Nəzərli T.
2004-2008-ci illər
üçün qəbul edilmiş Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının icrası ilə
bağlı görülən tədbirlər rayonlarda yeni
infrastrukturun yaradılmasında, abadlıq-quruculuq
işlərinin aparılmasında, yeni iş yerlərinin
açılmasında əvəzsiz rol oynadı. Dövlət
proqramından irəli gələn vəzifələrlə
bağlı işlər ölkəmizin zəngin
təbiətə malik rayonlarından olan Oğuzda da başa
çatmaq üzrədir. İlin sonunadək
nəzərdə tutulan işlərin uğurla yerinə
yetirilməsi gözlənilir. Oğuzu bir çox rayonlardan
fərqləndirən xüsusiyyətlərdən biri də
onun güclü turizm potensialına malik olmasıdır.
Oğuz rayonu tezliklə dünya turistlərinin aparıcı marşrutlarından
biri olacaqdır. Bu baxımdan rayonda həyata keçirilən
iqtisadi layihələrin perspektiv imkanlarının
nəzərə alınması ilə yanaşı,
məzmunca millilik və müasirlik prinsiplərinə də
ciddi fikir verilir.
Danılmaz faktdır ki,
turizm infrastrukturunun yaradılmasında həlli vacib
məsələlərdən biri də su amilidir. Bu
baxımdan rayonda mühüm işlər görülür.
Oğuz şəhərinin bir çox
küçələrində, eləcə də Xaçmaz,
Bayan, Astraxanovka, Böyük Söyüdlü
kəndlərində içməli sü xətlərində
cari təmir işləri görülmüş, Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun
olaraq Bucaq kəndinə 13 km uzunluğunda yeni su kəməri
çəkilmişdir. Rayonun Calud-1 qəsəbəsində məskunlaşan
qaçqın və məcburi köçkünlərin
içməli su ilə təminatını
yaxşılaşdırmaq məqsədilə 3 km uzunluğunda
yeni boruların düzülüşünə
başlanılmışdır. Qaçqın və
məcburi köçkünlər tezliklə içməli
su ilə fasiləsiz təmin olunacaqlar.
Bu ilin 23 iyulunda
Şamaxıda "Milli su təchizatı və kanalizasiya
xidmətləri" layihəsi
çərçivəsində Şamaxı, Oğuz,
Qəbələ və Zaqatala rayonlarının su
təchizatı və kanalizasiya sistemləri sektorunda Dünya
Bankının krediti hesabına maliyyələşdirilən
layihə təqdim olunmuşdur. Həyata
keçiriləcək layihənin ümumi dəyəri 310
milyon ABŞ dolları təşkil edir. Bunun 230 milyon dolları Dünya Bankı
kreditinin, 80 milyon dolları isə Azərbaycan
hökumətinin payına düşür. Bu layihənin
həyata keçirilməsi ilə Oğuz şəhərinin
su təchizatı və kanalizasiya problemi öz həllini
tapacaqdır.
Oğuz şəhərində
şəhid və əlil ailələrinin mənzil
şəraitinin yaxşılaşdırılması
sahəsində də müəyyən işlər
görülür.
Ümumi mənzərəyə
nəzər salanda Oğuz böyük bir tikinti
meydanını xatırladır. Rayonda yeni xəstəxana,
məktəb binaları tikilir, əvvəlkilərdə isə
əsaslı təmir işləri görülür, rayonda
yollar salınır.
Filfilli kəndini rayon mərkəzi
ilə birləşdirən körpünün
istifadəyə verilməsi sakinlər tərəfindən
böyük razılıqla qarşılanmışdır.
Oğuz-Xaldan avtomobil yolunun 6 kilometrlik hissəsi təmir
edilmişdir. Yolun qalan hissəsinin də əsaslı
təmiri üçün yaxın vaxtlarda işə
başlanılacaqdır. Oğuz şəhərində
tikilməkdə olan altımərtəbəli mehmanxana
binasında son tamamlama işləri aparılır. Bina
yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Oğuzda
sutkalıq istehsal gücü 5 ton olan yeni çörək
və çörək məmulatları sexi tikilib istifadəyə
verilmiş, 20 nəfər işlə təmin olunmuşdur.
Belə obyektlərin bundan sonra da inşa edilməsi
üçün sahibkarlara kömək
gücləndiriləcəkdir.
Hazırda Oğuzda inşa edilən
ən mühüm tikililərdən biri qlükoza zavodudur.
Zavodda 300 min manatlıq tikinti, 5 milyon 700 min manatlıq
quraşdırma işləri aparılması
nəzərdə tutulmuşdur. Qafqazda yeganə olacaq bu zavod
istifadəyə verildikdən sonra xeyli oğuzlu işlə
təmin olunacaqdır.
Oğuz rayonunun dünyanın turizm
mərkəzlərindən birinə çevrilməsi
istiqamətində hazırlanmış tədbirlər
planına uyğun olaraq altımərtəbəli
turizm-istirahət mərkəzinin ərazisində
üzgüçülük hovuzu, kiçik futbol
meydançası, stolüstü oyunlar üçün
otaqlar tikilmişdir. Oğuz şəhəri, Baş
Daşağıl, Xalxal, Bayan kəndləri
ərazilərində sahibkarlar tərəfindən "Oğuz",
"Saf təbiət", "Palma" istirahət
mərkəzləri tikilərək istifadəyə
verilmişdir. Bu mərkəzlərdə indiyə
qədər 700-dən artıq turist və qonaq istirahət
etmişdir. Rayona gələn turistlərin və qonaqların
sayı isə ildən-ilə artmaqdadır.
Oğuzda mədəniyyət xidmətinin
yüksək təşkili sahəsində də bir sıra
işlər görülmüşdür. Oğuz
şəhərində Mədəniyyət
mərkəzində, rayon mədəniyyət evində,
xəstəxananın həyətindəki Alban
kilsəsində əsaslı təmir işlərinə
başlanılmışdır və hazırda işlər
davam etdirilir. Bununla belə, rayonun mədəni-maarif
müəssisələrinin maddi-texniki bazasının
mökəmləndirilməsi sahəsində hələ
görülməli işlər çoxdur.
Təbiətin, meşələrin
qorunması strateji əhəmiyyətli bir
məsələdir. Rayonda bu məsələyə diqqət
artırılmış, eləcə də ətraf mühitin
mühafizəsi sahəsindəki nöqsanlara qarşı
mübarizə gücləndirilmişdir.
Oğuzda cari ildə
nəzərdə tutulan işlərin vaxtında başa
çatdırılması məqsədilə lazımi
tədbirlərin görülməsinə ardıcıl
nəzarət edilir.
Azərbaycan.- 2008.- 5 noyabr.- S. 4.