində,
amallarında daha fəallığa ruhlandırardı.
Respublika rəhbərini
görən hər bir təsərrüfat
işçisi tarlalara,
bağ-bostanlara bol məhsul əldə etmək həvəsi ilə çıxardılar.
Elə biz də həmin istəklə söz qoşub, saz çalardıq. Oxuduğumuz
mahnılar dövrün
tərənnümü kimi
dinlənir, yaddaşlarda
qalırdı. Günlərin
birində ulu öndər gəlmişdi
Tovuza. Xeyirxahlığından,
təşkilatçılıq, idarəçilik məharətindən
xəbərləri olan
insanlar rəhbəri alqışlarla, məhəbbətlə
qarşıladılar. Həmin
görüş mərasimində
mənə də söz verildi. Dedim ki, nə
qədər aşıq-ozan sənətimiz yaşayacaq, siz də yaşayacaqsınız.
Fəxr edirəm ki, dövlətimiz tərəfindən də
əməyim qiymətləndirilib.
Sənət qədri bilən, yaradıcılığa
qiymət verən möhtərəm dövlət
başçısı İlham
Əliyevin sərəncamı
ilə Prezident təqaüdünə layiq
görülmüşəm".
EAşıq Mahmud ayrılanda bir bayatı da dedi:
Əzizim, gülsün üzü,
Sevinsin, gülsün üzü.
Azad olsun Qarabağ
Xalqımın
gülsün üzü.
Hələ sovet
dövründə telli sazının səsi müxtəlif
yarışmalardan, festivallardan gələn aşıq Mahmudun
"Abbas və Gülgəz" dastanı ona böyük şöhrət
gətirmişdi. 1992-ci ildə
Türkiyənin Konya şəhərində keçirilən
folklor festivalında "Atatürk" qızıl
medalına layiq görülmüşdü.
Prezidentin fərdi təqaüdçüsü aşıq
Mahmud Məmmədov sənətini gənclərə
öyrətməyi özünə
şərəfli iş
sayır. Onun arzusu telli sazının
səsinin yayılması,
yaşamasıdır.
Azərbaycan.- 2008.- 21 noyabr.- S. 7.