Behbudqızı S.

 

23 ildən sonrakı görüş

 

S.Vurğun adına Rus Dram Teatrının Naxçıvana qastrol səfəri

 

S.Vurğun adına Rus Dram Teatrı qastroldan qayıdıb. Bir neçə illik fasilədən sonra truppanın respublikanın bölgələrinə ilk qastrolu Naxçıvan Muxtar Respublikasına baş tutub.

Dünən teatrın konfrans zalında bu münasibətlə mətbuat konfransı keçirildi. KİV nümayəndələrinin suallarını teatrın baş rejissoru Aleksandr Şarovski ədəbi hissə müdiri Valentina Reznikova cavablandırdılar. A.Şarovski bildirdi ki, Naxçıvana qastrol səfərinə getmək təşəbbüsü teatra, sonrakı təşkilati məsələlər isə Naxçıvan tərəfinə məxsusdur. A.Şarovski: "İlham Əliyevin ikinci müddətə prezident seçilməsindən sonra baş tutan inauqurasiya mərasimində məni Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbova təqdim edəndə bildirdim ki, çoxdandır Naxçıvana qastrola getməmişik. Cənab Talıbov ən yaxın zamanda bu boşluğun doldurulacağını dedi. Doğrudan da bir neçə gündən sonra Naxçıvan Muxtar Respublikasının mədəniyyət turizm naziri teatrımıza telefon açaraq bizi qastrola dəvət etdi repertuarımızda olan tamaşalar barədə məlumatları onlara göndərməyimizi rica elədi. Nəhayət, cavab gəldi ki, "Zvezda, lyubov i şampanskoye" ("Ulduz, məhəbbət şampan şərabı") tamaşasını öz səhnələrində görmək istəyirlər. Tamaşanın kifayət qədər mürəkkəb dekorasiyaları var, buna görə əvvəlcə Naxçıvandan göndərilmiş xüsusi maşın onları C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına çatdırandan sonra səhnədə quraşdırıldı. Deməliyəm ki, Naxçıvanda qarşılanma mərasimindən başlamış Bakıya qayıdana qədər ən yüksək səviyyədə olan münasibət gördük. Mən bunu təkcə ona görə demirəm ki, Vasif Talıbov başda olmaqla mədəniyyət turizm naziri Sarvan İbrahimov, onun müavini Məmməd Həsənov, teatrın direktoru Kamran Quliyevlə görüşlərimiz baş tutdu, "Şərq qapısı" qəzetinin redaktoru Rabil Kətanovun təşəbbüsü ilə bu mətbu orqanına müsahibə verdim, bunlar öz yerində. Amma bizi yaxşı mənada həyəcanlandıran məqam o idi ki, istər rəsmi görüşlər zamanı, istərsə bircə gün davam edən qastrol səfəri ərzində tamaşaçıların səhnədə baş verənlərə, bizə münasibəti yalnız yalnız səmimilik üzərində köklənmişdi. Bunu müşahidə etmək son dərəcə xoş idi".

V.Reznikova: "Aleksandr Yakovleviç səhnə arxasında olurdu, mən isə zalda. Ona görə nəinki tamaşaçıların üzündəki ifadəni görürdüm, həmçinin tamaşanın ayrı-ayrı səhnələri barədəki fikirlərini eşidirdim. Doğrudur, zalda azərbaycandillilər rusdillilərdən çox idi. Amma buna baxmayaraq tamaşaçıların bütün reaksiyaları yerli-yerində idi, rejissor bu ya digər səhnədə hansı reaksiyanın ola biləcəyini nəzərdə tutmuşdusa, hamısı dəqiqliklə baş verirdi".

A.Şarovski: "Bundan əvvəl sonuncu dəfə 23 il əvvəl Naxçıvanda qastrolda olmuşuq. O zaman "Şeyx Sənan" tamaşasını aparmışdıq, mən baş rolu ifa edirdim. Budəfəki səfərimiz ərzində bizi Naxçıvanın bütün görməli, müqəddəs yerlərinə ekskursiyaya apardılar. Deməliyəm ki, hər yerdə səliqə-sahman işgüzarlıqla rastlaşdıq. Hüseyn Cavidin ev-muzeyini ziyarət etdik. Cavid mənim ən sevimli müəlliflərimdəndir. Muzeyin eksponatları arasında 23 il öncəki qastrolumuzun təəssüratlarını əks etdirən fotoşəkillər məni lap təsirləndirdi. Bir sözlə, Naxçıvan səfərimiz növbətçi səfər kimi yaşanmadı. Biz orda teatra, aktyorlara həqiqi maraq gördük. Bizim üçün belə görüşlər, tamaşaçıların səhnəyə diqqət kəsilməsi çox vacibdir. Axı qastrol səfərləri teatrın həyatını dolğunlaşdıran amillərdəndir".

Rus Dram Teatrı Naxçıvan teatralları ilə görüşə 17 nəfərlik heyətlə yollanmışdı. Daha öncə "Azdrama"da səhnəyə qoyulan Elçinin "Qatil" əsərinin əsasında A.Şarovskinin hazırladığı "Zvezda, lyubov i şampanskoye" tamaşasında (hər iki teatrın quruluşunu qəzetimiz vasitəsilə ayrı-ayrılıqda müfəssəl analiz etmişik - S.B.) Rita Əmirbəyova, Səfa Mirzəhəsənov, Naina İbrahimova, Ömür Nağıyev teatrın digər aktyorları iştirak edirlər. Quruluşçu rejissorun dediyi kimi, paytaxt əyalət tamaşaçısı arasında fərq qoyulmadan ən anlaşıqlı, gözəl dil olan incəsənət dilinin təzahürü kimi təqdim edilən bu əsərin canlı reaksiya doğurması isə qətiyyən təəccüblü deyil. Elçinin bu pyesi ilə tanış olanlar bunu yaxşı anlayırlar.

 

Həftə içi.- 2008.- 15 -17 noyabr.- S. 8.