"Arılar arasında" tamaşası yeni bir həyatını yaşadı

 

Teatrın kollektivi Türkiyənin Konya, Tarsus və Ankara şəhərlərində uğurla çıxış edib

 

Akademik Milli Dram Teatrı Türkiyədən qastrol səfərindən qayıdıb. Teatrın mətbuat xidmətindən qəzetimizə verilən məlumata əsasən, yaradıcı kollektiv Rusiya, İran, Qazaxıstan və Almaniyaya qastrol səfərlərindən sonra Türkiyədəki çıxışını da uğurla sona yetirib. Teatrın 20 nəfərlik kollektivi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Konya, Tarsus və Ankara şəhərlərində yazıçı-dramaturq Elçinin "Arılar arasında" əsərini türk teatrsevərlərinə təqdim ediblər. Tamaşanın mövzusu müasir həyatla sıx bağlıdır. Səhnədə aktyor ansamblı həyat hadisələrinə işıq salmaq rnəqsədilə obrazların psixoloji vəziyyətini qabardaraq cəmiyyətdə insanların yaşamasına səbəb olan məqamları ümumiləşdirilmiş şəkildə tamaşaçısına təqdim edib. Bəhram Osmanovun quruluş verdiyi "Arılar arasında" tamaşasının əsas süjet xətti insanlar arasında yaşamaqdan usanan, buna görə də tənhalıq axtararaq təbiətin qoynuna üz tutan babanın ətrafında cərəyan edir: xoşbəxtlik arzusu ilə yaşayan insanın psixoloji-fəlsəfi kontekstdə mənəvi aləmi açılır.

"Arılar arasında'' tamaşada əsas rollarda teatrın aparıcı aktyorları xalq artistləri Nurəddin Mehdixanlı, Firəngiz Mütəllimova, əməkdar artistlər Cəfər Namiq Kamal, Mətanət Atakişiyeva, Münəvvər Əliyeva və başqaları yaradıblar.

Bir neçə gün davam edən qastrol səfərində teatr repertuarına daxil olan Artur Millerin "Körpüdən mənzərə", Mirzə Fətəli Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" kimi səhnə əsərlərini də uğurla təqdim ediblər.

 

Səs.- 2008.- 1 noyabr.- S. 12.