Cəlaloğlu E.

 

Saz, söz mülkünün Kamandarı

 

Bu dəfə Bakıdan Borçalıya bizi saz harayı, Aşıq Kamandar sevgisi aparırdı. Saz olan yerdəsə millət həmişə xoşbəxtdir, vətən abaddır, çünki sazı duymaqla həm də özümüzü tanıyırıq, kimliyimizi dərk edirik. Beləliklə, oktyabrın 27-də ulu türk yurdu Borçalıda ustad Kamandarın doğulduğu Kürüstü Kəpənəkçi kəndində anım günü təntənəlı surətdə qeyd edildi. Əflatun Kamandaroğlunun dəvəti ilə həmin mərasimdə iştirak edənlər sırasında mənim səfər yoldaşlarım - Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub, tənqidçi-alim Rüstəm Kamal, jurnalist Musa Nəbioğlu da vardı. Aşıq sənətinin sonuncu mürşidi Səni hardan alım dönəsən dağa, Yenə dodağından ləl-gövhər yağa, Bir ana istərəm Kamandar doğa, Altunum, gövhərim, zərim, ay Ustad! Əvvəlcə Ustadın özü haqqında danışmaq istəyirəm. Saz deyəndə mütləq Aşıq Kamandar yada düşür. Təsadüfi deyil ki, keçən il ölməz sənətkarın 75 illik yubileyində Borçalı Aşıqlar Birliyinin sədri, şair Osman Əhmədoğlunun təklifi ilə hər il Ustadın doğum günü "Saz bayramı" elan olunmuşdu. Borçalılar bu ənənəyə sadiq qalaraq onu bu gün də davam etdirirlər. XX əsrin ustad aşıqlar əsri olduğunu iddia etsəm bəlkə də, yanılmaram. Çünki, həmin əsr aşıq sənətinə bir çox məşhur ustadlarla birlikdə Aşıq Kamandarı da bəxş etdi. Aşıq Kamandarın isə onu digər ustadlardan fərqləndirən çoxlu özəllikləri var idi. O, təkcə ifaçı aşıq deyil, həm ədəbi, həm də gözəl musiqi yaradıcılığı olan unikal bir sənətkar idi. Onun aşıq şeirlərindən ibarət üç kitabı nəşr olunsa da, çap olunmayan şeirləri də var. Ustadın oğlu Əflatun Kamandaroğlunun dediyinə görə, atasının yeni kitablarının nəşri nəzərdə tutulub. Ustadın musiqi yaradıcılığına gəldikdə isə, o özünə qədər mövcud olan havaları ifa etməklə kifayətlənməyərək, onları özünə məxsus xallar və güllərlə bəzədi, tamam yeni bir tərzdə, fövqəl bir avazla oxudu. Bu, ustad aşıqlar və azman şairlər görmüş, aşıq sənətinin tarixini, dastanları, bayatıları, el deyimlərini mükəmməl bilən, fitri istedada malik olan, aşıq Kamandarın gördüklərini və eşitdiklərini öz fenomenal yaddaşının qeyri-adi süzgəcindən keçirərək sənətdə yeniliklərə nail olması idi. Eyni zamanda aşıq Kamandarın özünəməxsus, müəllifi özü olan saz havaları da var. Beləliklə, o, bütün sazsevərlərin ürəyində öz yerini, öz guşəsini tapdı, iliyimizə işlədi, qanımıza hopdu. Hazırda Azərbaycan, İran, Türkiyə aşıqlarının böyük bir hissəsi və Borçalı aşıqlarının əksəriyyəti sazını və avazını məhz aşıq Kamandar üstündə kökləyirlər. Həyat mübarizədir, hər bir sahədə tərəqqi olduğu kimi, saz sənətinin də inkişafı istisna deyil, amma inanıram ki, nə qədər yeni ifa forması, yeni oxu tərzi icad olunsa da, bu yeniliklərdə əfsanəvi Ustadın təsiri mütləq öz işini görəcəkdir. Bundan başqa aşıq Kamandar sazda türkülər çalırdı və bu havaları sufisayağı bir tərzdə oxuyurdu. Çox təəsüflənirəm ki, indiki aşıqlarımız bu üsula müraciət etmirlər. Gəlin, Səməd Vurğunun "Unudulmaz tək məzarı"nı onun hansı tərzdə oxuduğunu göz önünə gətirək. Həmin ifaya görə aşıq Kamandar Moskvada mükafatlandırılmışdı. Nədənsə, aşıqlarımız bu cür ürək ovsunlayan havalara laqeyd yanaşırlar. Bir ustad kimi də yerişi, duruşu, davranışı, yaşından asılı olmayaraq insanlarla münasibəti, xeyirxahlığı və digər insani keyfiyyətləri ilə onu tanıyanlara bir nümunə idi. Məclislərə qazanc mənbəyi kimi baxmaz, ədəb-ərkan nümayiş etdirər, insanlara saflığı, paklığı təlqin edərdi. Sadaladığım keyfiyyətləriylə Aşıq Kamandar aşıq sənətinin sonuncu mürşidi, sonuncu övliyası, sonuncu pirinə çevrildi, cəmiyyətdə, insanların şüurunda bir Aşıq Kamandar kultu yarandı. "Haqq yolunun bir qolu - Bakı - Borçalı yolu" Bakıdan Borçalıya qədər səfər yoldaşlarımla etdiyimiz ədəbiyyat söhbətləri bizə ən müqəddəs yol yoldaşı oldu. Zəlimxan Yaqubun dizinin üstündəcə yazdığı şeirlər və xüsusilə də Rüstəm Kamala həsr etdiyi seir daha çox yadda qalan oldu: Haqq yolunun bir qolu Bakı-Borçalı yolu. İçin ürfanla dolu Söhbətin rəvan olsun. Bir-birindən gözəl söhbətlərə elə aludə olmuşduq ki, başımızı qaldıranda özümüzü sərhəddə gördük.

Azərbaycanla Borçalını birləşdirən (bəlkə də ayıran) Sınıq körpünün Gürcüstana aid olan kömrük məntəqəsində yarım saat yubanmalı olduq. Biz təsadüfən gediş-gəlişin seyrək vaxtına düşmüşdük, amma, hər kömrükdən keçən maşına bu qədər vaxt sərf olunsa, yəqin ki, kömrük postu maşın bazarına dönər. Elə bu fikrimi rusca kömrükçüyə deyəndə, o, "qanun belə tələb edir", cavabını verdi. Nə isə yarımsaatlıq çək-çevirdən sonra sərhədi o taya adladıq. Kürüstü Kəpənəkçi kəndində bizi aşıq Kamandar ocağında yolumuzu gözləyən kamandarsevərlər, Ustadın oğlu, Kamandar ocağının sahibi Əflatun bəy qarşıladılar. Həyətdə sabah keçiriləcək təmtəraqlı tədbirə ciddi hazırlıq gedirdi.

Kamandar ocağında bir qədər dincələndən sonra qonşu İlməzliyə - mənim doğulduğum kəndə gəldik. Gün var min aya dəyər... Evimizdə bizi böyük sevinclə qarşıladılar. Xüsusilə də Zəlimxan Yaqubun bizə gəlişi evimizdə toy-bayram ovqatı yaratdı. Atam aşıq Cəlalın aşıqlıq həyatından, Əmrahlı-Kamandarlı günlərindən, dastanlardan parçalar, əfsanələrdən, rəvayətlərdən danışması qonaqlara xoş təsir bağışladı. Zəlimxan Yaqub və Rüstəm Kamal səfərimizin axırıncı gününə qədər atamın söhbətlərindən doymadıqlarını dedilər. İpə-sapa düzülən xatirələr Növbəti gün aşıq Kamandar ocağında Ustadın anım günü izdihamla qeyd edildi. Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun başçılığı ilə Bakıdan gələn qonaqlar, Gürcüstanın Kvemo-Kartli bölgəsi qubernatorunun müavini Hümbət Babayev, Marneuli rayon rəhbərliyinin təmsilçiləri, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşı Şövqü Mehdiyev, tədbirin təşkilində maddi köməyini əsirgəməyən TİKA-nın Gürcüstan təmsilçisi Aytəkin Aydan, Borçalı aşıqları, ziyalılar, eləcə də bir çox sazsevərlər, kamandarsevərlər iştirak edirdilər. Əvvəlcə, iştirakçılarla birlikdə aşıq Ramin Kamandarın çaldığı "Misri" havasının sədaları altında Aşıq Kamandarın ev muzeyini ziyarət etdik. Muzeyin divarlarını Ustadın böyüdülmüş rəsmi, daim sinəsinə basıb pərəstişkarlarını ovsunladığı sazı, aşıq libası, çox da böyük olmayan qılıncı və digər ləvazimatları bəzəyir. Eləcə də özünün müxtəlif mətbəələrdə çap olunmuş kitabları, müəllifləri tərəfindən hədiyyə olunmuş digər kitablar, haqqında məqalələr çap olunmuş qəzetlər və bir çox başqa eksponatlar muzeydə səliqə ilə düzülmüşdü. Muzeyin ziyarətindən sonra isə, "saz bayramı" ziyafət məclisində davam etdirildi. Borçalı Aşıqlar Birliyinin sədri, şair Osman Əhmədoğlu məclisi açıq elan edərək ilk sözü xalq şairi Zəlimxan Yaquba verdi. Zəlimxan Yaqub çıxışında Azərbaycan hökumətinin aşıq-ozan sənətinə ayırdığı xüsusi diqqəti və sədri olduğu Azərbaycan Aşıqlar Birliyinin gələcək planlarından danışdı və Ustadla bağlı maraqlı məqamlara toxundu. Axşama qədər davam edən məclisdə ziyalılar və dövlət rəsmiləri bir-birinin ardınca aşıq sənətinin tarixindən, bu günündən, onun cəmiyyətə təsirindən, eləcə də, Aşıq Kamandarın bir ustad kimi özəlliklərindən, sənətə gətirdiyi yeniliklərdən söhbət açdılar. Sağlığında onunla təmasda olanlarsa, Ustadla bağlı xatirələrini ipə-sapa düzdülər. Məclis boyu Ustadın şəyirdləri və digər ustad aşıqlar öz məharətlərini göstərdilər. Ruhların dilində "ekspertiza" sözü yoxdur Oktyabrın 28-də Bakıya doğru yollandıq. Bu dəfə Sınıq körpüdə Gürcüstana aid sərhəd-keçid məntəqəsində qəribə bir əngəllə rastlaşdım. Əvvəlcə onu qeyd edim ki, sazsız səfərə çıxmaq adətim deyil. Kömrükçü sazımın o tərəf - bu tərəfinə baxdıqdan sonra, onun ekspertrizadan keçirilməsinin lazım olduğunu dedi. Tərs-tərs baxdığımdan xoşu gəlməyən kömrükçü bir az da özünü naza qoydu. Birtəhər anlatdım ki, əgər götürüb sazda bir hava çalsam qulağını tutub qaçacaq. Niyəsini soruşanda isə, "çünki, saz ruhlarla danışır, ruhların dilində isə "ekspertiza" sözü yoxdur" dedim. Ruhlar haqqında eşidən kimi xaç çəkən kömrükçü vahimədən sifəti ağarmış halda kənara çəkildi, pasportlarımızı möhürləyib özümüzə qaytardı. "Belə ucalasan, ucalanda da" Biz səfərə səhər tezdən İTV kanalı ilə yayımlanan "Ovqat" verilişini izləyəndən sonra çıxmışdıq. Verilişin qonağı xalq şairi Zəlimxan Yaqub idi. Yol boyu verilişlə bağlı Zəlimxan Yaquba gələn təbrik zəngləri addımbaşı bizi söhbətimizi dayandırmağa məcbur edirdi. Sınıq körpünü keçəndən sonra isə telefon dalğası kəsildi.

Yolboyu dayandığımız yerlərdə adamların şairi necə dövrəyə aldığını, bir kəlmə sözünü eşitmək və ya heç olmasa əlini ona toxundurmaq istəmələrini heyranlıqla seyr edirdim. Əhalinin müxtəlif təbəqələrindən olan insanların xalq şairinə olan doğma sevgisini təsəvvür etmək nə qədər çətindirsə, onu olduğu kimi təsvir etmək də bir o qədər bəlağətli görünərdi. Xatirələrimdə xoş iz buraxan Borçalı səfərim də beləcə başa çatdı.

 

525-ci qəzet.- 2008.- 6 noyabr.- S. 6.